Balıqçılıq məhsullarının yeni satış qaydası müəyyənləşir

Balıqçılıq məhsullarının yeni satış qaydası müəyyənləşir

Balıqçılıq, qida təhlükəsizliyi və damazlıq heyvandarlıq sahələri üzrə normativ hüquqi aktların tələblərinə cavab verən balıqçılıq obyektləri ticarət dövriyyəsinə daxil edilə bilər.

Aktual.az xəbər verir ki, bu, Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Balıqçılıq haqqında” yeni qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, balıq məhsulları "Qida təhlükəsizliyi haqqında” qanuna uyğun olaraq qablaşdırılır və etiketlənir. Balıq məhsulları ticarət dövriyyəsinə daxil edilən zaman "Baytarlıq haqqında” qanuna uyğun olaraq baytarlıq sənədləri ilə müşayiət edilir. Balıqçılıq subyektləri tərəfindən balıq ovu və ya akvakultura fəaliyyəti nəticəsində əldə edilən balıq və digər su bioresursları ticarət dövriyyəsinə daxil edilməsi üçün onların mənşəyi, cinsi, növü, partiya miqdarı və partiya çəkisi, orta ölçüləri barədə məlumatlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə daxil edilir.
Balıq və digər su bioresurslarının ticarət dövriyyəsinə daxil edilməsi üçün informasiya sisteminə daxil edilən məlumatlar əsasında balıq və digər su bioresurslarının növ və həcminə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum), satılan məhsulun minimum keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi ilə bağlı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə əməl olunmasına isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən nəzarət həyata keçirilir. Ticarət dövriyyəsinə daxil edilmiş balıqçılıq obyektlərinin satışı "Qida təhlükəsizliyi haqqında” qanuna uyğun olaraq, Qida Təhlükəsizliyi Reyestrinə daxil edilmiş kənd təsərrüfatı məhsullarının satış yerlərində, o cümlədən müvafiq avadanlıqlarla təchiz edilmiş bazar, yarmarka, mağaza və xüsusi ayrılmış digər yerlərdə həyata keçirilir. İxtisaslaşmış bazarların təşkili üçün torpaq sahələrinin ayrılması "Torpaq icarəsi haqqında” qanuna uyğun olaraq həyata keçirilir. İxtisaslaşdırılmış bazarların yerləşmə sxemi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
Layihəyə görə, balıq məhsullarının idxal və ixracı "Qida təhlükəsizliyi haqqında” qanunda nəzərdə tutulmuş qaydada (dondurulmuş və soyudulmuş balıq və digər su bioresurslarının ixracına münasibətdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi nəzərə alınmaqla) həyata keçirilir. Balıq və digər su bioresurslarının, balıq körpələrinin və inkubasiya edilən kürülərin idxalı və ixracı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi nəzərə alınmaqla həyata keçirilir. Ölkə ərazisinə idxal edilən və ölkə ərazisindən ixrac edilən törədici balıq və digər su bioresurslarının, balıq körpələrinin və inkubasiya edilən kürülərin damazlıq xüsusiyyətləri müvafiq icra hakimiyyət orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

Qeyd edilib ki, balıq məhsullarının ticarət dövriyyəsinə daxil edilməsi prosesində şəffaflığın və nəzarətin artırılması məqsədilə məhsulların mənşəyi, növü, həcmi və digər göstəricilər üzrə məlumatların elektron sistemlərdə qeydiyyata alınması və izlənməsi mexanizmi müəyyən olunur ki, bu da həm qida təhlükəsizliyinin təmin edilməsinə, həm də bazar münasibətlərinin tənzimlənməsinə xidmət edir.
Xəbər 37 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR