2027-2028-ci illər ərzində Azərbaycanın dağ-mədən (metal filizləri) sənayesi üzrə geoloji məlumatların rəqəmsallaşdırılması nəzərdə tutulur.
Aktual.az xəbər verir ki, bu "Azərbaycan Respublikasında dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı”nda öz əksini tapıb.
Sənədə əsasən, layihənin əsas icraçısı olan Ekologiya və Təbii Sərvətlər Nazirliyi digər icraçı qurumlar – İqtisadiyyat Nazirliyi, "AzerGold” QSC və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə 2027–2028-ci illərdə dağ-mədən (metal filizləri) sənayesi üzrə geoloji məlumatların rəqəmsallaşdırılmasını həyata keçirəcək.
İlkin mərhələdə Dövlət Geoloji İnformasiya Fondunda mövcud məlumatların inventarlaşdırılması, rəqəmsallaşdırılacaq məlumatların prioritetləşdirilməsi və texniki tələblərin müəyyən edilməsi planlaşdırılır.
Daha sonra, prioritet geoloji məlumatların mərhələli şəkildə rəqəmsallaşdırılması, təsnifləşdirilməsi və vahid elektron geoloji informasiya ehtiyatında sistemləşdirilməsi nəzərdə tutulur.
Yekun nəticədə isə rəqəmsallaşdırılmış geoloji məlumatları əhatə edən vahid elektron geoloji informasiya ehtiyatının formalaşdırılması və istifadəyə verilməsi planlaşdırılır.
Xəbər 36 dəfə oxunub.