Ədalətin təntənəsi - İbrahim Rüstəmli yazır

Ədalətin təntənəsi - İbrahim Rüstəmli yazır

Prezident İlham Əliyevin ərazi bütövlüyümüz uğrunda həlak olmuş, itkin düşmüş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı imzaladığı fərman hər şeydən əvvəl Ali Baş Komandan kimi tabeçiliyindəki hərbi qulluqçulara göstərdiyi diqqət və qayğının əsgəri nümunəsi, indiyədək ordu quruculuğu sahəsində atılan mühüm addımların davamıdır.

Bu kimi yanaşmaların, xüsusilə, ekstrimal şəraitlə, mürəkkəb və gərgin vəziyyətlərlə xarakterizə olunan ordu müstəvisində müəyyənedici əhəmiyyət daşıması məsələnin maddi yükündən çox, mənəvi tərəfini önə çəkir və bir sıra həyati əhəmiyyətli məqamlara aydınlıq gətirir.

Yəni, ilk növbədə döyüşən əsgərin etimadını qazanmaq, əgər bir tərəfdən daim onun yanında, səngərdə olmaq deməkdirsə, digər tərəfdən ölkənin milli maraqlarının qorunmasına, ərazi bütövlüyünün təminatına, suverenlik və müstəqillik kimi starteji dəyərlərə verilən önəmdir.

Bu, həm də yürüdülən dövlət siyasətinin ana xətti haqqında dolğun təəssürat yaradan, gələcək prioritetlərin müəyyənləşdirilməsində müstəsna əhəmiyyət daşıyan, ordu və dövlət, ordu və xalq birliyini şərtləndirən mühüm sənəddir; əhəmiyyəti indiyədək müvafiq sahədə rastlaşdığımız çeşid-çeşid problemlərin kökündən həlli ilə məhdudlaşmır.

Uzun illərdir öz həyatında müharibə faciəsini yaşayan, sağalmayan yaraları ilə baş-başa qalan minlərlə insan zaman-zaman məmur özbaşınalığı ilə üzləşdikcə, ölkədəki münasibətlər sistemi də kökündən zədələnirdi. Məhkəmə qərarları və onların icrasındakı aşkar ləngimələr isə bu münasibətlərin hüquqi bazasına sarsıdıcı zərbələr endirir, əhalidə qanunların aliliyinə olan inamı azaldırdı.

Bu mənada fərmanın yeni prezidentlik dövründə ilk sənəd kimi imzalanması və tarixə düşməsi təsadüfi xarakter daşımır. İndi o, ölkə Prezidenti və Ali Baş Komandan kimi fövqəladə statusları az qala eyni məxrəcdə birləşdirən, bununla da, siyasi iradəni əsgəri fədakarlıqla cilalayan mühüm vəhdət rolunu oynayır; bəzi məqamlarda məmur etinasızlığı ilə yadda qalan problemlərin qarşısına sədd çəkir; səlahiyyət sahiblərinə öz həddini və vəzifə borclarını tanıdır, nəhayət, Silahlı Qüvvələrimizin nüfuz dairəsini daha da genişləndirir…

Fərmanın hərbi vətənpərvərlik tərbiyəsi işində müstəsna rol oynayacağı danılmazdır. Çünki tətbiq sahəsinə görə cəmiyyətin mühüm qismini özündə ehtiva edir. Bu mənada xüsusilə yeni yetişən gənc nəslin ordu ilə bağlı düşüncələrində əhəmiyyətli təsirlərilə yadda qalacaq. Silahlı Qüvvələrimizin vətənə, xalqa və dövlətə sədaqətli hərbi qulluqçularla komplektləşdirilməsinə təkan verəcək, müdafiə qüdrətimizin etibarlı özüllər üzərində qurulmasına əsaslı zəmin yaradacaq.

Məqsəd ərazi bütövlüyümüzün təmin olunması, suverenliyimizin bərpası kimi strateji hədəflərdir. Bu hədəflər həm də yad tapdağı altında qalmış torpaqlarımızı və o torpaqlar uğrunda öz həyatını qurban verənlərin, itkin düşənlərin haqqını qaytarmaq üçündür. Xüsusilə məzarsız qəhrəmanlarımızın ana südü kimi halal haqqını…

İbrahim RÜSTƏMLİ,

Ehtiyatda olan polkovnik-leytenant,

əməkdar jurnalist

Xəbər 2933 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR