Vətən müharibəsinin səkkizinci günü - 4 oktyabr

Vətən müharibəsinin səkkizinci günü - 4 oktyabr

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan "Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.

Aktual.az Vətən müharibəsinin xronikasını təqdim edir:

1. Azərbaycan Ordusu Cəbrayıl şəhərini və Cəbrayıl rayonunun bir neçə kəndini işğaldan azad edib. Prezident, Ali Baş Komandan İlham Əliyev özünün rəsmi tviter səhifəsində bu barədə paylaşım edib.

2. Prezident İlham Əliyev Cəbrayıl şəhərinin və Cəbrayıl rayonunun doqquz kəndinin işğaldan azad olunması ilə bağlı Azərbaycan xalqına müraciət edib.

3. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Əl-Ərəbiyə” televiziya kanalına müsahibə verib.

4. Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun 2010-cu il iyunun 18-də təkbaşına döyüşərək xeyli sayda düşmən qüvvəsini məhv etdiyi posta Azərbaycan Bayrağı sancılıb.

5. Müdafiə Nazirliyinin məlumatı: Suqovuşan-Ağdərə istiqamətində gedən döyüşlər zamanı düşmənin 77-ci tank taborunun 4 tankı məhv edilib, 3 tankı isə qənimət götürülüb. Ermənistan silahlı qüvvələrinin Ağdərə istiqamətində yerləşən 5-ci dağ atıcı alayının müdafiə sahəsinə ordumuz tərəfindən artilleriya zərbələrinin endirilməsi nəticəsində 4 avtomobil texnikası məhv edilib. Alayın bir neçə bölməsinin şəxsi heyəti döyüş mövqeyini tərk edərək qaçıb. Düşmən çoxlu sayda itki verib.

6. Ermənistan silahlı qüvvələri Gəncə şəhərində mülki əhalinin sıx yaşadığı məntəqələri ağır artilleriyadan atəşə tutub. Nəticədə bir nəfər həlak olub, 32 nəfər xəsarət alıb. İnfrastruktura və tarixi tikililərə ciddi ziyan dəyib.

7. Baş Prokurorluğun məlumatına əsasən, Ermənistan silahlı qüvvələrinin atəşi nəticəsində Beyləqan şəhərində iki dinc sakin həlak olub, iki nəfər isə xəsarət alıb. Bununla da həlak olan mülki şəxslərin sayı 22-yə, xəsarət alanların sayı 73-ə çatıb.

8. Düşmən Xızı və Abşeron bölgəsinə iki ədəd 300 kilometr məsafəli orta mənzilli raket atıb.

9. Azərbaycanın Baş prokuroru Ermənistan silahlı qüvvələrinin mülki əhaliyə qarşı törətdiyi cinayətlərlə bağlı beynəlxalq qurumların rəhbərlərinə müraciət ünvanlayıb.
Xəbər 393 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR