Ölkəmiz Mərkəzi Asiya dövlətləri ilə əlaqələrini daha da möhkəmləndirir

Ölkəmiz Mərkəzi Asiya dövlətləri ilə əlaqələrini daha da möhkəmləndirir

Azərbaycan Mərkəzi Asiya dövlətləri üçün vacib tərəfdaş ölkədir. Coğrafi mövqeyi və genişmiqyaslı iqtisadi əlaqələri bu tərəfdaşlığın əsas istiqamətlərini müəyyənləşdirir. Ölkəmizin beynəlxalq arenada artan nüfuzu və qlobal əhəmiyyətli tədbirlərdə fəal iştirakı Azərbaycanın Mərkəzi Asiya dövlətləri üçün artan əhəmiyyətini nümayiş etdirir. Prezident İlham Əliyevin Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirakı da bu əlaqələrin yüksək səviyyəsinin göstəricisidir. Çünki Azərbaycan etibarlı, təhlükəsiz və əməkdaşlığa açıq dövlət kimi beynəlxalq əlaqələrin fəal iştirakçısıdır. Regionun əsas iqtisadi güclərindən biri olaraq ölkəmiz böyük iqtisadi layihələrə təşəbbüs göstərir, onların həyata keçirilməsində fəal rol oynayır və qarşılıqlı faydaya əsaslanan yeni imkanların formalaşmasına şərait yaradır.

Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə dövlət başçımız Prezident İlham Əliyevin iştirakı və çıxışı Azərbaycanın beynəlxalq əməkdaşlığa verdiyi əhəmiyyətin ifadəsi kimi yadda qaldı.

Bu fikirləri Milli Məclisin deputatı Rəşad Mahmudov deyib.
 
O bildirib ki, bu ölkəmizin Mərkəzi Asiya ilə əlaqələrini daha da gücləndirdiyini göstərir. Bu istiqamətdə formalaşan əməkdaşlıq mühiti qarşılıqlı əlaqələrin genişləndirilməsi üçün əlverişli imkanlar yaradır. 

Deputat daha sonra bildirib ki, Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi, "Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşünün Birgə Bəyanatı”nın imzalanması və "Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünün tənzimləyici sənədləri haqqında Qərar”ın qəbul edilməsi Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm tarixi addım oldu.

Prezident İlham Əliyev toplantıda çıxış edərək bildirdi ki, Azərbaycan ötən ilin noyabrında Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət formatının tamhüquqlu üzvü oldu. Bu tarixi qərar ölkımizin Mərkəzi Asiya ilə münasibətlərinin son illərdə qazandığı yüksək səviyyənin göstəricisidir. Ölkəmizin bu formata qoşulması region dövlətləri ilə qarşılıqlı etimadın və strateji tərəfdaşlığın daha da gücləndiyini göstərir. Bununla yanaşı
Azərbaycan Türkmənistan münasibətlərinə toxunan dövlətimizin başçısı Avazada Azərbaycanın tamhüquqlu iştirakı ilə bağlı təşəbbüsü və Füzulidə məscidin tikintisini iki qardaş ölkə arasında dərin dostluğun ifadəsi kimi dəyərləndirdi.
Prezident İlham Əliyev çıxışında Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında siyasi dialoqla yanaşı iqtisadi, nəqliyyat və enerji əməkdaşlığının da genişləndiyini bildirərək Orta Dəhlizin inkişafı, qarşılıqlı investisiyaların artması, Xəzər üzərindən yükdaşımaların genişlənməsi və yaşıl enerji layihələrinin tərəfdaşlıq üçün yeni imkanlar yaratdığını diqqətə çatdırdı. Mərkəzi Asiya dövlətlərinin azad edilmiş ərazilərimizin bərpasında iştirakını qardaşlıq münasibətlərinin canlı nümunəsi adlandıran Prezident İlham Əliyev bu dəstəyin Azərbaycan üçün yüksək qiymət daşıdığını xüsusi qeyd etdi. Şübhəsiz ki, bu əməkdaşlıq qarşılıqlı etimadın möhkəmlənməsinə və xalqlarımız arasında qardaşlıq əlaqələrinin daha da dərinləşməsinə xidmət edir. Ölkə başçımız məzmunlu çıxışı ilə bir daha əməkdaşlığa və qarşılıqlı dəstəyə əsaslanan əlaqələrin gələcək inkişafına aydın mesaj verdi.

Deputat yekunda qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin məqsədyönlü siyasəti ölkəmizin beynəlxalq aləmdə mövqelərini genişləndirir, eləcə də Mərkəzi Asiya ilə Avropa arasında mühüm siyasi, iqtisadi və nəqliyyat bağlantısına çevrilən güclü regional aktor kimi mövqeyini daha da möhkəmləndirir. Ölkə başçısının Türkmənistana səfərinin Azərbaycanı Mərkəzi Asiya ilə Avropa arasında əlaqələrin daha fəal iştirakçısına çevirən əməkdaşlıq imkanlarını genişləndirərək dövlətimizin regional və beynəlxalq mövqelərinin möhkəmlənməsinə yeni imkanlar açacağı şübhə doğurmur.
Xəbər 62 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR