Fövqəladə Hallar Nazirliyi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə müsabiqə keçirib.
Nazirlikdən
Aktual.az-a verilən xəbərə görə, mayın 7-də Dövlət Yanğından Mühafizə Xidməti (DYMX) və FHN işçilərinin Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə DYMX-nin hissələri arasında təşkil edilmiş tədbirdə fövqəladə hallar nazirinin müavini daxili xidmət general-mayoru Yusif Nəbiyev, DYMX-nin rəisi daxili xidmət general-mayoru Asif Məmmədli və FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov iştirak ediblər.
Müsabiqənin keçirilməsində məqsəd əməkdaşların döyüş və taktiki hazırlıq səviyyəsinin daha da artırılması, peşə vərdişlərinin təkmilləşdirilməsindən ibarət olub.
DYMX-nin Xidmətin təşkili və peşə hazırlığı şöbəsinin əməkdaşlarının hakimlik etdiyi və gərgin mübarizə şəraitində keçən final müsabiqəsinin nəticələrinə əsasən, Binəqədi rayon Dövlət Yanğından Mühafizə Hissəsi "Ən yaxşı manqa” baxış-müsabiqəsində 1-ci yeri tutub. 2-ci və 3-cü yerləri isə müvafiq olaraq Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə İdarəsi və Hacıqabul rayon Dövlət Yanğından Mühafizə Hissəsi bölüşüb.
Dövlət Himninin səslənməsi ilə başlayan final müsabiqəsinin mükafatlandırma mərasimində əvvəlcə Ümummilli Lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edillib.
Tədbirdə çıxış edənlər Ulu Öndərin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən danışıblar.
Sonra qaliblərə diplom, kubok və qiymətli hədiyyələr təqdim edilib. Mükafatlandırılma mərasimi bədii hissə ilə davam etdirilib.
Xəbər 52 dəfə oxunub.