“Hamısı “ağsaqqal” olub, məsləhət vermək sevdasına düşüblər” - Elşən Musayev

“Hamısı “ağsaqqal” olub, məsləhət vermək sevdasına düşüblər” - Elşən Musayev

Çox qəribə bir durum var: Azərbaycan müharibədə öz gücü ilə qələbə qazanandan, bütün düşmənləri yerində oturdandan, bölgədə de - fakto sabitliyi təmin edəndən sonra kənar qüvvələrin bir çoxu qəfildən “sülhpərvər”, “insanpərvər”, “dəyərpərvər” olublar. ATƏT-in eks-Minsk Qrupunun (oxu: travel bloqerlərin) vaxtı keçmiş bəyanatlarını, gecikmiş narahatlıqlarını, makronkimilərin sayıqlamalarını və həmin sayıqlamalar içindəki hallüsinasiyalarını müşahidə etdikdən sonra isə adamın bir anlıq lap kövrəlməyi, heyrətlənməyi, həsəd aparmağı gəlir. Danışdıqlarına, deyil, artistliklərinə! Məhz artistliklərinə! “Oskar” alası adamlardır. Əksəriyyəti. Mübaliğəsiz - filansız. İnanın. Tam ciddi deyirəm. Çünki, ha beynəlxalq təşkilatların böyük qismi olsun, ha dünyanın fövqəldövlətləri, ha BMT-nin daimi üzvləri - heç fərq etməz: Hamısı 30 il boyunca yaxasını geri çəkdi, fil qulağında yatdı, 1 milyon qaçqının taleyinə biganə qaldı, meydanda bizi (haqlı olmağımıza rəğmən!) təkbaşına buraxdı. Və indi, buyurun, hamısı “ağıllı” çıxıb, “ağsaqqal” obrazına girib, məsləhət vermək sevdasına düşüb. Gözlənilən idimi? Əlbət. Şəkk - şübhəsiz. Hər halda deyəsi, etiraf edəsi deyildilər ki, bəli, işbazıq, yarıtmazıq, səhlənkarıq, yalançıyıq. Deyəsi deyildilər və demədilər. Fəqət, bu arada, özlərini ifşa və biabır etmək üçün çox gözəl şərait yaratdılar. Ona görə, indi ortalıqda çapalaya - çapalaya, vurnuxa - vurnuxa qalıblar. Nə Kasprşikə iş tapa bilirlər, nə də Xankəndidə villa kirayələyə. Nə hər kvartalda (köhnə dövrlərdəki kimi) pulsuz kabab yemək mümkündür, nə də agentura şəbəkəsi ilə ortalığı qarışdırmaq. Nə stajlı radikallar işə yarıyır, nə səviyyəsiz “söyüş müxalifəti”. Nə Niderlandın, Belçikanın gülməşəkər deputatlarının vaxtaşırı “üsyanlar”ı köməyə çatır, nə də Avropa Parlamentinin düşük qətnamələri. 44 günlük müharibə ilə yırtmışıq, bütün saxta maskaları... *** Ey gidi dünya! Gör, hardan - hara gəldin. Gör, özünü nə kökə saldın. Gör, nə duruma düşdün ki; O boyda Napaleonun taxtı və qılıncı Makronun, Beynəlxalq hüququn taleyi (öz qətnamələrini icra etdirə bilməyən) BMT- nin, Demokratiyanın təbliği krallıq və monarxiya ölkələrinin ümidinə qaldı... Deputat, Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev
Xəbər 79 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR