İlin əvvəlindən iyunun sonuna qədər Azərbaycanda ölkədaxili nağdsız ödənişlərin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 14,5 % artıb.
Aktual.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, cari ilin iyun ayında ödəniş kartları vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 9 milyard 902 milyon manat olub.
Bu məbləğin 8 milyard 575 milyon manatı elektron ticarətin payına düşüb. Qalan vəsaitin 1 milyard 325 milyon manatı POS-terminallar, 2,5 milyon manatı isə özünəxidmət terminalları və bankomatlar vasitəsilə həyata keçirilən əməliyyatlardan formalaşıb.
Mərkəzi Bankın məlumatına görə, ilin əvvəlindən ödəniş kartları ilə aparılan nağdsız ölkədaxili əməliyyatlar bütün ölkədaxili kart əməliyyatlarının 69,8 faizini təşkil edib.
Hesabat dövründə ödəniş infrastrukturu da genişlənib. Belə ki, ötən ilin iyun ayının sonu ilə müqayisədə bankomatların sayı 4,4 %, POS-terminalların sayı isə 16,9 % artıb.
Mərkəzi Bank qeyd edir ki, banklar və "Azərpoçt" MMC-nin ödəniş xidməti şəbəkələri üzrə artım dinamikası ölkədə nağdsız ödənişlərin genişlənməsini dəstəkləyən əsas amillərdən biri olaraq qalır.
Xəbər 54 dəfə oxunub.