Müstəqilliyimiz qədər dəyərli olan əmanət

Müstəqilliyimiz qədər dəyərli olan əmanət

İnsan övladı hətta uzun müddət ərzində xəyal etdiyi hansısa əşyaya belə sahibləndiyi ilk anlarda yaşadığı duyğu və hisslər tədricən soyuyur, zamanla isə həmin əşyaya münasibət adiləşir. Hamımıza tanış olan bu cür vəziyyət adi sosial-psixoloji qanunauyğunluqdur və burada qeyri-adi hal yoxdur. Mövcud kiçik yazıda isə diqqətinizə çatdırmaq istədiyimiz əsas fikir odur ki, hər-hansı bir böyük uğurun nəticəsində konkret cəmiyyətdə yaşanan emosional birliyi və həmin dövlətin inkişaf dinamikasını söndürmək üçün dünyada birincilik uğrunda mübarizə aparan qüvvələrin polittexnoloq və siyasi mühəndisləri qeyd etdiyimiz qanunauyğunluqdan geniş istifadə edirlər. Təəccüblənməyin, geosiyasi mübarizə hər zaman olub, var və olacaqdır.

Demək olar ki, müharibədən dərhal sonra Azərbaycan cəmiyyəti müxtəlif manipulyasiya və təxribatlar vasitəsilə Qələbənin "oğurlanması” cəhdləri ilə rastlaşmışdır. Bu cür cəhdlər hələ-də davam edir. 44 günlük Vətən müharibəsi zamanı xain xislətli mənbələrdən eşitdiyimiz "Övladlarınızı müharibəyə buraxmayın, bu bir oyundur”, "Həqiqətdə cəbhədə nə baş verir bizə deyilmir”, "Erməni ordusu hücuma keçib və daha böyük əraziləri bizdən alacaq”, "Şəhidlərin əsl sayını bizdən gizlədirlər”, "Övladlarınızı nahaq yerə qurban vermisiniz, Azərbaycanı məcbur edəcəklər ki, müharibə dayandırılsın və azad edilmiş torpaqlar qaytarılsın”, "Avropa öz silahlarını sərhədlərimizə qədər gətirib, onlar ermənilərə kömək edəcək və Azərbaycan məhv olacaq” və s. bu kimi iyrənc, tükürpərdici fikirlərin hamısı məhz Qələbəmizin oğurlanmasına hesablanmış "kirli” siyasi texnologiyaların təzahürü idi. Təəssüf ki, bu cür xain davranışa hələ də rastlaşa bilirik. Tarixi Qələbəmizdən pay qopartmaq istəyənlər də olub. Müharibə gedən günlərdə şəhid ailələrində yaşanan matəm emosiyalarından yaramaz siyasi məqsədlər üçün istifadə etmək istəyənləri də görmüşük. Qələbə gününün özündə belə yaramazlıq axtaranları da yaxşı tanıyırıq. Heç şübhəsiz ki, bu cür davranışının xoş niyyəti ola bilməz.

"8 noyabr” sadəcə təqvimdə qırmız rəngə boyamış bir tarix deyil. "8 noyabr Zəfər Günü” sözləri gözəl xalqımızın tarixinə Vətəni sevən, ona sadiq olan qəhrəman şəhidlərimizin torpağa tökülmüş alov kimi qırmızı olan qan ilə yazılıb. "8 noyabr” mərdliyimizin, qəhrəmanlığımızın, Qalib xalq kimi təkrar oyanmağımızın, ümidlərimizin, əzmkarlığımızın, birliyimizin, milli qürur və fəxarətimizin, habelə vətəndaşlıq və vətənpərvərliyimizin yeni ad günüdür.

Fərd, millət və dövlət olaraq gələcək nəsillər naminə və hamımızın gələcəyi üçün Qələbə hissləri qorumalıyıq. Dünən xəyal etdiyimiz bu gün isə reallığımıza çevrilmiş Qələbəni yaşatmalıyıq. Bu hisslərin millət və dövlətimizin tükənməz enerji mənbəyinə çevirməyi bacarmalıyıq. "Qələbə” məfhumu qalib xalqın siyasi-ictimai təfəkküründə toxunulmaz prioritetə çevrilməlidir. Xalqımız üçün müqəddəs hesab olunan bu hissləri düşüncələrimizdə, yazılarımzda, davranışımızda, işimizə məsuliyyətlə yanaşmağımızda, habelə bir-birimizə olan münasibətlərdə, uşaqlara verdiyimiz tərbiyədə, yaxınlarımıza nümayiş etdirdiyimiz mərhəmətdə və gələcəyimiz ilə bağlı olan niyyətlərimizdə yaşatmalıyıq. Bütün bunlar mütləq olaraq Azərbaycan xalqının ideoloji baxışlarında əks olunmalıdır. Bunun üçün hamımız çalışmalıyıq və buna doğru inamla getməliyik.

Qələbə gözəl və bahalı suvenir kimi alınıb evin bir küncünə qoyulası əşya deyil. Dövlətin, cəmiyyətin və ayrılıqda hər birimizin fərdi uğurları ilə Qələbəyə nəfəs verməliyik, onu güvvətləndirməliyik və yaşatdırmalıyıq. Qələbənin bütün əzəmətini yalnız bu halda duya bilərik. Qələbəyə alışmaq olmaz, bu dövlət və suverenlik isə taleyimizə qismət olmuş əmanətdir. Suverenliyin əzəmətli dadını unutmuş və işğal olunmuş ərazilərdə tənha dolaşan xalqın ruhu Qələbənin sayəsində öz doğma bədəninə qayıtdı. İndidən sonra vəzifəmiz bütün təxribatları ram edərək Qalib xalqa layiq olan tərzdə inamla irəliyə addımlamaqdır. Odur ki, Qələbəmiz müstəqilliyimiz qədər dəyərli olan əmanətdir.

politoloq Asif Adil
Xəbər 39 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR