Ombudsmana ən çox bu qurumlara görə müraciət olunur - SİYAHI

Ombudsmana ən çox bu qurumlara görə müraciət olunur - SİYAHI

Ombudsmanın "916” Çağrı Mərkəzinə 6 ayda 13 mindən çox müraciət daxil olub
2026-cı ilin birinci yarısında Ombudsmanın "916” Çağrı Mərkəzinə 13 724 zəng daxil olub.
Aktual.az xəbər verir ki, bu barədə Ombudsman Aparatının 2026-cı ilin birinci yarısı üzrə statistik məlumatlarında bildirilib.
Qeyd olunub ki, ən çox müraciət iyun ayında qeydə alınıb – 2 840. Ən az müraciət isə yanvar ayında olub – 1 768.
Əhali qrupları üzrə statistikaya əsasən, ən çox müraciət "digər” kateqoriyasına daxil olan şəxslərdən (3 462), aztəminatlı ailələrdən (1 617) və istehlakçılardan (1 569) daxil olub.
Hesabat dövründə əlilliyi olan şəxslərdən 956, uşaqlarla bağlı isə 772 müraciət qeydə alınıb.
Müraciətlərin məzmununa görə isə ünvanlı dövlət sosial yardımı, kommunal problemlər, müayinə və müalicə, əlilliyin müəyyən edilməsi və aliment məsələləri üstünlük təşkil edib.
Belə ki, ünvanlı dövlət sosial yardımı ilə bağlı 1 617, kommunal problemlərlə bağlı 1 465, müayinə və müalicə məsələləri üzrə 1 155, əlilliyin müəyyən edilməsi ilə bağlı 898, aliment məsələləri üzrə isə 784 müraciət daxil olub.
Qurumlar üzrə müraciətlərin statistikasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və tabeli qurumlar 2 308 müraciətlə ilk sırada yer alıb.
Sonrakı yerlərdə TƏBİB (1 714), ədliyyə orqanları (1 431), daxili işlər orqanları (984) və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (935) qərarlaşıb.
Bildirilib ki, daxil olan zənglərin 12 102-si iş vaxtında, 1 622-si isə qeyri-iş vaxtında qəbul olunub.
Bu göstəricilər vətəndaş müraciətlərinin əsas hissəsinin iş saatlarında daxil olduğunu göstərir.
Xəbər 45 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR