Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Nazirliyin Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarənin təşkilatçılığı ilə növbəti praktiki-maarifləndirici tədbir keçirilib.
Nazirlikdən
Aktual.az-a verilən xəbərə görə, tədbirdə FHN Akademiyasının rəisi general-mayor Baba Salayev, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin rəisi daxili xidmət general-mayoru Rüfət Fəradov, Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin idarə rəisi Azadi Quliyev, Baş idarənin əməkdaşları və kursantlar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Akademiyanın rəisi Baba Salayev görüşün əhəmiyyətindən danışıb, belə tədbirlərin kursantların hərtərəfli hazırlığına mühüm töhfə verəcəyinə əminlik ifadə edib. Akademiya rəisi nəzəri biliklərin praktiki təcrübə ilə uzlaşdırılmasının təhsil prosesinin əsas prioritet istiqamətlərindən biri olduğunu, bu səpkili görüşlərin kursantların xidmətə hazırlanmasında, onların peşəkar dünyagörüşünün formalaşdırılmasında və operativ qərarvermə bacarıqlarının inkişafında mühüm rol oynayacağını vurğulayıb.
Daha sonra çıxış edən FHN Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin rəisi daxili xidmət general-mayoru Rüfət Fəradov Xidmətin fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. O, qeyd edib ki, Azərbaycan Respublikasının daxili dəniz və ərazi sularında, çaylarında, su anbarlarında, digər sututarlarında kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı, habelə çimərliklərdə, dənizkənarı kütləvi istirahət yerlərində insanların sularda təhlükəsizliyinin etibarlı təmin edilməsi istiqamətində Xidmət tərəfindən mühüm tədbirlər həyata keçirilir. O, həmçinin cari ildə Xidmət tərəfindən çimərlik mövsümünə hazırlıqla bağlı həyata keçirilmiş zəruri təhlükəsizlik tədbirlərindən danışıb.
Tədbirdə kiçikhəcmli gəmilərin istismarı və su obyektlərində təhlükəsizlik sahəsində peşəkar kadr hazırlığının vacibliyi qeyd olunub, kursantlara bu istiqamətdə müasir yanaşmalar və təhlükəsizlik tədbirləri barədə məlumat verilib.
İnteraktiv formatda keçirilən tədbir zamanı kursantlar fəallıq nümayiş etdirib, onları maraqlandıran suallar ətraflı şəkildə cavablandırılıb.
Xəbər 42 dəfə oxunub.