ABŞ Prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla 2026-cı ilin sonuna qədər yenidən görüşmək niyyətində olduğunu açıqlayıb.
Aktual.az xəbər verir ki, Tramp Kim Çen Inla yaxşı şəxsi münasibətlərinin olduğunu vurğulayıb. O, Pxenyanın 57 nüvə başlığına malik olduğunu qeyd edərək, Şimali Koreya lideri ilə dialoqun vacibliyini bildirib.
Pxenyanın Trampın təklifinə reaksiyası isə kifayət qədər soyuq olub. Şimali Koreya tərəfi iki lider arasında "əla şəxsi münasibətlərin” olduğunu qəbul etsə də, yeni sammitin keçirilməsi üçün Vaşinqtondan ciddi güzəştlər tələb oluna biləcəyinə işarə edib.
Ekspertlərin fikrincə, Pxenyan ABŞ-dan düşmənçilik kimi qiymətləndirdiyi siyasətdən imtina etməsini və ya Şimali Koreyanın nüvə dövlət statusunun faktiki tanınmasını tələb edə bilər.
Trampın ilin sonunda Çində keçiriləcək APEC sammiti çərçivəsində Kim Çen Inla görüşməyə ümid etdiyi bildirilir. Lakin ekspertlər belə bir görüşdən ciddi diplomatik irəliləyiş gözləməkdə ehtiyatlıdırlar.
Buna səbəb kimi Şimali Koreyanın Rusiya və Çinlə münasibətlərini daha da gücləndirməsi göstərilir. Bu isə Pxenyanın ABŞ-ın sanksiya təzyiqindən asılılığını əvvəlki dövrlə müqayisədə azaldır.
Xəbər 48 dəfə oxunub.