“Əvvəl bilik, sonra birlik” adlı ictimai dinləmə keçirildi

“Əvvəl bilik, sonra birlik” adlı ictimai dinləmə keçirildi

Erkən nikah gənclərin təhsilinə, sağlamlığına və gələcək həyatına ciddi təsir göstərən sosial problemlərdən biridir. Bu nikahlar ailələrin sosial və psixoloji durumuna təsir göstərməklə yanaşı, gənclərin şəxsi inkişaf imkanlarını da məhdudlaşdıraraq gələcəkdə bir sıra problemlərə səbəb olur. Bunun qarşısının alınması üçün vaxtında maarifləndirmə və hüquqi məlumatlandırma işlərinin aparılması olduqca vacibdir.
 
"Vətəndaş” Tədqiqat və İnkişaf İctimai Birliyi erkən nikah problemini ictimai müzakirəyə çıxararaq alqışa layiq təşəbbüsü ilə nümunə sərgiləyib.
 
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə "Vətəndaş” Tədqiqat və İnkişaf İctimai Birliyi bu vacib mövzuya diqqət yönəldərək erkən nikahların sosial, tibbi və hüquqi fəsadları barədə ictimai məlumatlılığın artırılması məqsədilə layihə həyata keçirib.

Aktual.az xəbər verir ki, layihə çərçivəsində keçirilən tədbirdə erkən nikahların yaratdığı problemlər, onların qarşısının alınması yolları və maarifləndirmənin rolu ətrafında geniş müzakirələr aparılıb.


Tədbirdə "Vətəndaş” Tədqiqat və İnkişaf İctimai Birliyinin sədri Əli Həziquliyev çıxış edərək erkən nikah probleminin cəmiyyətə və ailə münasibətlərinə mənfi təsirlərinə toxundu. O, bu istiqamətdə maarifləndirmə işlərinin genişləndirilməsinin vacibliyini qeyd etdi.

Layihənin koordinatoru, tanınmış jurnalist Esmira Namiqqızı layihənin məqsədləri və qarşıda duran vəzifələr barədə məlumat verdi. O, xüsusilə regionlarda gənclər və valideynlər arasında maarifləndirmə işlərinin aparılmasının vacibliyini diqqətə çatdırdı. Esmira Namiqqızı gənclərin təhsil almasının, şəxsi inkişaf imkanlarından yararlanmasının və gələcəkləri ilə bağlı düşünülmüş qərarlar verməsinin əhəmiyyətini qeyd etdi. Onun sözlərinə görə erkən nikahların qarşısının alınmasında ailə ilə yanaşı məktəb və ictimai mühitin də rolu böyükdür. Maarifləndirmə işləri gənclərin hüquqlarını daha yaxşı tanımasına, qarşılarında dayanan imkanları düzgün qiymətləndirməsinə və gələcəkləri ilə bağlı məsuliyyətli seçimlər etməsinə şərait yaradır.

Tədbirdə çıxış edən politoloq, Milli QHT Forumunun İdarə Heyətinin üzvü Zaur İbrahimli, Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyinin sədri Fariz Əkbərov, ƏHD Partiyasının baş katibi Niyaməddin Orduxanlı, tanınmış jurnalist Aqil Alışov və digər natiqlər erkən nikahların yaranmasına təsir edən sosial amillər barədə fikirlərini bölüşdülər. Çıxışlarda erkən nikahların gənclərin təhsilinə, sağlamlığına, psixoloji vəziyyətinə və gələcək həyatına təsirləri vurğulandı. Valideynlərin, təhsil müəssisələrinin və cəmiyyətin bu istiqamətdə maarifləndirmə prosesinə fəal qoşulmasının vacibliyi bildirildi.

Müzakirələr zamanı gənclərin hüquqları barədə məlumatlandırılması, onların təhsil və inkişaf imkanlarının genişləndirilməsi, valideynlərin erkən nikahların fəsadları barədə məlumatlılığının artırılması məsələlərinə də geniş toxunuldu. Tədbir iştirakçıları bu sahədə maarifləndirmə işlərinin davamlı aparılmasının vacibliyini qeyd etdilər.












Xəbər 71 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR