Azərbaycanda sel-daşqın hadisələrinin sayı 10-15 dəfə artıb

Azərbaycanda sel-daşqın hadisələrinin sayı 10-15 dəfə artıb

"Əvvəllər ölkə ərazisində sel-daşqın hadisələri ildə təxminən 10-20 dəfə müşahidə olunurdusa, son illərdə bu göstərici təxminən 10-15 dəfə artıb”.

Aktual.az xəbər verir ki, bunu "Bakı İqlim Həftəsi 2026” (BCAW 2026) çərçivəsində keçirilən "Süni intellektin çoxsaylı təhlükələrə qarşı erkən xəbərdarlıq sistemlərinə inteqrasiyasının üstünlükləri və çağırışları” mövzusunda paneldə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinin birinci müavini Xəyyam Məmmədov deyib.

O bildirib ki, bu göstəricilər artıq yalnız infrastrukturun inkişafı və hadisələrə operativ reaksiyanın kifayət etmədiyini göstərir və daha proaktiv yanaşmaya keçidi tələb edir.

"Biz atmosferdə və çay hövzələrində baş verən prosesləri real vaxt rejimində izləməli, növbəti mərhələdə nə baş verəcəyini əvvəlcədən proqnozlaşdırmalı və mümkün təhlükələri əvvəlcədən müəyyən etməklə zəruri qabaqlayıcı tədbirlər görməliyik. Məhz bu baxımdan rəqəmsal texnologiyalar, erkən xəbərdarlıq sistemləri və süni intellektin inteqrasiyası mühüm rol oynaya bilər.

Hazırda ölkə üzrə çaylarda su axınlarının qiymətləndirilməsi məqsədilə 84 hidroloji məntəqə fəaliyyət göstərir. Onlardan 40-da avtomatlaşdırılmış ölçü cihazlarından, 44-də isə ənənəvi tamasalardan istifadə olunur.

"Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair Milli Strategiya” çərçivəsində əsas məqsədimiz sözügedən müşahidə şəbəkəsini genişləndirmək, daha da modernləşdirmək və çevik, dəqiq və operativ məlumat bazası formalaşdırmaqdır.

Bu addımlar çaylarda su sərfinin və su səviyyəsinin proqnozlaşdırılmasına, daşqın və quraqlıq risklərinin daha erkən müəyyən edilməsinə, riskli ərazilərin aşkarlanmasına və mümkün təsir zonalarının əvvəlcədən qiymətləndirilməsinə imkan verə bilər.

Növbəti mərhələdə isə süni intellektin dəstəyi ilə tarixi hidroloji məlumatların, meteoroloji müşahidələrin, peyk məlumatlarının, CİS xəritələrinin və iqlim ssenarilərinin təhlili iqlim risklərini erkən mərhələdə müəyyən etməyə imkan verə bilər”, – deyə X.Məmmədov əlavə edib.
Xəbər 45 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR