Cahangir ƏIiyev yenidən Türkiyəyə göndəriləcək

Cahangir ƏIiyev yenidən Türkiyəyə göndəriləcək

Əlillik təyinatı ilə bağlı gündəmə gələn qazi Cahangir ƏIiyev müalicə üçün yenidən Türkiyəyə göndəriləcək.

Bu barədə "Qafqazinfo”ya YAŞAT Fondundan bildirilib. Qeyd edilib ki, qazi Türkiyəyə onun həkiminin təyin etdiyi vaxtda göndəriləcək.

Məlumata əsasən, qazinin müalicəsinin davam etdirilməsi ölkə daxilində mümkün olmadığından Türkiyədəki xəstəxanalardan birinə göndərilib, 82 365 AZN (səksən iki min üç yüz altmış beş manat) dəyərindəki müalicə xərci Fond tərəfindən ödənilib: "Qazimiz 2021-ci il 31 iyul tarixində vətənə geri dönüb. Fond tərəfindən müayinə edilməsi məqsədilə həkimlərin rəyinə əsasən, vətənə qayıtdığı vaxtdan 4-6 ay sonra (həkiminin təyin etdiyi vaxtda) yenidən Türkiyə Respublikasına göndəriləcək. 

Eyni zamanda, Türkiyədə qazimizi müayinə edən həkimlər tərəfindən onun güclü reabilitasiya prosesinə cəlb olunmasının səhhətinə əks-təsir göstərə biləcəyi bildirilib, ona ev şəraitində də özünün edə biləcəyi yüngül hərəkətlər tövsiyə olunub. Buna baxmayaraq, ailəsinin istəyi üzrə 2021-ci ilin 9 sentyabr tarixində qazimizin müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi istiqaməti üzrə növbəti müraciəti qeydə alınıb, reabilitasiyaya cəlb olunması məqsədi ilə Azərbaycan Milli İdman Tibb və Reabilitasiya İnstitutuna yönləndirilib, anası adıçəkilən tibb müəssisəsinin uzaq məsafədə yerləşməsini əsas gətirərək imtina edib.

Qazimizin ailəsinin istəyi üzrə Sumqayıt şəhərində yerləşən Əlillərin Bərpa Mərkəzinə yönləndirilib, lakin anası reabilitasiya prosesinin evdə olmasını tələb edərək övladının müəssisəyə yönləndirilməsindən imtina edib. Aidiyyəti tibb müəssisəsi tərəfindən reabilitasiya prosesinin evdən aparılması mümkün olmadığı bildirildiyindən təəssüf ki, bu müraciətin təmin edilməsi mümkün olmayıb.

Daha sonra vətəndaş fikrini dəyişərək 14.09.2021-28.09.2021-ci il tarixi aralığında Sumqayıt şəhərində yerləşən Əlillərin Bərpa Mərkəzində tövsiyə olunduğu kimi yüngül formada reabilitasiya olunub”-deyə məlumatda bildirilir.

Fond həmçinin qazinin anası Sevda Əliyevanın oğlunun özəl hospitallardan birində reablitasiya olunması ilə bağlı müraciətinə də aydınlıq gətirib. Bildirilib ki, vətəndaşın ailə üzvü Fondun Çağrı mərkəzi ilə əlaqə saxlayaraq Cahangir Əliyevin hospitalda reabilitasiya olunması ilə bağlı köməklik göstərilməsini xahiş edib.  Türkiyədəki həkimlərinin rəyinə əsasən, yaralının güclü reabilitasiya keçməsinin təhlükəli olduğunu nəzərə alaraq o adıçəkilən tibb müəssisəsinə yönləndirilməyib: "Həmçinin yaralının müayinə və müalicə olunacağı tibb müəssisəsinin seçimi vətəndaş tərəfindən deyil, bu sahə üzrə səlahiyyətli olan müvafiq tibb müəssisələri və tibb heyəti ilə razılıq əsasında müəyyənləşdirilir".

Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə Vətən müharibəsində ağır yaralanaraq sağlamlığını itirən qazi Cahangir Əliyevə II qrup əlillik təyinatı ilə bağlı məlumatlar yayılmışdı. Daha sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məsələyə aydınlıq gətirərək C. Əliyevə müddətsiz I qrup əlillik təyin edildiyini açıqlamışdı. 

Bildirək ki, 21 yaşlı qazi Cahangir Əliyevin beyninin 70 faizinin zədələndiyi, demək olar ki, beyninin bir yarımkürəsinin olmadığı qeyd edilir. Müharibədə aldığı zədədən bədənində 250-yə yaxın tikiş var, gözünün biri tam görmür, o biri isə 5-10 faiz görür. Əl barmaqlarının birində 4, digərində isə 1 barmağı yoxdur. Danışığı, nitqi 99 faiz pozulan qazinin ayaqlarında da ciddi problemlər var və çəliksiz gəzə bilmir.
 
 
 
 


Xəbər 467 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR