Azərbaycanda notarius olmaq istəyən ali hüquq təhsilli vətəndaşlar üçün növbəti açıq müsabiqə elan edilib. Namizədlər sənədlərini noyabrın 16-dan dekabrın 15-dək təqdim edə bilərlər.
Aktual.az xəbər verir ki, bu barədə "Yeni Sabah”a Ədliyyə Nazirliyindən məlumat verilib.
Müsabiqədə iştirak etmək istəyən şəxslər "Notariat haqqında” Qanunun tələblərinə cavab verməlidirlər. İlk mərhələdə Dövlət İmtahan Mərkəzi ilə birgə kompüter vasitəsilə test imtahanı keçiriləcək. İmtahanın nəticələri namizədlərə dərhal təqdim olunacaq.
Test imtahanında tələb olunan keçid balını toplayan namizədlər müsahibə mərhələsinə buraxılacaqlar. Müsahibədən uğurla keçən hüquqşünaslar Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında icbari təlimə cəlb olunacaqlar. Təlimin sonunda keçirilən qiymətləndirmənin nəticələrinə əsasən onlara notariat fəaliyyəti ilə peşəkarcasına məşğul olmaq üçün şəhadətnamə veriləcək.
İmtahanda iştirak etmək istəyən şəxslər sənədlərini 2026-cı il noyabrın 16-dan dekabrın 15-i saat 18:00-dək iş günləri və iş saatlarında Ədliyyə Nazirliyinin Notariat, qeydiyyat və reyestr baş idarəsinə (Bakı şəhəri, Azadlıq prospekti 72) təqdim edə bilərlər.
Xəbər 34 dəfə oxunub.