"Döyüş adamı" - İbrahim Rüstəmli yazır


Peşəkar fotoqraf Əli QAFAROV - cəbhə ilə bağlı günlərimin canlı şahidi, xatirələrimin həmmüəllifi...

İndi o günlərdən qalan 5-6 solğun səngər şəklimə görə ancaq bu təvazökar və səmimi insana borcluyam. Məni həmişə məndən xəbərsiz çəkib çünki.

...Yaradıcı adamlar kimi ayrı-ayrılıqda zəif, gücsüz və tənha olduğumuzu elə ilk görüşümüzdən anladıq. Hiss və həyacanımızın, arzu və istəyimizin dolğun ifadəsini Siam ekizləri kimi səngərdə, döyüşçü qardaşlarımızla bir arada olanda tapdıq.
Bəlkə başqa vaxt utanardım, təvazökarlığın yersiz diqtəsi altında ağzıma su alardım. Amma indi bu sözü dilimə gətirməyə çətinlik çəkmirəm: o mənə yaratdığı möhtəşəm sənət tablolarının davamı kimi baxırdı. O tabloların görünməyən tərəflərinə ayna tutmaq, gizli şifrələrini açmaq əsl sənət sınağı idi. Bir əli üstümdə olmasaydı, çiynimdəki yükün ağırlığına tab gətirməzdim: Ustad xeyir-duası, ustad halallığı qələmimdən çıxan hər sözə, hər cümləyə yiyə durardı; hər sözə, hər cümləyə nəfəs verərdi...

Bax beləcə bir-birimizi heç vaxt tək buraxmazdıq. Çiyin-çiyinə söykəyib cəbhəyə yollanardıq. Vəhdətimiz İlahidən gələn təbii və kövrək məqamlara söykənərdi: MƏN ONUN DÖYÜNƏN ÜRƏYİ, O MƏNİM GÖRƏN GÖZÜM İDİ. 
Birliyimizə Vətən sevgisi, səmimiyyət və təmənnasız qardaşlıq duyğusu stimul verərdi. Bu yolda hər ikimiz ölməyə hazır idik, amma yaşamaq həvəsimiz yurdun dərdinə, ağrı-acısına şərik çıxmaq kimi ali insanlıq hissilə qorunardı.

Onun hər şəkli mənim bir yazım, mənim hər yazım onun bir şəkli idi...

O şəkillərdən, o yazılardan bizə qalan əsl həqiqətin adını çəkmək indi dünyanın ən böyük zülmü, ən dözülməz əzabıdı məndən ötrü: Əli Qafarovun gözündən heç nə yayınmazdı! Səngər torpağına qarışıb düşmən mövqelərini obyektivin hədəfinə çevirmək, yaddaşına köçürmək idi ən sevimli işi. Təsəvvüründəki bütövlüyü, arzularındakı idealı parçalanmağa, kiçilməyə qoymazdı Əli Qafarov. Yad tapdağı altında inləyən yurd yerlərimizi sənətinin gücü ilə yenidən geriyə qaytarardı, yenidən Vətən torpağına qatardı.

Yaddaş insanın ən ağır yükü, ən böyük əzabıdı. Keçmişin irili-xırdalı həqiqətləri bizi gələcəyə qovuşduran zamandan heç vaxt geri qalmır. Yaşanmış günlər dağdan ağır yükümüzü bu günümüzə daşıyan dəvə karvanıdı. Ömrümüzün tablosu xurcunumuzdan çıxanlarla çəkilir. Əli Qafarovun obrazı sevgi dolu, inam dolu ümidlərin, arzuların, idealların şəklidi; Əli Qafarovun obrazı BÜTÖV VƏTƏNDİ...

Əli Qafarovun həyat səhnəsində məğlubiyyətin rəsmi yoxdu. Çünki həmişə öndə olardı; çünki çiynini Azərbaycan əsgərinin ruhuna söykəyərdi həmişə...

Əli Qafarovun obrazı həm də bizim gəncliyimizin, bizim cavanlığımızın bu dünyadakı ən ideal nişanəsidi. Öz kölgəsini həmişə arxasınca gəzdirən qocaman nişanəsi...

Ancaq bütün bunlar mənim bu böyük İNSAN qarşısında minnətdarlıq hissilə deyə biləcəklərimin ən sonda gələni və bəlkə də heç kimə lazım olmayan etiraflarımdı. Çünki Əli Qafarov Birinci Qarabağ savaşının ən dəhşətli anlarına müəlliflik etmiş danılmaz Baş Qəhrəmanlarımızın QƏHRƏMANIDI. Onları unutmağa, yaddan çıxmağa qoymayan, bu yolda amansızcasına özünü qurban verən və asta-asta unudulan, yaddan çıxan QƏHRƏMANI...

Hər fürsətdə haqqına girdik. İmzasına göz yumduq. Müəllifi olduğu saysız-hesabsız müharibə şəkillərini adını çəkmədən öz malımız kimi geninə-boluna paylaşdıq. Ancaq bir dəfə də səsini qaldırmadı. Etiraz etmədi. Çünki Əli Qafarov əhval-ruhiyyə adamı deyil!

Əli Qafarov RUH adamıdı! Döyüş ruhunun, QƏLƏBƏ ruhunun adamı. O bu ruhla savaş meydanından gözlərinin kökü saralanadək çəkilmədi. Gözlərinin kökü saralanadək öz qəhrəmanlarını yalqız buraxmadı. Onların yanında oldu...

Bəs bu gün Əli Qafarovun yanında kim var? Kürəyinə xəncər saplayan həkimdən başqa: "Ağacın kökü necə quruyarsa, sənin də gözlərinin kökü eləcə quruyub!”

Bunu da mənə gülə-gülə dedi Əli Qafarov, gülə-gülə: "Hər şey bitdi, İbrahim, hər şey...”
Razılaşmadım: "Yox, Qoca, hələ heç nə bitməyib. Mən sənin döyünən ürəyin, sən mənim görən gözümsən! Məni görməyə bilməzsən...”
Başını çiynimə söykədi. Doluxsunmuş gözlərini məchul bir nöqtəyə zilləyib yenə də güldü: "Hə, düz deyirsən. Bu gecə səni yuxuda görmüşəm...”

 


Doğum günün mübarək, USTAD!

 


 

 

 


Aktual.az


Xəbər 2537 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR