Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalanmadan da TRIPP layihəsinin həyata keçirilməsinə başlanıla bilər. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdə çıxışı zamanı bu ehtimalı istisna etməyib.
Aktual.az xəbər verir ki, nazir layihənin sülh sazişindən əvvəl reallaşdırılmasının mümkünlüyü ilə bağlı suala müsbət cavab verib.
"Bu suala rahatlıqla cavab verə bilərəm: bəli, mümkündür”, – deyə Mirzoyan bildirib.
Ermənistanın xarici işlər naziri xatırladıb ki, sülh sazişinin mətni artıq paraflanıb və hər iki ölkə sənədin məzmununu şübhə altına almadığını rəsmən bəyan edir.
Onun sözlərinə görə, Bakı sənədi başqa səbəbə görə imzalamaqdan imtina edir. Söhbət Ermənistan Konstitusiyasına dəyişiklik edilməsi tələbindən gedir.
A.Mirzoyan bildirib ki, saziş hələ imzalanmasa da, Ermənistanla Azərbaycan arasında praktik olaraq real sülh formalaşıb.
"Deməli, TRIPP layihəsinin işə salınması üçün sülh lazımdır və həmin sülh artıq mövcuddur”, – deyə nazir vurğulayıb.
Mirzoyan etiraf edib ki, əvvəlcə sülh sazişinin imzalanması, daha sonra isə birgə layihələrin həyata keçirilməsinə başlanması ardıcıllığı məntiqli görünərdi. Lakin onun sözlərinə görə, hadisələr praktikada həmişə bu sxem üzrə inkişaf etmir.
Ermənistanın xarici işlər naziri TRIPP və digər birgə təşəbbüslərin reallaşdırılmasının özünün də iki ölkə arasında sülh sazişinin imzalanmasına töhfə verə biləcəyini istisna etməyib.
Xəbər 61 dəfə oxunub.