Futbol üzrə dünya çempionatı təkcə komandalar və fərdi rekordlarla deyil, həm də nəsillər arasında davam edən ənənələrlə yadda qalır.
Aktual.az Teleqraf-a istinadla xəbər verir ki, mundial tarixində bir sıra futbolçular həm özləri, həm də övladları vasitəsilə bu mötəbər turnirdə təmsil olunaraq adlarını futbol salnaməsinə yazdırıblar.
Müxtəlif dövrlərdə çıxış edən ata-oğul cütlükləri dünya çempionatının ən maraqlı ailə hekayələri sırasında yer alır.
İtaliya futbolunun tanınmış simalarından olan Çezare Maldini 1962-ci il dünya çempionatında iştirak edib. Onun oğlu Paolo Maldini isə 1990, 1994, 1998 və 2002-ci illərdə İtaliya millisinin heyətində mundial həyəcanı yaşayıb.

Uruqvay millisinin sabiq futbolçusu Pablo Forlan 1966 və 1974-cü il dünya çempionatlarında çıxış edib. Oğlu Dieqo Forlan isə 2002, 2010 və 2014-cü illərdə ölkəsinin formasını geyinib.

Belçikalı Yan Verheyen 1970-ci il mundialında iştirak edib. Onun oğlu Gert Verheyen isə 1998 və 2002-ci il dünya çempionatlarında Belçika millisinin üzvü olub.

Uruqvay futbolunun tanınmış nümayəndələrindən Xulio Montero Kastilyo 1970 və 1974-cü illərdə dünya çempionatlarında çıxış edib. Oğlu Paolo Montero isə 2002-ci ildə mundial iştirakçısı olub.

İsveç millisinin sabiq futbolçusu Roy Andersson 1978-ci il dünya çempionatında yer alıb. Onun oğlu Patrik Andersson 1994 və 2002-ci illərdə, digər oğlu Daniel Andersson isə 2002 və 2006-cı illərdə İsveç millisinin heyətində mundialda çıxış edib.

1978-ci ildə İsveç millisinin formasını geyinən Anders Linderot oğlu Tobias Linderot da atasının yolunu davam etdirərək 2002 və 2006-cı il dünya çempionatlarında iştirak edib.

İspaniya millisinin keçmiş futbolçusu Migel Anxel Alonso 1982-ci il mundialında çıxış edib. Oğlu Xabi Alonso isə 2006, 2010 və 2014-cü illərdə dünya çempionatlarında iştirak edib və 2010-cu ildə çempionluq sevinci yaşayıb.

Çexoslovakiya millisinin sabiq üzvü Yan Kozak 1982-ci il dünya çempionatında çıxış edib. Eyni adlı oğlu isə 2010-cu ildə Slovakiya millisinin heyətində mundialda iştirak edib.

Polşa millisinin keçmiş futbolçusu Vladzimyej Smolyarek 1982 və 1986-cı il dünya çempionatlarında forma geyinib. Oğlu Euzebiuş Smolyarek isə 2006-cı ildə Polşa millisinin heyətində mundial təcrübəsi yaşayıb.

Cənubi Koreya futbolunun əfsanəvi simalarından olan Ça Bom-kun 1986-cı il dünya çempionatında iştirak edib. Onun oğlu Ça Du-ri isə 2002 və 2010-cu illərdə ölkəsini mundialda təmsil edib.

Vladimir Vays 1990-cı ildə Çexoslovakiya millisinin heyətində dünya çempionatında çıxış edib. Oğlu Vladimir Vays isə 2010-cu ildə Slovakiya millisinin formasını geyinib.

Kosta-Rika millisinin sabiq futbolçusu Aleksandr Qimarayeş 1990-cı il dünya çempionatında iştirak edib. Oğlu Selso Borxes isə 2014, 2018 və 2022-ci illərdə mundialda çıxış edərək atasının yolunu davam etdirib.

Niderland millisinin keçmiş müdafiəçisi Denni Blind 1990 və 1994-cü il dünya çempionatlarında çıxış edib. Oğlu Deyli Blind isə 2014 və 2022-ci illərdə Niderland millisinin heyətində mundial iştirakçısı olub.

Danimarka futbolunun əfsanəvi qapıçısı Peter Şmeyxel 1998-ci il dünya çempionatında çıxış edib. Oğlu Kasper Şmeyxel isə 2018 və 2022-ci illərdə Danimarka millisinin əsas qapıçılarından biri olub.

Braziliya millisinin sabiq futbolçusu Mazinyo 1990 və 1994-cü il dünya çempionatlarında iştirak edib. Onun oğlu Tiaqo Alkantara isə 2018-ci ildə İspaniya millisinin heyətində mundialda çıxış edib.

Fransa millisinin əfsanəvi müdafiəçisi Lilian Türam 1998, 2002 və 2006-cı il dünya çempionatlarında forma geyinib. Oğlu Markus Türam isə 2022-ci ildə Fransa millisinin heyətində mundial iştirakçısı olub.

ABŞ millisinin sabiq kapitanı Klaudio Reyna 1994, 1998, 2002 və 2006-cı illərdə dünya çempionatlarında çıxış edib. Oğlu Covanni Reyna isə 2022-ci ildə ABŞ millisinin heyətində mundialda iştirak edib.
