Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının (ASGA) Çexiya nümayəndəliyi təsis edilib. Bununla da təşkilatın Rusiya, Ukrayna, Belarus və Polşadan sonra beşinci xarici nümayəndəliyi fəaliyyətə başlayıb. Bu barədə saytımıza ASGA sədri Səbuhi Abbasov məlumat verib.
Nümayəndəliyin rəhbəri Çexiya Texniki Universitetinin (ČVUT) Masaryk Qabaqcıl Tədqiqatlar İnstitutunda İqtisadiyyat və Menecment ixtisası üzrə təhsil alan Onur Novruzov təyin edilib.
Çexiyada yaşayan Onur Novruzov Azərbaycan, çex, ingilis, rus və türk dillərini sərbəst bilir. O, Polşanın Lodz Universitetində beynəlxalq proqramda iştirak edib, azərbaycanlı tələbələrə xaricdə təhsil üzrə mentorluq göstərib. Praqada xidmət və qonaqlama sahələrində qazandığı təcrübə onun beynəlxalq ünsiyyət və idarəetmə bacarıqlarının inkişafına töhfə verib.
ASGA-nın Çexiya nümayəndəliyinin əsas fəaliyyət istiqamətlərindən biri Azərbaycan ilə Çexiya, eləcə də digər Slavyan ölkələri arasında gənclər, təhsil, mədəniyyət və iqtisadiyyat sahələrində əlaqələrin genişləndirilməsinə töhfə vermək olacaq.
Xəbər 70 dəfə oxunub.