Eldar Mahmudov, “Günəşli” yatağında faciə...

Eldar Mahmudov, “Günəşli” yatağında faciə...

2015- ci il Azərbaycanın iqtisadi, siyasi, sosial həyatında baş vermiş bir sıra mühüm hadisələrlə yadda qalıb. Haradan başlayacağımı bilmirəm, bir neçə ilə sığdıra bilməyəcəyimiz bütün olaylar bu ilə təsadüf etdi. Ard-arda ölkədə baş verən yanğınlar dekabrda “Günəşli” yatağındakı dəhşətlə sona çatdı. Ölkənin ən böyük hadisələrindən hesab olunan devalvasiya təkcə Cahangir Hacıyevi deyil, eks MTN şefi Eldar Mahmudovu, daha sonra Əli Abbasovu da bitirdi.

Bu ilin ən xoş hadisələrindən biri isə ilk Avropa Oyunlarının Bakıda keçirilməsi idi.

“Qafqazinfo” ilin başa çatmasını nəzərə alaraq, sözügedən sahələrdə baş vermiş ən mühüm hadisələri oxucuların nəzərinə bir daha çatdırır.

5 fevral

Yeni ilin ilk islahatlarından biri kimi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edildi.

21 fevral

Bu tarixdə yaddaşlarda “şənbə vahiməsi” kimi qalan manatın devalvasiya hadisəsi baş verdi. Azərbaycan xalqı devalvasiya sözünün mahiyyəti ilə tanış oldu. Milli valyutamız dollar qarşısında birdən-birə 35 faiz dəyər itirdi. 1 dollar 1.05 həddinə çatdırıldı.

Təbii ki, bu hadisəni doğuran səbəb isə ilin əvvəllərindən etibarən neftin dünya bazarında qiymətinin tədricən düşməsi ilə bağlı idi. Azərbaycanın iqtisadi həyatına mənfi təsir göstərən faktor məhz bununla bağlı oldu. 2014-cu ildə “AzerLight” markalı neftin 1 bareli 114-110 dollara satılırdısa, indi 2015-ci ilin sonlarına yaxın bu rəqəm 37 dollardır.

19 mart

Azərbaycanın ən tanınmış və təcrübəli bankiri olan Beynəlxalq bankın İdarə Heyətinin sədri Cahangir Hacıyev gözlənilməz halda istefa verdi. O, 1995- ci ildən bu bankda işləməyə başlamışdı. 2011- ci ildən 2015- ci ilin martın 19- nə qədər bankın İdarə Heyətinin sədri vəzifəsində çalışıb.Dünyanın məşhur Forbes jurnalında dərc olunan məqalələrin birində C. Hacıyevi etimad göstərilən və islahatlar üzrə lider adlandırmışdılar və sözügedən istefadan sonra bir sıra media orqanları onun daha yüksək posta Mərkəzi Bankın rəhbərliyinə gətiriləcəyini iddia edirdilər.

10 Aprel

Cəmiyyət ilk dəfə bu tarixdə penoplastların nə qədər təhlükəli olduğunu gördü. Belə ki, Xətai rayonu Zığ şossesində 9 mərtəbəli binada penoplastların alışması nəticəsində güclü yanğın baş verdi. Nəticədə binaya kütləvi zərər dəydi, sakinlər binadan çıxarıldı. Uzun müddətli təmir prosesindən sonra onlar öz evlərinə qayıda bildilər.

23 aprel

Müsavat başqanının həbsdə olan müavini Tofiq Yaqublunun qızı gənc fəal Nərgiz Yaqublu faciəvi şəkildə vəfat etdi. Hamilə olan Nərgiz bir neçə gün komada qalsa da, sonda övladı xilas olundu. O isə 26 yaşında dünyasını dəyişdi. Bu faciə isə ölkənin ictimai sektorunda böyük təəssüflə qarşılanan bir hadisə oldu.

Mayın əvvəlləri

Beynəlxalq Bankdan milyardlarla manat vəsaitin kreditlər yolu ilə mənimsənilməsi işi üzrə kütləvi həbslər prosesinə start verildi

16 may

Məhz devalvasiyadan sonra banka dollarla borcu olan vətəndaşlar bu tarixdə Konstitusiya Məhkəməsinin onların xeyrinə qərar çıxarmadığının şahidi oldular. Belə desək, 3 aydan sonra verilən qərar gözləyənləri məyus etdi. Dollar kreditləri günün məzənnnəsi ilə qaytarılmalıdır.

19 May

Bu dəhşətli gün isə uzun illər yaddaşlardan silinməyəcək. Yenə də penoplast səbəbindən Binəqədidə 16 mərtəbəli binada güclü yanğın baş vermişdi. Bu isə penoplast səbəbindən ölümlə nəticələnən ilk hadisə idi.Yanğında 14 nəfər həlak olub, 54 nəfər isə xəsarət alıb. Məhz bu hadisədən sonra paytaxtda penoplast örtüklü binaların üzlüklərinin sökülməsinə start verildi.

12-18 iyun

Dünyada ilk dəfə keçirilən Avropa Oyunlarının Bakıda təntənəli açılış mərasimi baş tutdu. İyunun 28-də isə 16 gün davam edən möhtəşəm oyunların bağlanış mərasimi keçirildi. Avropa Oyunlarında bir sıra ölkələrin dövlət başçıları və rəsmi şəxsləri iştirak etdilər.

8 avqust

“Qəbələ” futbol komandasının oyunçusu Cavid Hüseynovun qohumları tərəfindən döyüldüyü iddia edilən jurnalist Rasim Əliyev vəfat etdi. Jurnalistin döyülməsi məsələsi də Azərbaycan və dünya mediasında bir müddət müzakirə mövzusuna çevrildi. Nəticədə “Qəbələ”nin kapitanı Cavid Hüseynov jurnalistin ölümündə şübhəli bilinərək həbs edildi.

10 sentyabr

Avropa Parlamentinin Azərbaycana qarşı insan haqlarının pozulmasına dair qəbul etdiyi qətnamə sərt reaksiyalara səbəb oldu. Azərbaycan Avronest Parlament Assambleyasında fəaliyyətini dayandırdı.

17 oktyabr

Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun işdən çıxarılması isə ilin ən qalmaqallı kadr islahatı hadisəsidir. Məhz nazirin işdən çıxarılmasında sonra MTN ətrafında baş verən proseslər mətbuatın gündəmindəndən uzun müddət düşmədi. E. Mahmudov bu sahəyə 2004- cü ildən rəhbərlik edirdi. O, Azərbayacanın ən alçatmaz naziri idi.

1 noyabr

V çağırış Milli Məclisə seçkilər baş tutdu.

12 noyabr

MTN olayları ətrafında baş verən proseslərə görə, Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov işdən çıxarıldı. Ə. Abbasov da bu sahəyə 2004- cü ildən rəhbərlik edirdi.

16 noyabr

Azərbaycanı beş saat internetsiz qoyan hadisə isə bu tarixdə baş verdi. Azərbaycanın əsas internet provayderi olan “Delta Telecom” da baş verən yanğının da MTN hadisələri ilə bağlı olduğu açıqlandı.

17 noyabr

Sülh və Demokratiya İnstitutunun əməkdaşı Arif Yunus həbsdən çıxdı. O 2014- cü ilin avqustun 5-də həbs edilmişdi.

26 noyabr

Bir neçə həftə gündəmdən düşməyən Nardaran hadisələrinin baş verdiyi tarix. Həmin gün bir qrup dindarla polis arasında ölümlə nəticələnən qanlı olay baş verdi. Nəticədə ikisi polis olmaqla, 6 nəfər dünyasını dəyişdi.

4 dekabr

“Günəşli” yatağında qaz sızması nəticəsində baş verən yanğın yaşatdığı faciələr isə bu ilin sonunda baş verən ən dəhşətli olay kimi tarixə düşdü. Platformada olan 63 nəfərdən 26 nəfərin cəsədi bu günə qədər hələ də tapılmayıb. Yanğın nəticəsində cəsədləri tapılan 7 nəfər isə dəfn olunub. 33 nəfər neftçi isə xilas edilib.

 5 dekabr

Hamınının gözlədiyi həbs xəbəri dəqiqləşdi. “Beynəlxalq bank” hadisələrinə görə bankın İdarə Heyətinin sədri Cahangir Hacıyev həbs edildi.

9 dekabr

Sülh və Demokartiya İnstitunun direktoru Leyla Yunus həbsdən azad edildi. Xatırladaq ki, L. Yunus 2014- cü il iyulun 30-da həbs edilmişdi. Onun həbsi 2014- cü ilin ən qalmaqallı həbs hadisələrindən biri kimi qiymətləndirilə bilər.

14 dekabr

Bu tarixdə isə mühüm islahat baş verdi. Milli Təhlükəsizlik Nazirliyinin adı dəyişdirilərək Dövlət Təhlüksəziliyi Xidməti adlandırıldı. Xarici Kəşfiyyat Xidməti adlı yeni qurum yaradıldı.

Bu ilin daha böyük bir hadisəsinin baş verəcəyini söyləmək olar, məlumatlara görə, yaxın günlərdə Azərbaycanda böyük əfv proqnozlaşdırılır. Bununla da adları beynəlxalq təşkilatlar tərəfindən siyasi məhbus siyahısına salınan şəxslərin böyük bir hissəsinin azad olunacağı gözlənilir. Ümid edək ki, 2015-ci il məhz bu müsbət hadisə ilə başa çatacaq...

// Aktual.az

Xəbər 13559 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR