Ermənistan Milli Assambleyasının sədri Ruben Rubinyan Azərbaycanınla sülhün hələ tam və geri dönməz xarakter almadığını ölkəsinin təhlükəsizliyi üçün əsas risklərdən biri adlandırıb.
Aktual.az xəbər verir ki, o, bunu parlamentdə "Hayastan" fraksiyasının deputatı Kristine Vardanyanın Ermənistan üçün təhlükə mənbələri ilə bağlı sualını cavablandırarkən deyib.
Rubinyanın sözlərinə görə, Ermənistan üçün əsas təhlükələrdən biri Azərbaycanla sülhün tam institusional xarakter almamasıdır.
"Azərbaycanla sülh var, lakin bu sülh hələ geri dönməz və tam institusionallaşmış deyil. Başqa sözlə, Azərbaycanla tam sülhün olmaması Ermənistan Respublikasının təhlükəsizliyi üçün ciddi təhdiddir", – o bildirib.
Spiker əlavə edib ki, Türkiyə ilə sərhədin bağlı qalması və iki ölkə arasında diplomatik münasibətlərin olmaması da Ermənistan üçün iqtisadi və diplomatik risklər yaradır.
Rubinyan, həmçinin Ermənistanın iqtisadi əlaqələrinin, təhlükəsizlik sahəsində əməkdaşlığının, enerji mənbələrinin və tranzit marşrutlarının kifayət qədər şaxələndirilməməsini də potensial təhlükələr sırasında göstərib.
Onun sözlərinə görə, hökumətin məqsədi mövcud riskləri aradan qaldırmaqdır.
"Biz bu təhlükələri görürük və onları aradan qaldırmaq və ya neytrallaşdırmaq istəyirik. Azərbaycanla sülhü geri dönməz və institusional xarakter daşıyan sülhə çevirmək niyyətindəyik", – Rubinyan vurğulayıb.
O, Türkiyə ilə münasibətlərə toxunaraq bildirib ki, Ermənistan sərhədlərin açılması və münasibətlərin normallaşdırılması üçün danışıqları davam etdirir.
Rubinyan çıxışında Rusiyanın Ermənistan məhsullarının idxalına tətbiq etdiyi məhdudiyyətləri də tənqid edərək, bunu ölkəyə iqtisadi təzyiq nümunəsi kimi qiymətləndirib (modern.az)
Xəbər 61 dəfə oxunub.