Qarabağ Regional Təhsil İdarəsində baş verənlərlə bağlı səslənən iddialar artıq adi narazılıq həddini keçib. Müəllimlərin və təhsil işçilərinin iddiaları, kadr məsələləri, əmək münasibətləri və satınalmalar ciddi araşdırma tələb edir.
Aktual.az xəbər verir ki, bu barədə Tendensiya.com-a danışan və Sənan Mənsimlini yaxından tanıyan mənbənin sözlərinə görə, məktəblərdə texniki işçilərin, kitabxanaçıların, laborantların və digər əməkdaşların işə qəbulunda idarə rəhbərliyinin razılığı mühüm rol oynayır. Mənbə müəllimlərin müqavilələrinin uzadılması ilə bağlı da qeyri-rəsmi müdaxilələrdən danışır və bu proseslərdə pul tələb edildiyini iddia edir.
İdarənin fəaliyyəti ilə bağlı açıq mənbələrdə də diqqətçəkən faktlar var.
2025-ci ildə Xankəndi şəhər 4 nömrəli məktəbdə müəllimin elektron əmr olmadan işə başladığı və altı ay əməkhaqqı aldığı müəyyənləşib. Məsələ ilə bağlı məktəb direktorunun müavininə 3 min manat cərimə tətbiq edilsə də, məhkəmə sonradan bu cəriməni ləğv edib.
2026-cı ilin iyununda isə Qarabağ Regional Təhsil İdarəsinin fiziki şəxs Sadıqov Hidayət Məcid oğlu ilə 16 min manatlıq bina icarəsi müqaviləsi bağladığı, satınalmanın birmənbə metodu ilə həyata keçirildiyi barədə məlumat yayılıb.
Birmənbəli satınalma öz-özlüyündə qanunsuzluq deyil. Amma dövlət qurumunun belə müqaviləni hansı əsasla bağladığı və qiymətin necə müəyyənləşdirildiyi izaha ehtiyac yaradır.
Sənan Mənsimlinin təhsil sistemində sürətli yüksəlişi də ayrıca suallar doğurur.
Mənsimli Azərbaycan Texnologiya Universitetində "Telekommunikasiya, rabitə qovşaqları və kommunikasiya sistemləri” ixtisası üzrə təhsil alıb. Bu ixtisasa isə minimal keçid balı ilə daxil olmaq mümkündür. Daha sonra 13 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinə rəhbərlik edib, 2022-ci ildə Şirvan-Salyan Regional Təhsil İdarəsinin, 30 oktyabr 2024-cü ildə isə Qarabağ Regional Təhsil İdarəsinin rəhbəri təyin olunub.
Tendensiya.com-a danışan və Mənsimlini yaxından tanıdığını bildirən mənbənin sözlərinə görə, onun Elm və təhsil naziri Emin Əmrullayevlə tanışlığı Biləsuvarla bağlı bir səfər zamanı başlayıb.
Mənbənin iddiasına görə, həmin vaxt Mənsimlinin əmisi Kamil müəllim Biləsuvar Rayon İcra Hakimiyyətində çalışıb. Emin Əmrullayev Biləsuvara səfər edərkən Mənsimli ona bələdçilik edib. Bundan sonra aralarında yaxın münasibət yaranıb və Mənsimli sonrakı mərhələdə təhsil sistemində vəzifələrə gətirilib.
Mənbə bunu belə izah edir: "Özü münasibət yaradıb. Sonra dostlaşıblar, qonaq aparıb. Həmin vaxtdan bunu çəkib irəli”.
Sabiq deputat Etibar Əliyev də onun təyinatını kəskin tənqid edib və Mənsimlinin Emin Əmrullayevlə yaxın münasibətlərinin rol oynadığını iddia edib.
Burada əsas sual sadədir: Mənsimli hansı peşəkar meyarlarla bu vəzifələrə gətirilib?
Əgər Qarabağ Regional Təhsil İdarəsində rüşvət və korrupsiya barədə səslənən iddialar əsassızdırsa, hərtərəfli yoxlama bunu ortaya qoymalıdır.
Əksinə, əgər iddiaların arxasında real mexanizm varsa, kadr təyinatlarından tutmuş müqavilələrə, satınalmalara və pul dövriyyəsinə qədər hər şey araşdırılmalıdır.
Məsələ o həddə çatıb ki, artıq "idarədə hər şey qaydasındadır” tipli ümumi açıqlama kifayət etmir.
İdarədə tam maliyyə və kadr yoxlaması keçirilməlidir.
Əgər hər hansı vəzifəli şəxsin cinayət məsuliyyətinə səbəb ola biləcək əməli müəyyənləşərsə, həmin şəxs vəzifəsindən və əlaqələrindən asılı olmayaraq qanun qarşısında cavab verməlidir. Bu halda heç bir dostluq münasibəti, o cümlədən nazirlə yaxınlıq barədə iddialar heç kimi məsuliyyətdən kənarda saxlaya bilməz.
Çünki söhbət 357 məktəbdən, 18 mindən çox müəllimdən və 84 mindən artıq şagirddən gedir.
Qarabağ təhsil sistemi şəxsi münasibətlərin deyil, qanunun və peşəkarlığın üzərində qurulmalıdır.
İndi əsas sual budur: Qarabağ Regional Təhsil İdarəsində hərtərəfli yoxlama nə vaxt keçiriləcək?
Orxan Məmmədov
Xəbər 42 dəfə oxunub.