Görkəmli kinorejissor Vaqif Mustafayevin 70 illiyi münasibətilə təntənəli yubiley mərasimi keçiriləcək

Görkəmli kinorejissor Vaqif Mustafayevin 70 illiyi münasibətilə təntənəli yubiley mərasimi keçiriləcək

Azərbaycanın kino ictimaiyyəti milli kinematoqrafiyamızda öz dəst-xətti ilə seçilən görkəmli rejissor, ssenarist, Xalq artisti, Dövlət mükafatı laureatı, Avropa Kino Akademiyasının üzvü, professor Vaqif Mustafayevin yubileyinə hazırlaşır.
Aktual.az Azərtac-a istinadən xəbər verir ki, avqustun 28-də Nizami Kino Mərkəzində görkəmli kino xadiminin 70 illiyi münasibətilə yubiley mərasimi keçiriləcək. Yubiley tədbirlərində Avrasiya Televiziya və Radio Akademiyasının prezidenti Valeri Ruzin, Rustaveli adına Tbilisi Dövlət Akademik Teatrının məşhur aktyoru, Gürcüstanın Xalq artisti Aftandil Maxaradze və başqaları Bakıya gələcəklər.
İndidən dünyanın mötəbər kino xadimləri, görkəmli sənətkarlar yubilyara öz təbriklərini göndərirlər. Məsələn, Rusiyanın Xalq artisti, kinorejissor və aktyor "Oskar” mükafatı laureatı Nikita Mixalkov azərbaycanlı həmkarına göndərdiyi video təbrikdə ən xoş arzularını çatdıraraq, onun dünya kinematoqrafiyasında xüsusi yer tutduğunu bildirərək deyir: "Əziz Vaqif, sən əsl milli sənətkarsan. Yalnız milli olanlar ümumbəşəri ola bilirlər”.
Qeyd edək ki, Xalq artisti Vaqif Mustafayev 1953-cü ildə Bakı şəhərində anadan olub. Vaqif Mustafayev yaradıcılığının ilk illərində "Mozalan” kinojurnalı üçün 50-yə yaxın satirik bədii və sənədli süjetlər çəkib. Onun quruluş verdiyi "Bəyin oğurlanması” "Yaramaz”, "Nakəs”, "Fransız”, "Milli Bomba”, "Hər şey yaxşılığa doğru”, habelə ssenari müəllifi olduğu "Fəryad” və digər filmləri böyük tamaşaçı rəğbəti qazanıb.
Rejissorun parlaq yaradıcılıq nümunələri bir sıra beynəlxalq festivalda mükafatlar qazanıb.
Vaqif Mustafayev Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş 12 sənədli filmin müəllifidir. Bu ekran əsərlərindən üçü "Əsl məhəbbət haqqında” , "Bir həsədin tarixi” və "Xüsusi təyinat” filmləri Moskvada keçirilən Avrasiya Teleforumunun Qran-pri mükafatına layiq görülüb. 2018-ci ildə Xocalı faciəsinə həsr olunmuş "Dərdimi çəkirəm” sənədli filmini çəkən Vaqif Mustafayev, 2022-ci ildə "Həyat, deyəsən, gözəldir” bədii və "Fikrət Əmirov” bədii-sənədli filmlərini ərsəyə gətirib. O, "Həyat, deyəsən, gözəldir” filminə görə Türkiyədə keçirilən "Korkut Ata” Beynəlxalq Film Festivalında "Türk dünyasının ən yaxşı rejissoru” adına layiq görülüb.

Xəbər 3118 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR