İlkin Süleymanovun atası müraciət etdi: "Haqsızlığın ərşə çəkildiyi andır..."

İlkin Süleymanovun atası müraciət etdi:

Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın qətlində təqsirli bilinən İlkin Süleymanovun atası İbrahim Süleymanov Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevə, Daxili İşlər naziri Vilayət Eyvazova, Baş prokuror Kamran Əliyevə, Ədliyyə naziri Fikrət Məmmədova, Ali Məhkəmənin sədri Ramiz Rzayevə və Gəncə Ağır Cinayətlər Məhkəməsinin sədri Natiq Əlyevə müraciət edib.

Aktual.az xəbər verir ki, İbrahim Süleymanov həmin müraciətin bir nüsxəsini də Teleqraf.com-un redaksiyasına göndərib.
O, müraciətində qeyd edib ki, oğlu İlkin Süleymanov Tovuz rayon Dondar Quşçu kənd sakini, 11 yaşlı Nərmin Quliyevanın qətli ilə əlaqədar olaraq 6 yanvar 2020-ci ildə həbs olunub: "Lakin həbsin tarixi saxtalaşdırılaraq 10 yanvar 2020-ci il kimi göstərilib. Deməli, oğlum 6 yanvardan 10 yanvaradək, yəni 4 gün Tovuz rayon polis şöbəsində qanunsuz saxlanılıb”.

Şikayətçi qeyd edib ki, yanvarın 6-da onların evinin qarşısında yanan vəziyyətdə meyit aşkar olunub: "Həmin meyitin 47 gün əvvəl itkin düşmüş kənd sakini Nərmin Quliyevaya məxsus olduğu bildirilib. Bu meyiti ilk görən şəxs oğlum İlkin olub. Meyiti ilk görən şəxs kimi həmin gün oğlum İlkini Tovuz rayon polis şöbəsinə aparılıb. Orada 4 gün qanunsuz saxlanılaraq, dözülməz işgəncələr verilməklə bu qətli onun boynuna zorla qoyulub.
Bu cinayət işinin saxta olmasına və əsl cinayətkarları qorumaq məqsədi ilə oğlumun şərlənərək həbs olunmasına dair kifayət qədər faktlar var. Ötən 3 il müddətdə bu faktların bəzilərini sizin nəzərinizə çatdırmaq ücün bir çox məktublar yazmışam. Yazdığım faktlar, cinayət işində açıq-aşkar görünən saxtakarlıqların yalnız müəyyən bir hissəsidir. Amma çox təəssüf ki, bu məktublarım ünvanına çatdırılmır. Bu faktlar dolu məktublar cənab Prezidentə çatsaydı, ədalət öz yerini tapardı, oğlum azadlığa qovuşardı”.

İbrahim Süleymanov daha sonra qeyd edib ki, Bakıdan gəlmiş ekspertlər meyiti və hadisə yerini müayinə edərək, meyitin üzərində, hadisə yerində aşkar olunan bütün əşyaların foto-şəkilərini çəkib, protokallaşdıraraq götürüblər:
"Bundan sonra meyit morqa göndərilib, orda da meyitin üzərində olan yanmış paltarlar yenidən qeydə alınaraq çıxarılıb, foto-şəkilləri çəkilməklə götürülüb. Sonradan hadisə yerindən, meyitin üzərindən çıxmış həmin paltarlar və əşyalar qablaşdırılıb, möhürlənilib və müayinə üçün Bakıya ekspertiziyaya göndərilib.
İstintaq işi ilə tanış olanda müəyyən etdik ki, meyitin üzərindən çıxmış paltar kimi təqdim olunan və müayinəyə göndərilən paltarların arasında müəmmalı şəkildə "göy rəngli cins şalvar” peyda olub. Bu şalvar meyit tapılan zaman meyitin üzərində və ətrafında şəkilləri çəkilərək götürülən və siyahısı tutulan paltarların arasında yoxdur.

Valideyinlərin müstəntiqlərə verdiyi ifadələrində də göstərilib ki, Nərmin itən zaman onun əynində cins şalvar olmayıb. Görəsən, bu göy cins şalvar haradan və necə ortaya çıxıb? Nərminlə heç bir əlaqəsi olmayan, meyit tapılan zaman onun üzərində aşkarlanmamış bu "göy cins şalvar” kimin əli ilə və necə ekspertə göndərilən paltarların arasına qatılıb? Bu paltarı meyitin üzərindən çıxmış kimi təqdim etməyə çalışan şəxs birbaşa cinayətlə əlaqəsi olan şəxsdir. O, hər kimdirsə, istintaqa müdaxilə etmək imkanına sahibdir. Bunu inkar etmək mümkün deyil.

Onu da qeyd edim ki, Nərminlə və tapılmış meyitlə heç bir əlaqəsi olmayan bu "göy cins şalvar"ın üzərindən guya İlkinin gödəkcəsinin lifi aşkar edilib. Bu hal isə lifli materialların təqdiqatı zamanı baş vermiş saxtakarlığın təkzibolunmaz sübutudur. Bu, istintaqın birbaşa saxtakarlığını sübut edir”.
İlkin Süleymanovun atası qeyd edib ki, İlkin 6 yanvar 2020-ci ildə həbs olunduğu vaxtdan 2 gün sonra, yəni yanvarın 8-də polis kapitanı Vüqar Hüseynov onlara gəlib, İlkinin isti paltarlara ehtiyacının olduğunu bildirib: "Bu səbəbdən diğər oğlum Bəhruz Tovuz rayon bazarından bir dəst isti alt paltarları alaraq Tovuz rayon polis şöbəsinə aparıb, yeməklə bərabər növbətçiyə verib və onu həbsdə olan İlkinə çatdırılmasını xahiş edib. Bu faktı paltarı satan şəxs - Əliyev Müslüm Bayram oğlu məhkəmədə şahid kimi verdiyi ifadəsində də təsdiq edib.

Lifli materialların ekspertiza rəyində həmin isti alt şalvarın da üzərində Nərmin Quliyevaya məxsus paltarların liflərinin aşkar olunduğu qeyd olunub. Bu isti alt paltar bazardan alınanda Nərminin cəsədi 2 gün idi tapılmışdı, dəfn olunmuşdu və İlkin 2 gün idi həbs olunmuşdu. Necə ola bilər ki, meyit aşkar olunduqdan 2 gün sonra bazardan alınmış isti alt paltarın üzərindən Nərminin paltarına məxsus lif aşkar edilsin?”

İbrahim Süleymanovun sözlərinə görə, ittiham aktında qeyd edilir ki, guya oğlu mərhumun başında əmələ gələn xəsarətlərdən ətrafa qan axmasının qarşısını almaq məqsədi ilə evdə olan qırmızı rəngli yorğan üzünün bir hissəsini mərhumun baş nahiyəsinə qoyaraq qanın ətrafa yayılmasının qarşısını alıb, sonra isə meyiti evlərinin qabağına ataraq yandırıb:

"İttiham aktında yazılan bu fikirlər istintaq orqanının məhkəməyə təqdim etdiyi iş materialları ilə təsdiqini tapmır. Əksinə, işdə mövcud olan faktiki hallar bunların tamamilə yalan və saxta olduğunu sübut edir. Əgər bu hal itiham aktinda deyildiyi kimi olsaydı, yanmış vəziyyətdə tapılan meyitin saçlarının yanmadığını nəzərə alsaq, həmin qırmızı rəngli yorğan üzü mərhumun başında mütləq aşkarlanmalı idi. Ancaq nə meyitin hadisə yerində, nə də morqda müayinəsi zamanı, nə meyitdən, nə də hadisə yerindən belə bir qırmızı parça aşkarlanaraq götürülməyib”.

Şikayətçi qeyd edib ki, sadaladığı faktlar cinayət işinin saxta olmasına kifayət qədər əsaslar yaradır: "Bu saxtakarlıqlar cinayət işində hər addımbaşı aydın şəkildə sezilir. Bu haqsızlığın ərşə çəkilməsi anıdı”.

İttihama görə, 2019-cu il noyabrın 19-da itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci ilin yanvarın 6-da kənd ərazisində aşkar edilib.

Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.
İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.
İstintaq-əməliyyat qrupu tərəfindən İ.Süleymanovun yaşadığı evin həyətinə giriş qapısının və həyətə döşənmiş süni daş örtüyünün üzərindən, N.Quliyevanın saxlanıldığı otaqda olan çarpayının örtüyü və pərdənin üzərindən qanabənzər ləkələr, eləcə də iş üçün əhəmiyyət kəsb edən digər əşyalar maddi sübut kimi götürülüb.

İlkin Süleymanov şübhəli şəxs qismində müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli tam etiraf edib.
İstintaq orqanı tərəfindən İlkin Süleymanovun barəsində Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə), 144.3 (adam oğurluğu), 145.3-cü (qanunsuz azadlıqdan məhrum etmə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.

Hazırda bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə baxılır.

Məhkəmə prosesi yanvarın 11-də keçiriləcək.






Xəbər 747 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR