“Özümü birbaşa efirdə öldürəcəyəm”-Panikada olan saxta “beynəlxalq hüquq müdafiəçisi” intihar şantajına keçdi - VİDEO

“Özümü birbaşa efirdə öldürəcəyəm”-Panikada olan saxta “beynəlxalq hüquq müdafiəçisi” intihar şantajına keçdi - VİDEO

Geydirmə "beynəlxalq hüquq müdafiəçisi", keçmiş "zek" Kazım Abbasov - "David Seliverstov" özünü öldürəcəyini, qarnını kəsəcəyini bəyan edib.

Aktual.az Musavat.com-a istinadən xəbər verir ki, o, hüquq müdafiəçilərinin biri ilə telefonla danışıb.

Hüquq müdafiəçisinə "mən özümü kəsəcəm, qarnımı doğrayacam, birbaşa efirdə ölüm kağızımı ortaya qoyacam” deyib.

"David Seliverstov" hüquq müdafiəçisinə yalvarıb ki, ifşa olunmasının qarşısını almaqda ona kömək etsin.

Onun bu yalvarışları əbəs deyil. Özünü yəhudi əsilli "beynəlxalq hüquq müdafiəçisi" kimi qələmə verən Kazım Elşən oğlu Abbasov avqustun 3-dən bu yana ölkədən çıxaraq xaricdə qaçaq həyatı yaşayır. Barəsində hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar aparılması ehtimalı və çənbərin günbəgün daraldığını anlayan Kazım Abbasov, artıq tam mənada panikaya düşüb və çıxış yolunu hədə-qorxu, intihar şantajında görür.

 

 
 
 

 

"David Seliverstov" dosyesində nələr var?

Musavat.com-un avqust ayı ərzində dərc etdiyi silsilə araşdırma materiallarında "David Seliverstov" kimliyinin arxasında gizlənən şəxsin bütün qaranlıq keçmişi və əməlləri faktlarla ortaya qoyulub:

Araşdırmalarımız nəticəsində bəlli olub ki, özünü "beynəlxalq hüquq müdafiəçisi" kimi təqdim edən şəxs əslində 1988-ci il təvəllüdlü, keçmişdə dəfələrlə məhkum olunmuş Kazım Elşən oğlu Abbasovdur. 2022-ci ildə cəzaçəkmə müəssisəsindən azadlığa çıxdıqdan sonra o, keçmiş cinayət bioqrafiyasını ört-basdır etmək üçün ad və soyadını dəyişərək "David Seliverstov" kimliyinə bürünüb.

Avqustun 3-də Musavat.com-da barəsində ilk məqalə yayılandan dərhal sonra Azərbaycandan qaçıb. Bundan sonra sosial şəbəkələrdə və bəzi dairələrdə İsraildə olduğunu, beynəlxalq təşkilatlarla görüşlər keçirdiyini iddia edən Kazım Abbasovun növbəti yalanı da Müsavat.com tərəfindən ifşa olunub. Bəlli olub ki, o, Azərbaycanı öz həqiqi ümumvətəndaş pasportu ilə tərk edib. İsraildə olduğunu iddia etdiyi halda, paylaşdığı fotoların Albaniyada çəkildiyi ortaya çıxıb.

Bundan sonra Kazım Abbasov "iddialar sübut deyil" bəyanatı verib. Onun bəyanatından az sonra vaxtilə  əməllərindən zərərçəkmiş şəxslər tərəfindən redaksiyamıza barəsindəki məhkəmə hökmləri və ittiham aktları təqdim olunub. Həmin işlər üzrə sənədlərdə onun müxtəlif dövrlərdə törətdiyi dələduzluq, saxtakarlıq və sənəd saxtalaşdırma şouları ilə vətəndaşların etibarından sui-istifadə edərək pullarını mənimsəməsi açıq-aydin öz əksini tapıb.

Bu gün artıq "beynəlxalq hüquq müdafiəsi”, "yəhudi icması” və müxtəlif xarici fondların adından istifadə edərək insanları aldadan bu şəxsin qurduğu maxinasiya şəbəkəsi tamamilə çökmək üzrədir.

Ardıcıl və sənədli ifşalardan sonra Azərbaycan tərəfinə təhvil veriləcəyindən və məsuliyyətə cəlb olunacağından təşvişə düşən Kazım Abbasov indi son çirkin vasitəyə – intihar şantajına əl atır.

O, telefonda hüquq müdafiəçilərinə yalvararaq ifşa olunmasının qarşısını almağı, "ölüm kağızı” ilə diqqəti başqa tərəfə yönəltməyi planlaşdırdığını bildirir. Lakin ortadakı faktlar və məhkəmə sənədləri göstərir ki, "David Seliverstov” adının arxasında gizlənən residivist Kazım Abbasov üçün bu gedişin geri dönüşü yoxdur.

 


Xəbər 49 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR