Azərbaycan prezidenti Bərdədə mənzil fondunun əsaslı təmirinə və yol tikintisinə 5 milyon manat ayırıb
Azərbaycan prezidenti İlham Əliyev Bərdə şəhərinin mənzil fondunun əsaslı təmiri işlərinin sürətləndirilməsinə və Yeni Daşkənd-Umudalılar kəndlərarası avtomobil yolunun yenidən qurulmasına dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Aktual.az-ın məlumatına görə, Bərdə şəhərinin mənzil fondunun əsaslı təmiri işlərinin sürətləndirilməsi və 15 min nəfər əhalinin yaşadığı 17 yaşayış məntəqəsini birləşdirən Yeni Daşkənd-Umudalılar kəndlərarası avtomobil yolunun yenidən qurulması məqsədi ilə Bərdə Rayon İcra Hakimiyyətinə Prezidentin ehtiyat fondundan 5 milyon, o cümlədən mənzil fondunun əsaslı təmiri işlərinin sürətləndirilməsi üçün ilkin olaraq 3 milyon, kəndlərarası avtomobil yolunun yenidən qurulması üçün ilkin olaraq 2 milyon manat ayrılıb.
Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.