Elmar Məmmədyarov ABŞ-da görüşlərini davam etdirir

Elmar Məmmədyarov ABŞ-da görüşlərini davam etdirir

Azərbaycan xarici işlər naziri Nyu-York-da bir sıra görüşlər keçirib - FOTO

Aktual.az AZƏRTAC-a istinadən bildirir ki, xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Məclisinin 70-ci sessiyası çərçivəsində San-Marinonun xarici işlər naziri Paskal Valentini, Uruqvayın xarici işlər naziri Rodolfo Nin Novoa və Albaniyanın xarici işlər naziri Ditmir Buşati ilə görüşüb.

San-Marino xarici işlər naziri ilə görüşdə iki ölkə arasında müxtəlif sahələrdə ikitərəfli əməkdaşlıq imkanlarına dair müzakirələr aparıldı. Görüşdə Azərbaycan Respublikası və San-Marino arasında "Sərmayələrin təşviqi və qarşılıqlı qorunması" haqqında Saziş imzalandı.

Uruqvayın xarici işlər naziri Rodolfo Nin Novoa ilə görüşdə iki ölkə arasında mövcud əməkdaşlıq istiqamətləri ilə bağlı müzakirələr aparıldı. İki ölkə arasında siyasi dialoqun inkişafında Uruqvay xarici işlər nazirinin müavini Xose Luis Kanselanın bu ilin sentyabr ayında Azərbaycana məhsuldar səfəri və xarici işlər nazirlikləri səviyyəsində siyasi məsləhətləşmələrin aparılmasının əhəmiyyəti qeyd edildi. Rodolfo Nin Novoa ölkəsinin 2016-2017-ci illər üzrə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə namizəd olduğunu qeyd edərək, Azərbaycanın BMT TŞ-də 2012-2013-cü illərdə qeyri-daimi üzvlüyü zamanı əldə etdiyi təcrübəsinin Uraqvay ilə bölüşməsindən məmnunluq duyacaqlarını bildirdi.

Nazir Elmar Məmmədyarov Azərbaycanın xarici siyasətində Latın Amerikası ölkələri ilə əməkdaşlığa xüsusi əhəmiyyət verildiyini qeyd edərək, Azərbaycan və Uruqvay arasında əməkdaşlığın inkişafı üçün xüsusilə enerji və kənd təsərrüfatı sahələrində əlverişli imkanların olduğunu diqqətə çatdırdı. Uruqvaylı həmkarını Azərbaycana səfərə dəvət edən nazir, bunun ölkələrimiz arasında gələcək əməkdaşlıq üçün yaxşı imkan ola biləcəyini bildirdi. Uruqvaylı nazir dəvəti məmnuniyyətlə qəbul etdi. Görüşdə qarşılıqlı maraq kəsb edən məsələlər müzakirə olundu.

Albaniyanın xarici işlər naziri Ditmir Buşati ilə görüşdə iki ölkə arasında əlaqələrin inkişafından məmnunluq ifadə olunaraq, ikitərəfli və çoxtərəfli əsasda əməkdaşlıq məsələləri müzakirə edildi. Albaniyalı nazir ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanların mövcudluğunu qeyd edərək, xüsusilə enerji sahəsində strateji əməkdaşlıq üçün əlverişli şəraitin olduğunu bildirdi. İkitərəfli əlaqələrin inkişaf etdirilməsi baxımdan yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyəti qeyd olundu.

X X X

Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Məclisinin 70-ci sessiyasında iştirakı çərçivəsində 25 sentyabr 2015-ci il tarixində Amerika Yəhudi Komitəsinin icraçı direktoru David Harrisin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə Trend-ə Xarici İçlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Amerika Yəhudi Komitəsinin Azərbaycana səfərlərinin və ölkəmizlə yaxından tanışlığının, beynəlxalq tədbirlər çərçivəsində bu kimi görüşlərin və aparılan fikir mübadilələrinin təqdirəlayiq təcrübə olduğu qeyd edildi.

Azərbaycan haqqında həqiqətləri geniş ictimai dairələrə təqdim etməklə Amerika Yəhudi Komitəsinin Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatları və İsrail ilə ikitərəfli əlaqələrinin inkişafına töhfə verdiyi bildirildi.

David Harris Komitənin bu ilin yazında Azərbaycana məhsuldar səfərini xatırladaraq, gələn il də ölkəmizə belə bir səfərin həyata keçirilməsinin nəzərdə tutulduğunu qeyd etdi.

Görüşdə Azərbaycanın zəngin tolerantlıq və multikulturalizm ənənələrinin nümunəvi xarakter daşıdığı vurğulandı.

Elmar Məmmədyarov Komitənin nümayəndələrini Azərbaycanda görməkdən məmnun olacağımızı diqqətə çatdırdı.

Görüşdə həmçinin, Amerika Yəhudi Komitəsinin nümayəndələrinə Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi və Ermənistanın danışıqlarda qeyri-konstruktiv mövqeyi barədə məlumat verildi. Bildirildi ki, Ermənistanın Azərbaycana qarşı davam edən təcavüz və işğalı regional sülh və təhlükəsizlik üçün ən başlıca təhdiddir.

Daha sonra bir sira qarşılıqlı maraq doğuran məsələlər ətrafında ümumi fikir mübadiləsi aparıldı.

X X X

Xarici işlər naziri Elmar Məmmədyarov 25 sentyabr 2015-ci il tarixində BMT Baş Assambleyasının 67-ci sessiyasının prezidenti, Serbiyanın sabiq xarici işlər naziri, Beynəlxalq münasibətlər və davamlı inkişaf mərkəzinin prezidenti və "Horizons" jurnalının baş redaktoru Vuk Yeremiç ilə görüşüb. Bu barədə Trend-ə Xarici İçlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə qarşılıqlı maraq kəsb edən regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

// Aktual.az

Xəbər 732 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR