“İftarı saunada sevgilisi ilə açan məmurlarımız…..” - Elşən Musayev

“İftarı saunada sevgilisi ilə açan məmurlarımız…..”  - Elşən Musayev

Ramazan başlayandan kimin ağzını açmışam, oruc tutduğunu deyib. Canım üçün. Narkomanından tutmuş fahişəsinə, dələduzundan tutmuş korrupsionerinə qədər. Tam səmimi sözümdür. Üstünə-filan da qoyub eləmirəm. İnanın. Hətta bir ara marağa düşüb özüm də oruc tutmaq qərarına gəldim - bunu da etiraf edim. Ən azından gözəl məmləkətimizdə Ramazan qayda-qanunları, oruc tələbləri daha uyğun şərtlərlə tənzimlənir deyə. Amma bacarmadım. Ha illah elədim, bacarmadım. Oysa, bacarmalı idim. Ya da söhbəti ritorik fırlayım: Niyə bacarmamalı idim...? Ay qardaş, ay əzizim,  bu ölkədə yalanı yalan üzərinə calaya-calaya, söyüşlü lətifə danışa-danışa, onun - bunun anasına, bacısına kəm gözlə baxa-baxa, kiməsə torba tikə-tikə oruc tutmaq mümkündür ya yox? – Əlbət ki, mümkündür. Vəssalam da. O zaman mən niyə tutmamalıyam bu orucu? Mən niyə özümdən müştəbeh gəzməliyəm? Mən niyə özümü ağıllı sanıb orucun alt-üst detallarını, günah-savab, halal-qəza tərəflərini düşünməliyəm, dəqiqləşdirməliyəm? Hə?! Yoxsa, maşınının "bardaçok”unda araq gəzdirən 5 qat hacılarımızdan dahamı çoxbilmiş, dahamı dərrakəliyəm? Ya da iftarı saunada halal sevgilisi ilə açan bəzi məmurlarımızdan? – Yox, təbii. Əsla! Qətiyyən! Və ya kişilər hər halda nəsə bilirlər ki, orucu da bu cür tuturlar da. Deyilmi?

***

Əzizlərim, gözəl bacı və qardaşlarım!

Azərbaycan orucunun öz adət - ənənələri var. Bunu heç unutmayın və məmləkətimizin bəzi Ramazan qaydalarını "ebay”dan sifariş olunan"çukça”sırğaları kimi qulağınızın (beyininizin) bir yerinə pərçimləyin:

1) Orucun qəbul olunması üçün sadəcə ac qalmaq yetərlidir. Əmin olun. Üstəgəl, bunu mən demirəm, əlahəzrət praktika deyir!

2) 365 gün naxələflik, namərdlik, alçaqlıq edib, sonucda bir ay etibarilə imana gəlmiş olsanız (təbii öz təbirinizcə) inanın ki, o biri dünyada savablarınızı 50 tonnajlıq kamazla belə daşıyıb qurtara bilməyəcəklər! Hətta ola bilər, həmin savablar o qədər artıq qala ki, qohumdan-əqrəbadan kiməsə pay-pürüş də düşsün...

3) İftardan sonra qumar, bazlıq, içki haram deyil. Ağsaqqallarımız, başbilənlərimiz, dədə-babalarımız bu məqamda nə deyiblər? - "Əsas ürək təmiz olsun, qalanı boş şeydir”

4) Ramazan ayı boyunca, sutka ərzində 4 adamın anasını eyni anda ağlar günə qoyub əvəzində axşam bir adama iftar vermək bütün günahları pozar. Bu sadə bir riyazi  hesablamadır: "4 səhv bir düzü aparır”  Və...əgər həmin anası ağladılanların sayı 4 yox 3 olsa, o zaman hesab edin ki, vəziyyət yenə də sizin lehinizədir. Yəni, cənnətə doğru daha bir möhkəm addım atmış oldunuz.

5) Oruc vaxtı "facebook” və digər sosial şəbəkələrdə qız bişirmək olmaz. Günahdır. Bunun üçün ayarlanmış konkret zaman kəsiyi var: gecə 00.00-dan imsaq vaxtına qədər.

6) Oruc tutmusansa bunu qarşına çıxan hər kəs biləcək. Daha doğrusu bilməlidir. Yox əgər bilməsə, eşitməsə, görməsə zorla gözünə soxacaqsan. Ələlxüsus da ictimai yerlərdə. Məsələn, marketdə kassir qıza bərk səslə "Ay bacı, mənim mallarımı tez vur, gedim iftara çatım”- deyə (göstəriş formasında) müraciət edərək...

7) Və nəhayət....İftara kasıb oruc tutanı deyil, varlı oruc tutmayanı çağırmaq daha müstəhəbdir. Hətta deyilənə görə bu savabların ən böyüyüdür. Çünki, varlının nəfsi tox, mədəsi dolu, könlü fərah olur. Ələlxüsus da əgər o... ORUC TUTMAYIBSA!!!!

Bax belə...

P.S. Əsl iman sahiblərinin bu yazıda özlərini görmədiyinə, görməyəcəyinə əminəm..

Allah, səmimi və sidq ürəklə tutulan bütün orucları qəbul etsin İnşallah...Amin!

Xəbər 975 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR