Azərbaycanda bu ilin yanvar-oktyabr aylarında Kibertəhdid və İnsidentlərin Mübadiləsi Platforması (MISP) üzərindən 7 min 521 kiberhücum indikatoru (Indicator of Compromise - IOC) paylaşılıb.
Aktual.az-ın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) tabeliyində fəaliyyət göstərən Milli Kibertəhlükəsizlik Agentliyinin (MKA) məlumatları əsasında apardığı hesablamaya görə, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 3 dəfə çoxdur.
Təkcə oktyabrda platforma üzərindən 1 min 19 ədəd IOC paylaşılıb. Bu, ötən ilin oktyabr ayının göstəricisindən 4 dəfə çoxdur.
Cari ildə MKA tərəfindən 39 kiber insident təhqiqatı aparılıb. Bunların 36 %-i zərərli proqram təminatı, 26 %-i fişinqlə, 15 %-i boşluqların istismarı, 13 %-i "Business E-mail Comproise"la, 5 %-i DDos-la, 3 %-i "Defacement"lə, 2 %-i "Ransomware" ilə bağlı olub.
Hesabat dövründə ölkələrə görə insidentlərin qeyd olunduğu İP ünvanların sayı 7 min 177-yə bərabər olub. Bunların 3 146-sı Amerika Birləşmiş Ştatlarının, 840-ı Çinin, 664-ü Böyük Britaniyanın, 605-i Rusiyanın, 568-i Almaniyanın, 563-ü Niderlandın, 235-i Hindistanın, 205-i Fransanın, 190-ı Honq Konqun, 161-i Sinqapurun payına düşüb.
Xatırladaq ki, MKA-nın daxili resursları hesabına yaradılan Kibertəhdid və İnsidentlərin Mübadiləsi Platforması (MISP - Malware Information Sharing Platform) informasiya və kibertəhlükəsizlik insidentlərinin toplanılması, təhdid və hücumlara vaxtında reaksiyaların verilməsi, həmçinin qabaqlayıcı tədbirlərin görülməsi məqsədi ilə təşkilatlar tərəfindən qeydə alınmış insidentlərin paylaşılmasını təmin edir. MISP-ə RİNN-in əsas aparatı, strukturuna daxil olan və tabeliyində olan qurumlar ilə yanaşı digər dövlət qurumları və özəl sektor subyektləri (ümumilikdə 60-dan çox qurum) qoşulub. Platforma təhlükələrə dair göstəricilər (IOC - kiberhücumların və ya zərərli fəaliyyətlərin izlərini müəyyən etmək üçün istifadə olunan texniki məlumatlar), zəifliklər, hücum metodları və digər kibertəhdid məlumatlarını paylaşaraq, təhdidlərin aşkarlanması və qarşısının alınmasında effektivliyi artırır.
Xəbər 33 dəfə oxunub.