Mingəçevirli QHT sədri Leyla Əliyevaya müraciət etdi: KÜR ÇAYINI BİRLİKDƏ XİLAS EDƏK (MƏTN)

Mingəçevirli QHT sədri Leyla Əliyevaya müraciət etdi: KÜR ÇAYINI BİRLİKDƏ XİLAS EDƏK (MƏTN)

Aktual.az xəbər verir ki, Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri, internet-media ekspert Səbuhi Abbasov Heydər Əliyev Fondunun vitse-prezidenti, Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq ictimai birliyinin (IDEA)təsisçisi və sədri Leyla Əliyevaya müraciət edib. Müraciət mətnini olduğu kimi təqdim edirik:

Heydər Əliyev Fondunun vitse-prezidenti,

Ətraf mühitin mühafizəsi naminə beynəlxalq

dialoq ictimai birliyinin (IDEA) təsisçisi və sədri Leyla Əliyevaya

Mingəçevirli gənc, Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri

Səbuhi Mübariz oğlu Abbasov tərəfindən

MÜRACİƏT

Hörmətli Leyla xanım!

Mən, Abbasov Səbuhi Mübariz oğlu 1985-ci ildə Mingəçevirdə şəhərində anadan olmuşam. Özümü dərk edəndən bu şəhəri dünyanın ən gözəl şəhəri bilmişəm, indi də fikrimdə qalıram. Hələ Sovetlər dönəmində öz yaşıllığı, təmizliyi, səliqəliyi, çimərliyi, fauna və florasına görə şəhərimiz hər zaman seçilib, fərqlənib. Cənubi Qafqazın ən böyük çayı olan Kür isə şəhərə tamam fərqli, pozitiv rəng qatıb. Müstəqillik əldə etdikdən sonra isə Ulu Öndər Heydər Əliyev bu şəhərə böyük diqqət, qayğı göstərib. Bu gün isə Prezident, Ali Baş Komandan İlham Əliyev bu diqqəti davam etdirir, şəhərin sosial-iqtisadi infrastrukturunun yenilənməsi ilə bağlı son 5 ildə bir necə sərəncam imzalayıb, tapşırıqlar verib.

Amma və lakin problemimiz var, dəyərli Leyla xanım!

Sovetlər dönəmində fəaliyyət göstərən bir sıra zavod və fabriklər müstəqillik dönəmində öz fəaliyyətlərini dayandırdıqlarına görə şəhərdə ciddi işsizlik problemi yarandı, əl-əxsus da gənclər arasında. Şəhər gəncliyinin böyük bir qismi günlərinin böyük bir qismini çayxanalarda keçirirlər, iş üçün Türkiyəyə, çay plantasiyalarına cuzi əmək haqqı müqavilində gedirlər, bir qismi isə Rusiyada çalışır. Şəhərdə qalanlar isə olduqca kasıbdırlar, sosial qayğılar içində "boğulurlar”. Regionun ən böyük SES və İES-i burada yerləşməsinə baxmayaraq əhali işıqpulunu kartla ödəyir, regionun ən böyük çayı, su anbarı burada olsa da, əhali su pulunu kartla ödəyir. Hələ bu ödəniş mexanizminin əhaliyə necə zülmlə başa gəldiyini demirəm. Oysa dünyada bu kimi iri stansiyaların yerləşdiyi şəhərlərdə əhali üçün müəyyən güzəştlərin olduğunu hər biriniz gözəl bilirik.

Digər problem isə şəhərin ilbəil deqredasiyaya məruz qalması ilə bağlıdır. Cənubi Qafqazın ən böyük çayının böyük hissəsi burada olsa da şəhər susuzluqdan əziyyət çəkir. Onlarla ağac susuzluqdan quruyur, parkları, bağları insanlar qablarda su daşımaqla sulayırlar. Şəhərin yaşıllıq sıx olan ərazilərində ağaclar kütləvi şəkildə kəsilir, parklar zəbt olunur, ən əsası isə Kür çayı ekoloji fəlakətlə üz-üzə qalıbdır.

Hörmətli Leyla xanım!

Təsəvvür edin Mingəçevir şəhərinin ən strateji hissəsi, Kür çayının avarçəkmə üzrə Beynəlxalq "Prezident Kuboku” reqatası keçirlən yer "DEKA” şirkətinə satılıb. Əlavə etdiyim video və fotolarda Kür çayının zəbt olunması aydın görünür.

·Əvvəla bu çayın son "dayanacağı” strateji obyekt olan SES-in anbarıdır.

·İkincisi kür çayı öz canlı nemətləri ilə hər zaman fərqlənib, bu və bu kimi tikintilər, zəbtlər çayın onsuz da məhv edilməkdə olan faunasına öldürücü zərbə vurur.

·Üçüncüsü Kür çayının böyük bir hissəsini zəbt edib şadlıq sarayı tikmək niyyəti çaydakı gəmilərin hərəkətinə, insanların, turislərin şəhərdə istirahətinə böyük maneə yaradır.

Çayın başqa bir hissəsi isə, təxminən 200 ha ərazisi "AZ-CAVİAR" MMC-yə icarəyə verilib. Bu MMC faktiki olaraq çayın faunasını vəhşicəsinə məhv edir, çaya tonlarla müxtəlif kimyəvi maddələr atır. Ölkə əhalisinin böyük bir hissəsinin içməli suya olan tələbatını ödəyən Kür çayı sözün hər mənasında "boğulur”, imdad diləyir bizdən. İcra Hakimiyyəti, Ekologiya nazirliyi və digər aidiyyatı qurumlar isə bu prosesin qarşısında sadəcə acizdirlər, müəyyən iyrənc maraqlara görə susurlar.

Əziz Leyla xanım!

Mən 2004-cü ildən jurnalistikadayam, 2006-cı ildən isə Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədriyəm. AMOR yarananda Azərbaycanda ilk təbliğatını quranlardan biriyəm. Mingəçevir şəhərində doğulub, boya-başa çatan bir gənc kimi bu fəlakətə göz yuma bilmərəm. Mən tək öz adımdan deyil, yüzlərlə Mingəçevir sakini adından Sizə müraciət edirəm. Hər bir mingəçevirli üçün bu şəhər Keyp Taun, Venesiya, Sidney, Rio De Janeyro, Antalya, Batumi, Melburn, Boston və digər şəhərlərdən daha gözəl və daha geniş imkanlara malikdir. Etiraf edirəm ki, bu günə qədər şəhərin imkanlarını uğurla tətbiq etməyi bacaran icra başçısı hələ ki, olmayıb. İlham Əliyev hər bir azərbaycanlının prezidentidir, eyni zamanda, hər bir şəhərə, hər bir rayona eyni gözlə baxır, eyni diqqəti, qayğını göstərir. Sadəcə bu diqqəti, qayğını şəhərdə uğurla tətbiq etmək lazımdır, vəssalam. Siz İDEA təşkilatının qurucusu və rəhbəri olaraq tək Azərbaycanda deyil, dünyanın bir çox yerlərində ekoloji layihələr, proqramlar həyata keçirirsiniz. Sizdən tək ricam odur ki, gəlin birlikdə Mingəçeviri ekoloji terrordan, böhrandan xilas edək, şəhərimizi dünyaya təqdim edək, turizm mərkəzinə çevirək.

Hörmətlər,

Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri,

İnternet-media ekspert,

Səbuhi ABBASOV

Bakı şəhəri

07 avqust 2019-cu il

Xəbər 916 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR