Almaniya kansleri Fridrix Merts bildirib ki, Ukraynanın Rusiya ilə müharibədə təslim olması Avropa üçün qəbuledilməz olacaq.
Aktual.az xəbər verir ki, kansler Kiyevin kapitulyasiyasının onun bütün müttəfiqlərinin təslim olması demək olacağını qryd edib.
Merts bu barədə 21 oktyabrda Berlində keçirilən Berlin Qlobal Dialoq iqtisadi forumunda danışıb.
"Biz Ukraynanın bu müharibəni uzatmasını dəstəkləmirik. Lakin Ukraynanın təslim olmasına, xüsusən də qeyd-şərtsiz təslim olmasına icazə verilə bilməz", - kansler deyib.
Merts Rusiya tərəfindən yayılan dezinformasiya və hibrid hücumları Almaniya təhlükəsizliyinə ən böyük təhdid adlandırıb. O, Moskvanı "soyuq müharibə”nin sonundan bəri formalaşan siyasi nizama hücum etməkdə günahlandırıb.
Almaniya lideri bildirib ki, onu ən çox narahat edən iqtisadiyyat, ABŞ və Çin deyil, Rusiyanın alman cəmiyyətinə təsiridir.
Onun sözlərinə görə, söhbət Almaniyada təxribatlardan, rabitə sistemlərinə hibrid hücumlardan və vəziyyəti qeyri-sabitləşdirmək cəhdlərindən gedir. Kansler bildirib ki, bu cür hücumlar hər gün baş verir, lakin ölkədəki təhlükənin miqyası hələ də tam qiymətləndirilmir.
Xəbər 64 dəfə oxunub.