2026-cı ilin yanvar-iyun aylarında Azərbaycana gələn əcnəbilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə azalıb.
Aktual.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin Dövlət Sərhəd Xidmətinin məlumatları əsasında yaydığı hesabata görə, cari ilin ilk altı ayında Azərbaycana dünyanın 189 ölkəsindən 1 milyon 92,6 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 10,3 faiz azdır.
Azərbaycana gələnlərin 28,1 faizini Rusiya, 21 faizini Türkiyə, 8,2 faizini İran, 4,9 faizini Gürcüstan, 4,6 faizini Qazaxıstan, 3,2 faizini Özbəkistan, 2,9 faizini Pakistan, 2,8 faizini Hindistan, 2,6 faizini İsrail, 2,4 faizini Çin, 1,8 faizini Səudiyyə Ərəbistanı, 1,6 faizini Ukrayna, 1,3 faizini Türkmənistan, hər birindən 1,1 faiz olmaqla Almaniya və Böyük Britaniya vətəndaşları təşkil edib. Digər ölkələrin payı isə 12,4 faiz olub.
Ölkəyə gələnlərin 68,7 faizi kişilər, 31,3 faizi isə qadınlar olub.
Hesabata əsasən, Avropa İttifaqı ölkələrindən gələnlərin sayı 9,3 faiz artaraq 54,4 min nəfərə, MDB ölkələrindən gələnlərin sayı 1,8 faiz artaraq 430,4 min nəfərə yüksəlib. Körfəz ölkələrindən gələnlərin sayı 31,4 faiz, digər ölkələrdən gələnlərin sayı isə 14,1 faiz azalıb.
Əcnəbilərin 71,1 faizi Azərbaycana hava nəqliyyatı ilə, 27,5 faizi dəmir yolu və avtomobil nəqliyyatı ilə, 1,4 faizi isə dəniz yolu ilə daxil olub.
Eyni dövrdə xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının sayı da azalıb. Belə ki, 2026-cı ilin yanvar-iyun aylarında xaricə gedən Azərbaycan vətəndaşlarının sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,1 faiz azalaraq 937,4 min nəfər təşkil edib.
Azərbaycan vətəndaşlarının 41,5 faizi Türkiyəyə, 17,1 faizi Rusiyaya, 11,7 faizi Gürcüstana, 6,2 faizi İrana, 23,5 faizi isə digər ölkələrə səfər edib.
Xaricə gedən Azərbaycan vətəndaşlarının 69,8 faizi hava, 28,1 faizi dəmir yolu və avtomobil, 2,1 faizi isə dəniz nəqliyyatından istifadə edib.
Xəbər 58 dəfə oxunub.