Kanada və Lüksemburqun Baş nazirləri - Mark Karni və Lük Friden NATO-nun (Şimali Atlantika Alyansı) öz bankının yaradılması təklifi ilə çıxış ediblər.
Aktual.az xəbər verir ki, bu barədə "Financial Times" siyasətçilərə istinadən məqalə dərc edib.
Karni və Fridenin bildirdiyinə görə, NATO-nun yalnız hərbi imkanlarının gücləndirilməsi kifayət deyil, bu, maliyyə və iqtisadi güclə də dəstəklənməlidir.
"Kapitalı səfərbər etmək qabiliyyətimiz silahlı qüvvələrimiz qədər etibarlı olmalıdır. Həll yolu cəsarətli çoxtərəfli qərardır: Müdafiə, Təhlükəsizlik və Dayanıqlılıq Bankının (DSRB) yaradılması", - deyə onlar fikirlərini izah ediblər.
Alyansın hərbi gücünün genişləndirilməsi planları müttəfiq dövlətlərdən hər il əlavə olaraq 850 milyard avro tələb edir. Baş nazirlərin fikrincə, bu məsrəflər ölkənin digər prioritet investisiya sahələrinin hesabına baş verə bilməz.
Məlumata görə, NATO bankının digər maliyyə təşkilatları - Dünya Bankı və ya Avropa Yenidənqurma və İnkişaf Bankı nümunəsində yaradılması təklif olunur.
Mexanizm olduqca sadədir: NATO ölkələri həm ödənilən, həm də geri çağırıla bilən kapital təqdim edəcəklər. Ödənilən kapital üzvlükdən dərhal sonra köçürülərək bankın operativ likvidliyini təmin edəcək. Bu vəsaitlər alyansın müdafiə xərcləri üzrə ÜDM-nin 5 faizi olan hədəf göstəricisi daxilində hesablanacaq. Geri çağırıla bilən kapital isə AAA səviyyəsində bankın reytinqini təmin etmək üçün zəruri olan zəmanətlər formasında olacaq. Bu, hökumətlərin zərurət yaranacağı təqdirdə banka verdiyi suveren vəddir.
"NATO Bankı öz növbəsində hərbi sənayeni, dronların hazırlanması üzrə startapları və digər hərbi ehtiyacları maliyyələşdirəcək özəl maliyyə qurumlarına kreditlər üzrə zəmanətlər verəcək. Hazırda bununla bağlı problem var. Hökumətlər tərəfindən verilən siqnallara baxmayaraq, kapitalın idarə edilməsi qaydaları müdafiə ekosisteminin özəl banklardan lazımi həcmdə maliyyələşmə əldə etməsinə mane olur. Artan tələbat məhdud təkliflə üzləşir, qiymətlər artır, bu da bütün səylərimizi heçə endirir. Bank yalnız NATO-ya üzv ölkələrdə qeydiyyatdan keçmiş şirkətlərə kredit verəcək" - deyə Karni və Friden qeyd ediblər.
Karni və Fridenin fikrincə, NATO bankı bir il ərzində yaradıla bilər. Kanada və Lüksemburq onun təşkilində yardım etməyə hazırdır. Təşəbbüsün iyulun 7-8-də Ankarada keçiriləcək NATO sammitində nəzərdən keçirilməsi planlaşdırılır. Müttəfiqlərə bankın rəhbərliyinin seçilməsi və onun fəaliyyət normalarının hazırlanması məsələsini düşünmək təklif olunur.
Karni və Friden "maliyyə təminatlarını təhlükəsizlik təminatına, kapitalı isə çəkindirici gücə çevirmək" çağırışı ediblər:
"Biz hesab edirik ki, bankın yaradılması NATO tərəfdaşlığında transatlantik münasibətlərin yeni erasını açan daha bir mühüm mərhələ olacaq".
Layihənin həyata keçirilməsi üçün bloka daxil olan bütün dövlətlərin ortaq razılığı tələb olunur. Alyans daxilindəki mövcud fikir ayrılıqları və əksər dövlətlərin əlavə maliyyə yüklənmələrinə hazır olmaması səbəbindən təşkilatın öz bankını qurması fikri güclü etirazlarla qarşılaşa bilər. (oxu.az)
Xəbər 53 dəfə oxunub.