Fərdanın "selfinaz"ı ilə Nurayın gözyaşları arasındakı oxşarlıq...

Fərdanın

Hacıbəy Heydərli 

Son günlər sosial şəbəkələrdə ən çox müzakirə olunan 2 məsələ var, biri Qubada atası və xalası arasında qalan Nuray, digəri isə tanınmış aktyor Fərda Aminin "Selfinaz"ı. Əslində, ilk baxışdan bu 2 mövzu haqda uyğunsuzluq görmək mümkündür, ancaq bir az detallara varanda görürük ki, hər iki gündəm mövzusu həyatımızda baş verənlərin aynasıdır. Yəni, həyatda öz övladından xəbəri olmayanlar, bütün günü arvadını döyənlər, boşandıqdan sonra uşağı valideyninə bir dəfə də olsun göstərməyənlər Nurayı müdafiə edir, atasını isə yıxıb-sürüyür. Digər yanda isə özümüzdən başqa hər kəsi bəyənən, azərbaycanlı sözünə qarşı kompleksi olanlar, "bizdə elədi, bizdə belədi" deyənlər Fərdanı.
 
Fərdanın "selfinaz"ı streotipləri qırmaqla başlayır, sovet dövründə əhalimizə təbliğ olunan "seks" mifinin dağıdılması ilə təbliğ olunur. Onu da qeyd edim ki, bu ənənəni Azərbaycanda qırmaq meşəyə odunla getmək kimi bir şeydir. Fərda bu yükün altına giribsə, buna görə ona təşəkkür düşür. Çünki türk, rus filmlərində ən ağır söyüşləri izləyib, bizimkilər deyəndə isə "şit, bambılı" adlandıranlar ən azından özümüzə də baxıb düşünə bilərlər ki, bizdə də söyüş söymək olur.
 
Evdə, çayxanada ən ağır sözləri işlədib, cəmiyyətdə özünü mələk kimi aparan şəxslər üçün bunu qəbul etmək heç də asan deyil. Çünki bizdə  "Mən dediyimi elə, mən elədiyimi eləmə" prinsipi artıq həyat tərzimizə çevrilib. Əslində, "selfinaz"a baxanda hiss olunur ki, Fərda özü də vulqar ifadələrin tərəfdarı deyil, çünki aktyorun potensialı imkan verir ki, söyüşsüz də camaatı güldürsün. Fərda ona görə bu sözləri işlədir ki, hər sözün arxasına "türkün məsəli" qoşan xalq ən az türk qədər də özümüzü də sevə bilsin.
 
Qardaşlarımızdan söz düşmüşkən, Fərdanın Cem Yılmazla müqayisəsindən mütləq danışmalıyam. Onu deyim ki, mən özüm də bu iki "stand-up"çı arasında oxşarlığı hiss edirəm, ancaq bu o demək deyil ki, Fərda onun plaqiatıdır. Əgər bu iki şəxsin xarici görünüşü, jestləri, mimikaları, gülüşü bənzəyirsə bunun hesabını Fərdadan yox, Yaradandan sormaq lazımdır. "Selfinaz"da edilən söhbətlər, zarafatlar Cem Yılmazda ümumiyyətlə olmayıb, ən azından Cem bəlkə özü də bilmir ki, yasda molla nə işlə məşğul olur və ya rayon yerində əhalimiz hansı ləhcəylə danışır, yaxud da tualetdə insanları gözlərkən hansı məsələlər aktuallaşır.
 
Bir də aktyoru tənqid edənlər düşünməlidilər ki, "Tək səbir" efirə gedəndə Cemin şouları çox az idi və Azərbaycan tamaşaçısı ümumiyyətlə ondan xəbərsiz idi.
 
Tənqidə gəlincə isə deyə bilərəm ki, tənqid həyatda ən asan işdir və tənqidi hamıdan gözəl məhz elə aktyorlarımız bacarır. Klaviatura arxasında kimisə tənqid, hətta təhqir etmək olar və hətta normal cəmiyyətlərdə bu hal daha da inkişafa gətirib çıxarır. Eyni zamanda da tənqidlərə eyni tonda cavab vermək məşhur simanın haqqıdır. Kimisi buna göz yumur, kimi isə eyni cür cavab verər. Buna görə kimisə təhqir etmək, qınaq obyektinə çevirmək olmaz.
 
Sonda isə başda qeyd etdiyim məqama qayıtmaq istəyirəm. Fərda ilə Nurayın oxşarı cəhəti odur ki, hər ikisi cəmiyyətimizin güzgüsü rolunu oynayır və el içində olanları hər kəsə göstərir. Fərda buna görə söyülür, tənqid olunur. Nuray isə buna görə hər kəsin sevimlisinə çevrilir. Amma heç kim çıxış yolunu göstərmir, cəmiyyətimizdə atası tərəfindən atılan, döyülən, söyülən o qədər qızcığaz var ki, amma cəmiyyət elə reaksiya verir ki, sanki qurban yalnız Nuraydır.
 
Eyni zamanda da Fərdanın göstərdiyi cəmiyyət özünü elə aparır ki, sanki bütün günü Türk seriallarına baxan, türk məşhurları Bakıya gələndə onun ayağına düşən, qardaş ölkədə nəsə baş verəndə öz qohumlarını unudub, ondan yazan bunlar deyil. Sanki təkcə Fərda Cem Yılmazı izləyir və onu plaqiat edir...
 
Aktual.az
Xəbər 5761 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR