Əsrarəngiz təbiəti, qədim dövlətçilik ənənələri və zəngin tarixi ilə seçilən Azərbaycan torpağı Naxçıvana Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın səfəri muxtar respublika sakinləri üçün ilin ən əlamətdar hadisələrindən biri oldu. Uzun illərdir blokada şəraitində yaşayan Naxçıvan Ulu öndər Heydər Əliyevin siyasi iradəsi və müəyyən etdiyi inkişaf strategiyası əsasında sistemli tərəqqi yolu keçərək yeni yüksəliş mərhələsinə qədəm qoyub. Ağır sosial-iqtisadi çətinliklərin yaşandığı həmin dövrdə Naxçıvanın inkişafının əsasını qoyan Heydər Əliyev siyasi xətti sonrakı illərdə Prezident İlham Əliyev tərəfindən ardıcıl şəkildə davam etdirildi. Naxçıvanın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Muxtar respublikada genişmiqyaslı quruculuq işlərinin aparılması, infrastrukturun yenilənməsi, yeni müəssisələrin yaradılması və sosial layihələrin həyata keçirilməsi bu diqqətin konkret nəticələridir. Prezident İlham Əliyevin səfəri muxtar respublikanın sosial-iqtisadi inkişafı, yeni layihələrin reallaşdırılması və qarşıdakı hədəflərin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyırdı. Ulu öndərin abidəsinin açılışı ilə başlayan səfər çərçivəsində həyata keçirilən işlərlə tanışlıq, yeni obyekt və müəssisələrin fəaliyyəti ilə bağlı təqdimatlar Naxçıvanın inkişaf dinamikasını nümayiş etdirdi. Səfərin mühüm məqamlarından biri Prezident İlham Əliyevin dövlət televiziyasına müsahibəsi oldu. Dövlət başçısının səsləndirdiyi fikirlər Naxçıvanın gələcək inkişaf perspektivlərinə dair istiqamətləri müəyyənləşdirməklə yanaşı Azərbaycanın siyasi, iqtisadi və strateji gündəliyinə dair əhəmiyyətli mesajlarla yadda qaldı.
Bu fikirləri YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Rəşad Mahmudov söyləyib.
O qeyd edib ki, Prezident İlham Əliyev müsahibəsində Naxçıvanın inkişafı ilə bağlı həyata keçirilən layihələrə və qarşıdakı hədəflərə toxunaraq muxtar respublikanın təhlükəsizliyi, iqtisadi gücünün artırılması, enerji təminatı, sənaye potensialının genişləndirilməsi və tarixi-mədəni irsin qorunması istiqamətində görülən işlərdən danışdı. Prezident Naxçıvanın gələcək inkişafının Azərbaycanın dövlət siyasətinin ardıcıl və uzunmüddətli xətti üzrə davam etdiriləcəyini bildirməklə bir daha göstərdi ki, illər əvvəl müəyyənləşdirilən inkişaf strategiyası bu gün real nəticələr və yeni layihələrlə davam etdirilir.
Zəngəzur dəhlizinin yaradacağı imkanlardan danışan Prezident İlham Əliyev bu layihənin reallaşmasının Naxçıvanın nəqliyyat imkanlarını genişləndirəcəyini vurğuladı. Dövlət başçısı qeyd etdi ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda əldə olunan razılaşma ilə layihənin icrasına start verilib. Azərbaycan ərazisində Horadiz–Ağbənd avtomobil və dəmir yolu layihələrinin, Naxçıvan istiqamətində isə dəmir yolunun bərpası üzrə işlərin aparılması Zəngəzur dəhlizinin formalaşması üçün real infrastruktur bazası yaradır. Prezidentin açıqlamaları Naxçıvanın gələcəkdə regional nəqliyyat bağlantılarında daha fəal mövqe tutacağına dair aydın siyasi mesaj oldu. Naxçıvanın enerji təhlükəsizliyinin tam təmin olunduğunu vurğulayan Prezident İlham Əliyev artıq əsas hədəfin enerji imkanlarının genişləndirilməsi olduğunu diqqətə çatdırdı. Dövlət başçısının "artıq Naxçıvan enerjinin ixracı ilə məşğul olacaq” fikri isə görülən işlərin növbəti mərhələsini və düzgün iqtisadi siyasətin real nəticəsini ifadə etdi. Qeyd olunanlarla yanaşı ölkəmizin başçısı Naxçıvana dəmir yolu bağlantısının bərpasında beynəlxalq tərəfdaşlığın mümkünlüyünü vurğulayaraq bildirdi ki, nəzarət paketinin Azərbaycan dövlətində qalması şərtilə beynəlxalq konsorsiumun yaradılması nəzərdən keçirilə bilər. Belə bir əməkdaşlıq modelinin reallaşması bütövlükdə regionun nəqliyyat imkanlarının genişlənməsi və yeni bağlantıların formalaşması baxımından olduqca böyük əhəmiyyət daşıyır.
Deputat sonda qeyd edib ki, Prezident İlham Əliyevin Naxçıvana səfəri muxtar respublikada görülən işlərin və yeni layihələrin təqdimatı ilə yanaşı qarşıdakı dövr üçün mühüm mesajlarla yadda qaldı. Səsləndirilən fikirlər Naxçıvanın gələcək inkişafına dair prioritetləri, yeni imkanları və qarşıda duran strateji istiqamətləri ortaya qoydu. Bir sözlə, Naxçıvan Prezident İlham Əliyevin liderliyi ilə qarşıdakı böyük hədəflərə doğru inamla irəliləyir.
Xəbər 55 dəfə oxunub.