“Adət-ənənə uşağın hüquqlarının pozulmasına bəraət qazandıra bilməz” - Ceyhun Məmmədov erkən nikahlarla bağlı çağırış etdi

“Adət-ənənə uşağın hüquqlarının pozulmasına bəraət qazandıra bilməz” - Ceyhun Məmmədov erkən nikahlarla bağlı çağırış etdi

Azərbaycanda erkən nikah problemi yalnız hüquqi məsələ deyil, eyni zamanda uşaqların təhsili, sağlamlığı, təhlükəsizliyi və gələcək seçimləri ilə birbaşa bağlı ciddi sosial məsələdir. Problemin qarşısının alınması üçün yalnız cəza mexanizmlərinin sərtləşdirilməsi deyil, ailələrin maarifləndirilməsi, məktəbdən yayınma hallarının vaxtında müəyyənləşdirilməsi və dövlət qurumları ilə yerli icmalar arasında koordinasiyanın gücləndirilməsi də  mühüm əhəmiyyət daşıyır. Bəs erkən nikahların qarşısını almaq üçün qanunvericilikdə hansı dəyişikliklərə ehtiyac var? Valideynlərin və belə nikahlara şərait yaradan digər şəxslərin məsuliyyəti necə müəyyənləşdirilməlidir? Dini və ənənəvi dəyərlər bu məsələdə necə izah olunmalıdır? Millət vəkili, Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov müsahibəsində erkən nikahların səbəbləri, hüquqi məsuliyyət, təhsilin rolu, dini icmaların üzərinə düşən vəzifələr və cəmiyyətin bu məsələyə yanaşması barədə fikirlərini bölüşüb.

- Erkən nikah Azərbaycanda bu gün nə dərəcədə ciddi sosial problem olaraq qalır? Mövcud vəziyyəti necə qiymətləndirirsiniz?
 
- Hər bir ölkənin özünəməxsus sosial problemləri var və Azərbaycan da bu baxımdan istisna deyil. Əsas məsələ mövcud problemləri vaxtında müəyyənləşdirmək, onların səbəblərini araşdırmaq və qarşısının alınması üçün düzgün mexanizmlər formalaşdırmaqdır. Erkən nikah da Azərbaycanda diqqətdən kənarda qalmamalı olan sosial məsələlərdən biridir. Burada söhbət yalnız nikah münasibətinin yaranmasından getmir. Məsələnin arxasında uşağın təhsili, sağlamlığı, psixoloji inkişafı, sosial imkanları və gələcək həyat seçimi dayanır. Xüsusilə qızların erkən yaşda təhsildən uzaqlaşdırılması və ailə məsuliyyəti ilə üz-üzə qalması onların gələcək imkanlarına təsir göstərə bilər. Son illərdə Azərbaycanda bu istiqamətdə həm qanunvericilik, həm də maarifləndirmə baxımından mühüm addımlar atılıb. Lakin hər hansı sosial problemin mövcudluğunu qəbul etmək onun həllolunmaz olduğu anlamına gəlmir. Əksinə, problemin açıq şəkildə müzakirə olunması onun həlli üçün daha effektiv yolların müəyyənləşdirilməsinə imkan verir. Mən hesab edirəm ki, əsas məqsəd yalnız hadisə baş verdikdən sonra hüquqi tədbir görmək deyil. Riskləri əvvəlcədən müəyyənləşdirmək, uşaqların təhsildən yayınmasının qarşısını almaq və ailələrlə maarifləndirici iş aparmaq lazımdır.

- Qanunvericilik erkən nikahların qarşısının alınması baxımından kifayət qədər sərtdirmi, yoxsa əlavə hüquqi mexanizmlərə ehtiyac var?
 
- Azərbaycan qanunvericiliyi ümumi hüquqi prinsiplərə əsaslanır və cəmiyyətin ehtiyaclarından asılı olaraq qanunvericilikdə dəyişikliklər edilməsi, zərurət yarandıqda məsuliyyət mexanizmlərinin sərtləşdirilməsi mümkündür. Amma burada yalnız cəzanın artırılmasına fokuslanmaq düzgün olmaz. Əsas məsələ qanunun effektiv tətbiqi və məsuliyyətin konkret olaraq kimlərə aid olduğunun aydın müəyyənləşdirilməsidir. Erkən nikahın təşkilində yalnız valideynin deyil, prosesdə iştirak edən digər şəxslərin də rolu araşdırılmalıdır. Məsələn, belə bir nikahın təşkilinə, keçirilməsinə və ya ona şərait yaradılmasına kimlər cəlb olunub? Kim bu prosesə şahidlik edib? Kim yetkinlik yaşına çatmayan şəxsin hüquqlarının pozulmasına bilə-bilə şərait yaradıb? Təbii ki, hər bir şəxsin məsuliyyəti onun konkret hərəkətinə və qanunun tələblərinə uyğun müəyyənləşdirilməlidir. Amma ümumi prinsip ondan ibarət olmalıdır ki, uşağın erkən nikaha cəlb olunmasına bilə-bilə şərait yaradan heç bir şəxs məsuliyyətdən kənarda qalmamalıdır.

- Erkən nikah hallarının qarşısının alınması üçün qanunvericilikdə hansı dəyişikliklərin edilməsini zəruri hesab edirsiniz?
 
- Burada ilk növbədə preventiv mexanizmlərin gücləndirilməsini vacib hesab edirəm. Məktəbdən yayınma, təhsilin dayandırılması, erkən nişanlanma və uşağın nikaha hazırlanması kimi hallar vaxtında müəyyənləşdirilməlidir. Qanunvericilikdə praktikanın ortaya çıxardığı boşluqlar müəyyən edildikcə onların aradan qaldırılması mümkündür. Zərurət yaranarsa məsuliyyət mexanizmləri də sərtləşdirilə bilər. Amma ən yaxşı nəticə uşağı cəzalandırmaqla deyil, uşağın belə vəziyyətə düşməsinin qarşısını almaqla əldə olunur.

- Yetkinlik yaşına çatmayan şəxsin nikaha cəlb olunmasına şərait yaradan valideynlərin və digər şəxslərin məsuliyyəti artırılmalıdırmı?
 
- Məsuliyyət məsələsinə yalnız valideynlər prizmasından baxmaq düzgün olmaz. Əgər yetkinlik yaşına çatmayan şəxsin erkən nikaha cəlb olunmasına başqa şəxslər də şərait yaradırsa, onların fəaliyyəti də hüquqi baxımdan qiymətləndirilməlidir. Burada nikahın təşkilində iştirak edən, belə mərasimə şərait yaradan, bilə-bilə prosesə qoşulan şəxslərin rolu araşdırılmalıdır. Eyni zamanda nikaha kimlərin şahidlik etdiyi, kimlərin bu prosesdən məlumatlı olduğu və hansı formada iştirak etdiyi də konkret haldan asılı olaraq nəzərə alına bilər. Xüsusilə dini nikah adı altında qanunsuz mərasimlərin keçirilməsi məsələsinə diqqət yetirilməlidir. Heç bir şəxs yalnız "mən şahid idim” və ya "mərasimdə iştirak etdim” deməklə avtomatik məsuliyyət daşıyan şəxs kimi qəbul edilə bilməz. Burada hər bir şəxsin konkret hərəkəti və qanunda nəzərdə tutulan məsuliyyət əsas götürülməlidir.

- Qanun sərtləşdirilir, amma erkən nikahların kökündə çox vaxt ailə düşüncəsi dayanır. Sizcə, cəza mexanizmləri, yoxsa maarifləndirmə daha effektivdir?
 
- Bu iki istiqaməti bir-birinə qarşı qoymaq düzgün deyil. Cəza mexanizmi hüquqi sərhədi müəyyən edir, maarifləndirmə isə problemin kökündə dayanan düşüncəyə təsir göstərir. Əgər ailədə qız uşağının mümkün qədər tez ailə qurmasının onun gələcəyi üçün daha doğru olduğu düşüncəsi formalaşıbsa, bunu yalnız cəza ilə dəyişmək çətin olacaq. İnsanlara izah etmək lazımdır ki, uşağın əvvəlcə təhsil alması, özünü formalaşdırması və gələcəyi ilə bağlı şüurlu seçim edə bilməsi daha sağlam yanaşmadır. Mən hesab edirəm ki, insan o zaman daha sağlam və xoşbəxt həyat qurur ki, mühüm qərarları özü verir və öz seçimini edir. Buna görə cəmiyyətdə "əvvəl təhsil, sonra evlilik” düşüncəsini gücləndirmək lazımdır.

- Erkən nikahların qarşısının alınmasında təhsilin rolu nə qədər böyükdür? Qızların təhsildən yayınmasının qarşısını almaq üçün hansı əlavə dövlət mexanizmlərinə ehtiyac var?
 
- Təhsilin rolu olduqca böyükdür. Təhsil insana yalnız bilik vermir, həm də seçim imkanı yaradır. İnsan öz hüquqlarını və gələcək imkanlarını nə qədər yaxşı bilirsə, həyatına dair qərarları da bir o qədər şüurlu verə bilir. Mən burada çox sadə bir ardıcıllığın tərəfdarıyam: əvvəl təhsil, sonra peşə və həyatla bağlı şəxsi seçim, daha sonra evlilik. Qız uşağının təhsil alması onun ailə dəyərlərindən uzaqlaşması demək deyil. Əksinə, savadlı və öz hüquqlarını bilən qadın həm ailəyə, həm də cəmiyyətə daha böyük töhfə verə bilər. Məktəbdən yayınma halları vaxtında müəyyən edilməli, problemin səbəbi araşdırılmalı və risk qrupunda olan uşaqlar üçün sosial dəstək, psixoloji yardım və təhsilə qayıdış mexanizmləri gücləndirilməlidir.

- Bəzi ailələr erkən nikahı "adət-ənənə” və ya "dini dəyər” kimi təqdim edir. Bu yanaşma ilə bağlı cəmiyyətə hansı mesaj verilməlidir?

- Adət-ənənə adı altında uşağın hüquqlarının pozulmasına haqq qazandırmaq olmaz. Eyni yanaşma dini dəyərlərə də aiddir. Heç bir dini istinad uşağın təhsilinin, təhlükəsizliyinin və hüquqlarının pozulmasına bəraət qazandıra bilməz. Azərbaycan dünyəvi dövlətdir. Ölkəmizdə İslam dininə və digər dinlərə hörmətlə yanaşılır. Bununla yanaşı, dövlət idarəçiliyinin və hüquqi münasibətlərin əsasını Azərbaycan Respublikasının Konstitusiyası və qanunları təşkil edir. Dini və ya ənənəvi yanaşmalar hüquqi tələblərlə ziddiyyət təşkil etdiyi halda, hüquqi münasibətlər Azərbaycan qanunvericiliyinə uyğun tənzimlənir. Dini mətnlərə baxanda da məsələyə yalnız bir tərəfdən yanaşmaq düzgün deyil. Məsələn, Tövratın "Yaradılış” kitabının 24-cü fəslində İshaq və Rebekanın evliliyi ilə bağlı hadisədə Rebekanın öz iradəsinin nəzərə alınması diqqət çəkir. Ailənin iştirakı ilə yanaşı, onun da razılığı soruşulur. İslam mənbələrində də nikah məsələsində razılıq və məsuliyyət prinsipləri mühüm yer tutur. Quranda "Nisa” surəsinin 6-cı ayəsində nikah yaşına çatmaqla yanaşı, "rüşd” - insanın düzgün qərar verə və məsuliyyət daşıya biləcək səviyyəyə çatması məsələsi qeyd olunur. Hədislərdə də qadının razılığı alınmadan nikaha məcbur edilməsi ilə bağlı rəvayətlər mövcuddur. Burada bir məsələni də dəqiq ayırmaq lazımdır: Quranda müasir qanunvericilikdə olduğu kimi konkret "18 yaşdan sonra nikah mümkündür” formasında yaş həddi müəyyən edilmir. Ona görə dini mətnləri müasir hüquqi normalarla eyniləşdirmək də düzgün olmaz. Amma dini dəyərlərdən uşağın məcburi və erkən nikaha cəlb edilməsinə bəraət qazandırmaq üçün istifadə etmək də doğru deyil. Din və adət-ənənə uşağın hüquqlarına qarşı qoyulmamalıdır.

- Dini qurumların və din xadimlərinin erkən nikahların qarşısının alınmasında daha fəal rol alması üçün hansı addımlar atılmalıdır?
 
- Mən hesab edirəm ki, din xadimləri də bu məsələnin həllinə daha fəal şəkildə cəlb olunmalıdır. Çünki müəyyən ailələr və icmalar dini məsələlərdə din xadimlərinin fikrinə xüsusi əhəmiyyət verirlər. Xüsusilə qanunun tələblərinə zidd olaraq dini nikah və ya dini mərasim keçirən şəxslərlə bağlı hüquqi məsuliyyət məsələsi ilə yanaşı, preventiv maarifləndirmə də gücləndirilməlidir. Din xadimlərinə qanunvericiliyin tələbləri aydın şəkildə çatdırılmalı və onların maarifləndirici imkanlarından istifadə edilməlidir. Burada məqsəd dini dəyərlərlə hüquqi prinsipləri qarşı-qarşıya qoymaq deyil. Əksinə, din xadimləri cəmiyyətə izah etməlidirlər ki, dini mərasim dövlət qanunvericiliyinin tələblərindən kənarda və ya ona zidd şəkildə həyata keçirilə bilməz.

- Erkən nikahın qarşısının alınmasında məktəb, ailə, dövlət qurumları və dini icmalar arasında koordinasiyanın yetərli olduğunu düşünürsünüzmü?
 
- Bu istiqamətdə müəyyən koordinasiya var və səylər də davam etdirilir. Bakı və digər böyük şəhərlərdə bu sahədə görülən işləri müəyyən mənada qənaətbəxş hesab etmək olar. Amma regionlarda, xüsusilə ucqar ərazilərdə koordinasiyanın daha da gücləndirilməsinə ehtiyac var. Çünki hər bir regionun öz sosial xüsusiyyətləri, ailə yanaşmaları və problemləri ola bilər. Buna görə dövlət qurumlarının, məktəblərin, sosial xidmətlərin və dini icmaların yerli səviyyədə əməkdaşlığı daha sistemli qurulmalıdır. Məqsəd hansısa ailəni ittiham etmək deyil. Məqsəd riskli vəziyyəti vaxtında görmək və uşağı qorumaqdır.

- Sonda, erkən nikah məsələsində valideynlərə və cəmiyyətə bir mesaj verməli olsaydınız, nə deyərdiniz?
 
- Mən valideynlərə ilk növbədə bunu deyərdim: övladınızın həyatını onun yerinə əvvəlcədən müəyyənləşdirməyin. Ona seçim etmək, təhsil almaq, peşə sahibi olmaq və gələcəyi haqqında düşünmək imkanı verin. İnsan öz həyatında mühüm qərarları şüurlu şəkildə və öz seçimi ilə verdikdə həmin qərarın məsuliyyətini də daha yaxşı daşıyır. Mən hesab edirəm ki, sağlam yanaşma çox sadədir: əvvəl təhsil, sonra həyat seçimi, daha sonra evlilik. Erkən nikahla mübarizə sadəcə bir nikahın qarşısını almaq deyil. Biz əslində bir uşağın hüququnu, təhsilini, təhlükəsizliyini və gələcəyini qoruyuruq. Cəmiyyət olaraq uşağın seçim haqqına hörmət etməliyik. Çünki insanın həyatına dair mühüm qərarları məcburiyyətlə deyil, öz iradəsi və şüurlu seçimi ilə verməsi onun gələcək həyatında da mühüm əhəmiyyət daşıyır.

Müsahibə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə "Vətəndaş” Tədqiqat və İnkişaf İctimai Birliyi tərəfindən həyata keçirilən "Əvvəl bilik, sonra birlik” layihəsi çərçivəsində hazırlanıb.

Xəbər 57 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR