Dolların bahalaşması 10 il davam edəcək - ​Proqnoz

Dolların bahalaşması 10 il davam edəcək - ​Proqnoz

Son günlər dünya bazarında dollar əsas rəqibi olan avro ilə müqayisədə möhkəmlənib. Dünən, iyulun 15-də ABŞ Federal Ehtiyat Sisteminin (FES) rəhbəri Canet Yellen uçot dərəcəsinin artıq 2015-ci ildə artırılacağını bildirib. Bu açıqlamadan sonra dollar bir çox valyutalara qarşı güclənib. Belə ki, dolların məzənnəsi 1,10 USD/EUR səviyyəsindən 1,0910 USD/EUR-ya qədər artıb.

Aktual.az Report-a istinadən xəbər verir ki, dünən baş verən daha bir mühüm hadisə Yunanıstanda yaşanıb. Yunan parlamenti avropalı kreditorların islahat şərtlərini qəbul edib. Bununla Yunanıstan maliyyə böhranından qurtulmuş sayılsa da, bu xəbər avronun məzənnəsinə ciddi dəstək verə bilməyib.

"Report"un analitik qrupu qeyd edir ki, FES-in faiz artırmasının təhlili zamanı maraqlı məqamlar ortaya çıxır: "Belə görünür ki, FES uçot dərəcəsini yavaş-yavaş və uzun müddət ərzində artıracaq. Qeyd etmək lazımdır ki, uçot dərəcəsinin artırılmasına ən həssas olan istiqraz bazarı və istiqrazların qiymətindəki dəyişikliklərdir. Hazırda ABŞ istiqraz bazarında federal maliyyə fondlarının müddətli (futures) faizləri 2016-cı il üçün 1,4%-ə yüksəlib. Yəni, istiqraz bazarı FES rəhbərinin uçot dərəcəsinin mərhələli şəkildə və bir neçə il ərzində artırılması fikri ilə razılaşıb. FES üzvləri dünən, 2016-cı ilin iyun ayı üçün daha öncə ehtimal etdikləri federal fond faizlərinin orta səviyyəsini 1,875%-dən 1,625%-ə endirib".

"Report"un ekspertləri hesab edirlər ki, faizlərin FES tərəfindən mərhələli artırılması inkişaf etməkdə olan ölkələr üçün uzunmüddətli likvidlik problemi yaradacaq: "Çünki likvid vəsaitlər ABŞ istiqrazlarına investisiya etməyə meyilli olacaq. İndidən bu prosesi artıq müşahidə edirik. Neftin ucuz olması ABŞ-da inflyasiyanın hədəf səviyyə olan 2%-ə çatmayacağını göstərir. Faizlər isə indidən artmağa başlayıb. Bu tendensiya ABŞ-dan başqa bütün ölkələrə mənfi təsir edəcək".

"FES-in faiz artırma prosesinin ən azı 10 il davam etməsi gözlənilir. Yaxın 3 ildə faizlər 2%-ə, sonrakı 4 ildə 4,5%-ə, daha sonra isə 6%-ə qədər yüksələcəyini ehtimal edirik. Nəticədə, dolların artıq 2016-cı ildə avro ilə paritetə, növbəti 10 il ərzində isə mərhələli şəkildə 0,80 səviyyəsinə qədər güclənməsini proqnozlaşdırırıq", - deyə analitiklər qeyd edib.

"Report"un ekspertləri əmindirlər ki, dolların güclənməsi neft və qızılın qiymətinə də təsirsiz ötüşməyəcək. Neftin qiymətinin yaxın 10 il ərzində 30-70 dollar/barel, qızılın isə 700 dollar/unsiyaya qədər enməsi ehtimal olunur: "Likvidlik problemi səbəbindən dünyada yüksək faiz səviyyəsi mərhələsinə qədəm qoymağımız isə qaçılmaz bir nəticədir".

 
Xəbər 672 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR