"Apple" Rusiyanın ən populyar sosial media platformalarından biri olan "VKontakte" (VK) və şirkətə məxsus bir sıra tətbiqləri "App Store" mağazasından çıxarıb.
Aktual.az-ın məlumatına görə, VK şirkətinin yaydığı yazılı açıqlamada bildirilib ki, "Apple" əvvəlcədən heç bir xəbərdarlıq etmədən şirkətə aid bəzi tətbiqləri birtərəfli qaydada "App Store"dan silib.
Açıqlamaya əsasən, "VK, Zen", "VK Video", "VK Messenger", "VK Music", "VK Dating" və "Odnoklassniki" tətbiqlərini "Apple" cihazlarına yükləmək və yeniləmək artıq mümkün deyil.
Şirkət vurğulayıb ki, VK heç bir sanksiya siyahısında yer almır. Buna baxmayaraq, "Apple"ın qəbul etdiyi qərar Rusiyada milyonlarla istifadəçinin geniş yararlandığı xidmətlərə çıxışı məhdudlaşdırır.
Bildirilib ki, tətbiqlərin yenilənə bilməməsi istifadəçilərin mesajları və mühüm hadisələrlə bağlı ani bildirişləri qəbul etməsində problemlər yarada bilər.
VK açıqlamasında qeyd edib: " "Apple"ın Rusiya istifadəçilərinə qarşı atdığı bu addımları əsassız və qəbuledilməz hesab edirik”.
Qeyd edək ki, "Apple" daha əvvəl də Rusiyaya məxsus çoxsaylı tətbiqləri "App Store" platformasından çıxarmışdı. Rusiya isə öz növbəsində ölkə ərazisində "Facebook", "Instagram", "YouTube" və "X" kimi platformalara çıxışa məhdudiyyətlər tətbiq etmişdi. (manset.az)
Xəbər 65 dəfə oxunub.