İşğaldan azadlığa, həqiqətin bərpasından qlobal media dialoquna uzanan tarixi proses

İşğaldan azadlığa, həqiqətin bərpasından qlobal media dialoquna uzanan tarixi proses

Uzun illər işğal həyatı yaşayan Şuşa bu gün Azərbaycanın və Türk dünyasının mədəniyyət paytaxtı olaraq beynəlxalq forumların, açıq dialoqun və multikultural dəyərlərin qovuşduğu nüfuzlu məkandır. Tarixi şəhəri qarşıdurma meydanından çıxararaq yenidən azadlığına qovuşduran Prezident İlham Əliyev dünyaya göstərdi ki, Şuşa sülhün, dialoqun və bəşəri dəyərlərin yaşadığı şəhərdir. Azərbaycan xalqının öz tarixi torpaqlarında ucaltdığı bu şəhər əsrlər boyu elm, mədəniyyət, sənət və mənəviyyat mərkəzi kimi formalaşıb. Bu gün Şuşa həmin tarixi missiyanı yeni çağırışlara uyğun davam etdirir, dünyanın müxtəlif ölkələrindən gələn fikir və baxışları eyni platformada bir araya toplayır, beynəlxalq dialoqa, qarşılıqlı anlaşmaya və əməkdaşlığın möhkəmlənməsinə xidmət edir.  Bu baxımdan ənənəyə çevrilən Şuşa Qlobal Media Forumu ədalət, sülh və qarşılıqlı anlaşma mesajları ilə müxtəlif baxışları eyni platformada bir araya gətirərək humanizm kimi ali dəyərlərin təbliğinə töhfə verir. 
 
Bu dəfə "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusuna həsr olunan forum yenə də dünyanın müxtəlif ölkələrindən gələn nüfuzlu media nümayəndələrinin, rəsmi şəxslərin, beynəlxalq təşkilatların təmsilçilərinin, ekspertlərin və kommunikasiya sahəsində tanınmış mütəxəssislərin görüş ünvanı oldu. Şübhəsiz ki, sülhün təşviqində medianın missiyası əvəzolunmazdır. Həqiqətin bərpası və etimadın yenidən qurulması obyektiv, məsuliyyətli və peşəkar medianın əsas fəaliyyət istiqamətlərindən biri olmalıdır. Təsadüfi deyil ki, hibrid təhdidlər və münaqişələrlə üz-üzə qalan müasir dünyanın bu aktual problemi məhz Şuşada geniş müzakirə olundu. Forum çərçivəsində Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər və iştirakçıların suallarına verdiyi ətraflı cavablar dünya ictimaiyyətinin diqqətini yenidən Şuşaya yönəltdi. Dövlət başçısının mesajları qlobal gündəmdə geniş əks-səda doğuraraq beynəlxalq ictimaiyyət tərəfindən xüsusi maraqla qarşılandı.

Forumda çıxış edən Prezident İlham Əliyev Azərbaycanın dövlət siyasətinin əsas prinsiplərinə toxunaraq bildirdi ki, ölkəmizin yürütdüyü siyasət hər zaman sağlam əməkdaşlığın möhkəmləndirilməsinə, regionda etimad mühitinin gücləndirilməsinə və qonşu dövlətləri narahat edən məsələlərin qarşılıqlı dialoq yolu ilə həllinə yönəlib. Dövlət başçısı vurğuladı ki, məhz bunun davamı olaraq Şuşada keçirilən Qlobal Media Forumunda da səmimi dialoq, qarşılıqlı etimad və konstruktiv əməkdaşlıq mühitinin formalaşdırılmasına çalışılır. Dünyanın müxtəlif ölkələrindən olan media nümayəndələrinin və beynəlxalq iştirakçıların eyni platformada bir araya gəlməsi də bu məqsədə xidmət edir. Dünyanın real siyasi mənzərəsini təhlil edən dövlətimizin başçısı Azərbaycanda mövcud olan milli birliyin sarsılmaz olduğunu bildirdi və qeyd etdi ki, belə bir həmrəylik nümunəsinə dünyanın çox az ölkəsində rast gəlmək mümkündür. Prezident İlham Əliyev çıxışında Azərbaycanın beynəlxalq aləmlə siyasi və iqtisadi əlaqələrindən, eləcə də regional əməkdaşlığın inkişafına xidmət edən ardıcıl siyasətdən bəhs etdi. Xüsusilə, Birləşmiş Ştatlarla münasibətlərin perspektivlərinə toxunan dövlət başçısı qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığın hər iki ölkə üçün mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırdı. 

Uzun illər Azərbaycan torpaqlarının işğal altında qalması və beynəlxalq ictimaiyyətin bu ədalətsizliyə göz yumması uzaq keçmişin hadisəsi deyil. Beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələrinin təxribatları nəticəsində ölkəmizə qarşı hərbi təcavüz davam etdirildi. Prezident İlham Əliyevin qətiyyətli liderliyi və Azərbaycan Ordusunun şücaəti sayəsində Qarabağ işğaldan azad olundu, tarixi ədalət bərpa edildi. Beləliklə, Azərbaycan həqiqətin bərpası və etimadın yenidən qurulması istiqamətində dünyaya nümunə təqdim edərək regionda yeni siyasi reallıqlar formalaşdırdı, davamlı sülh və əməkdaşlıq üçün möhkəm zəmin yaratdı. Bu beynəlxalq hüquqa əsaslanan qətiyyətli siyasətin, güclü liderliyin və milli birliyin ədalətin bərqərar olmasına, etimadın möhkəmlənməsinə və sabit gələcəyin qurulmasına xidmət etdiyini aydın şəkildə nümayiş etdirdi. Məhz buna görə Şuşada IV Qlobal Media Forumunun keçirilməsi Azərbaycanın formalaşdırdığı yeni geosiyasi reallıqların beynəlxalq informasiya məkanında açıq müzakirəsinə çevrildi. Şuşadan səslənən fikirlər göstərdi ki, həqiqəti gizlətməyə hesablanmış informasiya manipulyasiyaları uzunömürlü olmur, etimad isə ədalətə, şəffaf dialoqa və qarşılıqlı hörmətə əsaslanan münasibətlərdən doğur. Forum müxtəlif ölkələrdən gəlmiş media nümayəndələri üçün Azərbaycanın postmünaqişə dövründə yaratdığı yeni reallıqları yerində görmək, onları obyektiv qiymətləndirmək və beynəlxalq auditoriyaya çatdırmaq baxımından mühüm imkan yaratdı. 

İşğaldan, həqiqətin bərpasından qlobal media dialoquna uzanan tarixi prosesə şahidlik edən Şuşa Prezident İlham Əliyevin liderliyi ilə bu gün dünyaya sülhün, ədalətin və etibarlı əməkdaşlığın mümkün olduğunu nümayiş etdirdi. Necə ki, Azərbaycan bunu bacarmışdı!


Rəşad Mahmudov,
YAP İdarə Heyətinin üzvü,
Milli Məclisin deputatı

Xəbər 290 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR