“Hamı diqqətini daha çox iqtisadi islahatların zəruriliyinə yönəltməlidir” - BƏYANAT

“Hamı diqqətini daha çox iqtisadi islahatların zəruriliyinə yönəltməlidir” - BƏYANAT

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin növbəti iclası keçirilib.
 
Aktual.az xəbər verir ki, iclasda məktəbli geyimi və dini etiqad azadlığı ilə əlaqədar ölkəmizdə aparılan müzakirələrə münasibət bildirib.
 
ƏHD Partiyasının bununla qəbul etdiyi bəyanatda deyilir:
 
"Dinlər insanları Allahı tanımağa, onu sevməyə və Allahın xeyirxah əməlləri mükafatlandırıb, zalımları cəzalandırdığına inanmağa çağırır.
 
İnsanın Allaha olan sevgisi onun dini rituallara əməl etməsi ilə deyil, insanlığa xidmət etməsi ilə müəyyən olunur. İslam Azərbaycanda yaşayan insanların əksəriyyətinin iman gətirdiyi dindir və mənəvi həyatımızın bir hissəsidir. Allah başqalarına dindar olduğunu nümayiş etdirənləri yox, insanlar üçün faydalı iş görənləri sevər və mükafatlandırar. Dindar olmaq Allah adamı olmaq demək deyil. Biz, bəzi Qərb ölkələrində vaxtilə Allahın evi olan kilsələrdə inkvizisiya məhkəmlərinin dəhşətli işgəncələri, dövrümüzdə isə kilsələrdə din xadimləri tərəfindən azyaşlı oğlan uşaqlarının necə cinsi istismara məruz qalması, din pərdəsi altında işğallar barədə çox oxumuşuq. Qarabağın işğalı zamanı dini təəssübkeşlik pərdəsi altında ədalətin, haqqın necə ayaqlar altına atılmasını, bir milyon müsəlmanın ev-eşiyindən didərgin salınması, məscidlərimizin, islam abidələrinin dağıdılması zamanı din qardaşlarımızın bizi necə müdafiə etməsini görmüşük, böyük üzüntü içərisində həmin acıları yaşamışıq. İnanclı insanları radikallaşdırıb, siyasi məqsədlərlə dini istismar və ondan sui-istifadə edənləri Böyük Yaradan həmişə cəzalandarıb, cəzalandıracaq. Hökumətin fəaliyyətindən narazı vətəndaşlarımız bir az uzağa baxıb bu mövzudan iqtidara qarşı istifadə etməməlidir. İslamın siyasiləşməsi və dindarların əsas siyasi müxalifətə çevrilməsi ölkəmizə yaxşı heç nə vəd etmir.
 
İnsanlarımız bilməlidir ki, yaşamaq uğrunda çarpışan yoxsul cəmiyyətlərdə nə din olmaz, nə də başqa ali insani dəyərlər. Hamı diqqətini daha çox iqtisadi islahatların zəruriliyinə yönəltməlidir. Biz, məktəblərə uşaqlarımızın başıbağlı, yaxud başıaçıq getməsini yox, təhsilin keyfiyyətini, repetitorluğun niyə aradan qalxmaması kimi məsələləri, qanunsuzluqla üzləşən kiçik və orta sahibkarların, hüquqları pozulan sadə vətəndaşların niyə məscidlərə üz tutmasını, güclü rifah dövləti olmağımızın qarşısında dayanan böyük əngəlləri müzakirə etməliyik. Yalnız inkişaf etmiş cəmiyyətlərdə ali dəyərlər bərqərar olur, insan hüquq və azadlıqlarına ciddi təminatlar yaradılır.
 
Qardaş Türkiyədə tərəfdarları əsasən əyalətlərdəki dindar kəsim olan AKP-nin funksionerlərinə müraciət edirik ki, vahid məktəbli formasının tətbiqi dini etiqad azadlığının məhdudlaşdırılması deyil. Həm də insan hüquq və azadlıqları yalnız dini etiqad azadlığı ilə müəyyən olunmur və qardaş Türkiyədə hüquqi dövlət, mülki cəmiyyət quruculuğu sahəsində çox ciddi problemlər var. Azərbaycanda insan hüquqlarının durumu Türkiyəni, o cümlədən AKP iqtidarını heç vaxt ilgiləndirməyib. Əgər bu gün hansısa məsələ ilə əlaqədar Azərbaycan iqtidarı ilə fikir ayrılıqları yaranıbsa, bu, belə bir həssas məsələ üzərindən münasibətlərə ziyan vuran formada yox, masa arxasında həll olunmalıdır. Bizim düşmənləri sevindirən vaxtımız deyil.
 
ƏHD Partiyası eyni zamanda hökuməti qızlar və qadınlar üçün milli geyim forması olan kələğayının vahid məktəbli formasına daxil edilməsini nəzərdən keçirməyə çağırır”.
Xəbər 22 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR