TEAS-dan Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı BƏYANAT

TEAS-dan Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı   BƏYANAT

Avropa Azərbaycan Cəmiyyəti (TEAS) Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağdakı silahlı qüvvələr tərəfindən saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyev barəsində "məhkəmə hökmü"nün çıxarılmasının bir illiyi ilə bağlı bəyanat yayıb.

Aktual.az-ın APA-ya istinadən məlumatına görə, təşkilat həbsin davam etməsini Azərbaycan və Ermənistan arasında aparılan sülh prosesinə xələl gətirmək üçün təxribatçı addım kimi qiymətləndirib. “Dini inancından asılı olmayaraq, bütün dünya əhalisinin ailə və dostları ilə birlikdə bayram günündə bir araya gəldiyi bir vaxtda hazırda ümidsizlik və ağrı içərisində olan iki insanın və onların ailələrinin taleyi barədə xatırlamağa dəyər. Dekabrın 29-da bütün azərbaycanlılar, həmçinin insan haqlarına və beynəlxalq hüququn aliliyinə inanan hər kəs ata-babalarının məzarlarını ziyarət etmək üçün öz vətənlərinə gedən iki şəxsin Dağlıq Qarabağdakı rejimin təşkil etdiyi məhkəmə tərəfindən 22 il müddətində azadlıqdan məhrum edilməsini xatırlayır.
2014-cü ilin iyununda Dilqəm Əsgərov və Şahbaz Quliyev 20 ildən artıq Ermənistan işğalı altında olan Azərbaycanın Kəlbəcər şəhərində daha əvvəl də olduğu kimi yaxınlarının məzarlarını ziyarət ediblər. 38 yaşlı digər yoldaşları Həsən Həsənovla birlikdə Kəlbəcərə gedərkən onlar Ermənistan Silahlı Qüvvələri tərəfindən saxlanılıblar. Həsən öldürülüb. Dilqəm və Şahbaz isə girov götürülüb. Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə aparılan 3 həftəlik danışıqlardan sonra Həsənin cənazəsi basdırılması üçün ailəsinə verilib. BQXK Dilqəm Əsgərov və Şahbaz Quliyevin saxlanma şəraiti və sağlamlığı barədə də monitorinq aparmaqda davam edir. ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Viktoriya Nuland bu şəxslərin tez bir zamanda azad olunmasının vacibliyini bildirib. Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsiFederika Mogerini də onların sivil vətəndaşlar olduğunu nəzərə alaraq saxlanmalarını qanunsuz akt kimi qiymətləndirib. TEAS hesab edir ki, bu şəxslərin həbsi, məhkəməsi və azadlıqdan məhrum edilmələri beynəlxalq hüquq konsepsiyasının pozulmasıdır və onların yaşadığı əzablar uzun müddət davam edən və beynəlxalq ictimaiyyətin unutduğu və ya görməzdən gəldiyi münaqişənin üzünü göstərir.

Ermənistan 20 ildən artıqdır, Azərbaycan 20 faiz torpaqlarını işğal altında saxlayır. BMT Təhlükəsizlik Şurasının işğal əleyhinə qəbul etdiyi 4 qətnaməsinə baxmayaraq həbs bu gün də davam edir. İşğalçı Ermənistan silahlı qüvvələrinin azərbaycanlıları öz vətənlərində girov saxlamaq qərarı Ermənistanın təxribatçı mövqeyinin davam etdiyini göstərir”.

Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət edərkən Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülüblər. Digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti alınaraq Bakıda dəfn edilib. Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qondarma “məhkəmə” prosesi oktyabrın 27-də başlayıb. Ötən il dekabrın 29-da qanunsuz “məhkəmə” hökm çıxarıb. D. Əsgərov ömürlük həbs, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunub.

Xəbər 582 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR