Ölüm yalnız onu gizlədə bildi!

Ölüm yalnız onu gizlədə bildi!

Böyüklük fiziki göstərici, yaşla bağlı olmur. Böyüklük insanla doğulur, ruhunda onunla birlikdə hamıdan xəbərsiz yol gedir. İnsanların çoxu yalnız özü üçün yaşayır. Miskin həyat tərzi onların ömür yolunu müəyyənləşdirir və kiçiklikdən kənara çıxa bilmirlər. Böyük olmaq isə hər kəsə nəsib olmur. Böyüklük geniş ürək, uca düşüncə və insanlıq yükünü daşımaq gücüdür. Haqqında fərəhlə, iftixarla danışdığımız bizim Qəzənfər müəllim böyük doğulmuşdu. 
 
Böyük amalların, müqəddəs arzuların yolçusu kimi ömrünü uca məramlara xidmətə həsr etmişdi. Bu gün qürur hissi ilə söyləyirəm ki, bu mübarək alim bizim tayfanın ən ali mənəvi dəyərlərini öz şəxsiyyətində yaşadan insanlardan biri, böyük bir elin sahibi, zəngin mənəviyyatın daşıyıcısı, alicənab, bütöv şəxsiyyət idi. Onun səliqəsi, duruşu, danışığı və davranışı hər kəsdə heyranlıq oyadırdı. Hara gedirdisə özü ilə ağayanalıq, nəciblik və böyüklük aparırdı. Onun böyüklüyünü daha da ucaldan bir xüsusiyyət də vardı. Bütün bu ucalığına baxmayaraq atamın yanına kiçik qardaş məhəbbəti ilə gəlirdi. Ehtiramla, sevgi ilə, səmimiyyətlə…
 
Hamı onun yanında susar, sözünə dəyər verərdi. O isə atamın hüzurunda özünü kiçik qardaş sayardı. Onun iştirak etdiyi məclislərdə atam başda oturar, son söz atama məxsus olardı. Əsl böyüklük də budur. İnsan ucaldıqca sadələşməyi, böyüdükcə kiçilməyi bacarmalıdır. Qəzənfər müəllim orta, orta ixtisas və ali təhsilini, Marksizm-Leninizm İnstitutunu fərqlənmə ilə başa vurmuşdu. Dərin biliyi, yüksək mədəniyyəti və zəngin dünyagörüşü Lənkəranın ziyalı mühitində ona xüsusi yer qazandırmışdı. Müəllim və ictimai xadim kimi nüfuzu böyük olmuşdu. Xain və düşmən qüvvələrin fitnəsi nəticəsində yüksək vəzifələrdən uzaqlaşdırılmışdı. Bu haqsızlıq onun mənəvi ucalığından heç nə apara bilmədi. Çünki daşıdığı ən böyük vəzifə şəxsiyyəti, qazandığı ən böyük məqam isə insanların qəlbindəki yeri olmuşdu.
 
Öz atası ilə düz oturub əyri danışanlar Qəzənfər müəllimi görəndə ixtiyarsız olaraq ayağa qalxır, danışığına, duruşuna fikir verir, özünü yığışdırırdı. Onunla Lənkərən şəhərində gəzəndə hamı ona həsrətlə, heyranlıqla baxırdı, şəhərin özü belə onu tanıyırdı. Yaşlılar ona hörmətlə salam verir, gənclər onu maraqla seyr edir, ziyalılar onunla bir neçə kəlmə kəsməyi özlərinə mənəvi qazanc sayırdılar. Hara gedirdisə arxasınca xoş söz, ehtiram və xeyir-dua aparırdı.
Qəzənfər müəllim adi insanlardan biri deyildi. Onun oturuşunda, duruşunda, geyimində, baxışlarında bir ziyalı sanbalı vardı. Danışmağa başlayanda hamı onu sonadək dinləmək istəyirdi. Çünki Qəzənfər müəllim sözə qiymət verən, sözü yerində işlədən insanlardan idi. Onun söhbətində mənasızlıq, davranışında sünilik, münasibətində saxtalıq tapmaq mümkün deyildi.

İnsanlar onu vəzifəsinə görə sevmirdilər. 

Çünki Qəzənfər müəllimin ən böyük vəzifəsi şəxsiyyəti idi. O, vəzifə ilə böyüməmişdi, şəxsiyyəti ilə ucalmışdı. Elə buna görə də yüksək vəzifələrdən uzaqlaşdırıldıqdan sonra da onun adı, nüfuzu və hörməti əvvəlki kimi qaldı. Vəzifələr gəldi-getdi, Qəzənfər müəllimin böyüklüyü dəyişmədi. Mən isə belə alicənab, müdrik ziyalı ilə qohum olmağın qürurunu, xoşbəxtliyini yaşayırdım. 


Vaxtsız və nakam ölən əmimdən sonra dünyaya gəlmişdi, onun adını daşıyırdı. Elə buna görə qohum-əqrəba onu Əvəz əmi çağırırdı. Arzuları pərən-pərən olmuş nakam əmimin əvəzi ola bilmədi. Taleyi daha böyük yazıldı. Bir nəslin ağsaqqalına, bir elin mənəvi sərvətinə çevrilə bildi. Qohumluğun dayağı, el-obanın hörmət ünvanı, böyüyü, ağsaqqalı olmuşdu. Onun adı çəkilən məclislərdə insanlar ehtiramla susurdu. Duruşu hörmət doğururdu, sözü etibar qazanırdı, varlığı arxayınlıq gətirirdi. Qəzənfər müəllim nakam əmimin əvəzi olmadı, hamımızın ƏVƏZsiz sevgi, etimad və inam yeri oldu! 

Onun xalqın övladlarına öyrətdiyi dərsləri arxasında görünməyən mələklər də alqışlayırdı. Çünki Qəzənfər müəllim kamil insan övladının canlı nümunəsi, vicdanın, əxlaqın və ləyaqətin ünvanı kimi dillər əzbəri olmuşdu. Bu ali keyfiyyətlərinə görə hamı onu sevirdi. Sevilmək üçün ömür yaşamışdı. Ömrünü şərəflə yaşadı, şərəflə də bu fani dünyadan köçdü!

2003-cü ilin 22 avqustundan sonra avqust ayı mənim üçün qorxunun, kabusun, xaosun, nisgilin və həsrətin başlanğıcıdır. Bu ay gələndə zaman dayanır, xatirələr kövrəlir. Onunla keçən günlər, söhbətlər, məclislər, nəsihətlər bir-bir gözlərimin önündən keçir. Qəzənfər müəllimin ölümü həyatımızdan bir parça qoparıb apardı. Elə bir parça ki, illər keçir, yeri dolmur. Böyük doğulmuş insanlar öləndən sonra da ömür yaşayır. Qəzənfər müəllim də həmin insanlardandır. Belə insanlar torpağa tapşırılsa da insanların qəlbində və xatirələrində müqəddəs dəyər kimi yaşayır. Avqust ayı mənim üçün Qəzənfər müəllimin adı, xatirəsi və nisgilidir. 

Ölüm Qəzənfər müəllimə heç nə edə bilmədi. Özü rəzil oldu, hörmətdən düşdü, miskin və çarəsiz bir duruma yuvarlandı, nifrət qazandı. Sevimli əmim isə ürəklərimizdə yaşayır, bizimlə yol gedir, adı and yerimizdir, xatirəsi mənəvi sərvətimizdir. Ölüm onun əlindən cismini ala bildi. Adına, əməllərinə, böyüklüyünə toxuna bilmədi. Ölüm yalnız onu gözlərimizdən gizlədə bildi! Böyük doğulmuş dahi insanlar ölmür,  ölümsüz olurlar. Qəzənfər müəllim kimi!

Nəzərəli Ağayev,
rəssam, heykəltəraş

Xəbər 63 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR