Azərbaycana qarşı aparılan kampaniyadakı 3 əsas maraq TƏHLİL

Azərbaycana qarşı aparılan kampaniyadakı 3 əsas maraq  TƏHLİL

Yunanıstanın Bakıdakı səfirinin ölkəsinin Xarici İşlər Nazirliyinə ötürdüyü dezinformasiya xarakterli məktub, Avropa İttifaqı və onun Bakıdakı ofisi ayrı-ayrı ölkələrin rəhbərliyinə və Azərbaycandakı səfirliklərinə müraciətlər edərək, onları l Avropa Oyunlarının açılış mərasimində iştirakdan çəkindirməyə çalışması, Avropa Parlamentində müzakirə, sosial şəbəkələrdə boykot çağırışları, saxta profillər vasitəsilə anti-Azərbaycan təbliğatının tirajlanması... Gözlənilən proses artıq başlayıb, Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı təbliğat prosesi yeni mərhələyə qədəm qoyub. Prosesin detalları məlumdur, “nə üçün” sualını cavablandırmağa isə yenə də ehtiyac yaranır. 

Azərbaycana qarşı kampaniyanın əsas səbəbi var: Avropa Oyunları ölkəmizə təkcə iqtisadi deyil, həm də böyük siyasi dividentlər qazandıracaq. Qərbdəki anti-Azərbaycan dairələri Avropa Oyunlarının ölkəmizə gətirəcəyi siyasi dividentlərin mahiyyətini hətta orta statistik azərbaycanlıdan belə yaxşı anlayır. Ən böyük siyasi divident isə sözsüz ki, Qərb mediası tərəfindən davamlı və məqsədli şəkildə Azərbaycan haqqında formalaşdırılan mənfi imicin darmadağın edilməsi olacaq. Avropa Oyunları yüzdən çox ölkəyə yayımlanacaq, avropalılar Azərbaycanın iqtisadi inkişafı, mədəniyyəti, təbiəti, insanları ilə canlı olaraq tanış olmaq imkanı qazanacaq, Qərb mediasının formalaşdırdığı imicin reallıqlarla 180 dərəcə zidd olduğunu görəcəklər. Ən əsası isə Avropa Oyunlarından sonra Azərbaycan haqqında orta statistik avropalının şüurunda mənfi obraz formalaşdırmaq Qərb mediası üçün çox çətin olacaq. Başqa sözlə desək, Bakıda keçiriləcək Avropa Oyunları Qərbin maraqlı dairələrinin böyük büdcəyə malik siyasi layihələrindən birinin iflasa uğraması deməkdir. Oyunlar ərəfəsində Azərbaycana qarşı total kampaniyanın başlaması Qərb üçün həm də bu layihəni xilas etmək məqsədi daşıyır. Bu kampaniya anti-Azərbaycan dairələri üçün son şans olduğundan prosesə sosial şəbəkələrdən diplomatik dairələrə, QHT-lərdən siyasi institutlara kimi bütün resurslar cəlb olunub. Avropa Oyunlarına 10 gün qalmış sosial şəbəkələrdə boykot çağırışlarına başlanması, ABŞ-la bağlılığı olan yerli KİV-lərin və siyasi partiyaların bu çağırışları tirajlaması, Qərbin bəzi siyasi dairələrinin Azərbaycan əleyhinə bəyanatları bu prosesin tərkib hissəsidir. Zatən, bu, gözlənilən idi, Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı aparılacaq təbliğat işinin planı ən kiçik detallarına kimi APA informasiya agentliyi tərəfindən açıqlanmışdı.

Səbəb nədir? Azərbaycan haqqında mənfi obraz yaratmaq, mediada “demokratik dəyərlərdən uzaq Şərq ölkəsi” imici formalaşdırmaq Qərbin maraqlı dairələrinə niyə lazımdır? Yaxud bu məsələ niyə Qərb üçün son dərəcə önəm kəsb etməyə başlayıb? Bu suallara elə sualla cavab vermək olar - Qərbin bəzi dairələri nə üçün Azərbaycana qarşı kampaniya aparmağa əvvəllər ehtiyac durmurdu, məhz son iki ildə bu prosesi intensivləşdirib?

Dəyişən Qərbin, özəlliklə Avropanın bəzi dairələrinin siyasi maraqlarıdır. Azərbaycanın yürütdüyü balanslaşdırılmış xarici siyasət Qərbin Rusiya, Cənubi Qafqaz və İran strategiyası ilə üst-üstə düşmür. Çoxvektorlu xarici siyasi kurs Azərbaycana həm İran, həm Rusiya, həm də Avropa ilə eyni dərəcədə münasibət qurmaq imkanı verir. Birləşmiş Ştatların nüvə proqramı səbəbilə İranla, Ukrayna məsələsi ilə əlaqədar Rusiya ilə ciddi problemləri var, hər iki ölkəyə qarşı rəsmi və qeyri-rəsmi koalisiya formalaşdıraraq sanksiyalar tətbiq edir. Lakin bütün cəhdlərə rəğmən Azərbaycan bu koalisiyalarda təmsil olunmur. Əksinə həm İran, həm Rusiya ilə iqtisadi-ticarət münasibətlərinin genişlənməsi bu iki ölkəyə tətbiq olunan sanksiyaların effektini azaldır.

Birqütblü dünya düzəni qurmaq istəyən Birləşmiş Ştatların nəzərində bu, yolverilməzdir. Qərb yaxşı anlayır ki, Azərbaycanın İran və Rusiyaya qarşı koalisiyalara aktiv cəlb olunması bu iki ölkəyə təzyiqləri daha effektli edər. Amma hesablamadıqları bir məqam var - Azərbaycan öz xarici siyasətini müstəqil şəkildə müəyyənləşdirir və bunu edərkən Qərbin, Rusiyanın, İranın, ya başqa bir dövlətin maraqlarını deyil, öz maraqlarını əsas götürür. Qərblə Azərbaycanın baxışlarında uyğun gəlməyən əsas məqam budur, Qərb reallıqlarla barışmaq əvəzinə problemə “böyük güc-kiçik güc” prizmasından yanaşır və Azərbaycan basqı üçün hər fürsətdən istifadə edir.

Artıq müasir dünyada müharibələr silahla deyil, beyinlərlə, informasiya ilə aparılır. Hər bir dövlətin əsas missiyalarından biri özü, siyasəti, mədəniyyəti, tarixi haqqında dünyada pozitiv fikir formalaşdırmaqdır. Bu amil ölkənin həm xarici siyasi maraqlarının təmin olunmasında, həm iqtisadi gəlirlərinin artmasında mühüm, hətta bir nömrəli rol oynayır. Xarici sərmayədarlar bir ölkənin iqtisadiyyatına sərmayə yatırmazdan öncə riskləri hesablayır. Risklər hesablanan zaman layihənin iqtisadi gəlirliliyindən başqa ölkədə sabitlik faktoru, tolerantlıq amili, savadlılıq səviyyəsi, tarix, etnoqrafiya, mədəniyyət kimi məsələlər mütləq nəzərə alınır. Bu səbəbdən hər ölkə dünyada özünün təbliğatını aparır, bu işə külli miqdarda vəsait xərclənir. Düşmən, yaxud rəqib dövlətlərin bir-biri ilə mübarizəsində əsas siyasi alətlərdən biri rəqib dövlətin apardığı təbliğat prosesini heçə endirmək, imicinə ləkə yaxmaqdır. Avropa Oyunları kimi kütləvi idman tədbirləri Azərbaycan haqqında dünyada obyektiv fikir formalaşdırmaq üçün gözəl fürsətdir. Uzun illər Azərbaycanın lap elə Avropada apardığı təbliğat işini heç endirməyə çalışan qüvvələr var, indi də siyasi və iqtisadi maraq dairələrinin təsirində olan həmin qüvvələr ölkənin Avropa Oyunlarından qazanacağı təbliğat üstünlüyünü azaltmağa çalışırlar.

Üçüncü bir səbəb isə konkret dövlətlərin Azərbaycana qarşı kampaniyada sırf öz iqtisadi maraqlarını təmin etmək üçün yer almasıdır. Yunanıstanın Azərbaycandakı səfiri Dimitris Sunqasın bu ölkənin Xarici İşlər Nazirliyinə dezinformasiya ötürərək prezidenti Prokopis Pavlopulosu Avropa Oyunlarının açılış mərasiminə gəlməkdən çəkindirməyə çalışması iqtisadi faktorla bağlıdır. Yunanıstan ağır iqtisadi böhran yaşayır və böhrandan çıxış yolunu ölkənin ilk növbədə enerji sektorunda özəlləşdirmə aparmaqda görür. Azərbaycan da bu prosesdə iştirak edir və SOCAR 2013-cü ilin dekabrında Yunanıstanın qaz operatoru DESFA-nın səhmlərinin 66 faizinin (400 milyon avro dəyərində) əldə edilməsi üzrə tenderin qalibi olub. Lakin sonradan ölkədə baş verən siyasi dəyişikliklər və iqtisadi böhran səbəbilə DESFA-nın SOCAR tərəfindən özəlləşdirilməsinə süni əngəllər yaradılıb. Yunanıstan tərəfi DESFA-nın satışı zamanı əvvəlki şərtlərdən imtina edir və Azərbaycandan daha çox pul almaq istəyir. Azərbaycan isə haqlı olaraq tenderin şərtlərinin yerinə yetirilməsini tələb edir. Yunanıstan öz maraqlarını təmin etmək üçün əlində olan çox az sayda təzyiq imkanlarından Azərbaycana qarşı istifadə etməyə çalışır ki, bunlardan biri də yuxarıda qeyd olunan üsuldur – Azərbaycanın Avropa Oyunlarından əldə edəcəyi siyasi dividentləri azaltmaq. Maraqlı məqam odur ki, Avropa İttifaqı ilə ciddi problemlər yaşayan, Avropaya arxa çevirən, Avropanı mühacir ordusu ilə boğmaqla hədələyən Yunanıstan Azərbaycana qarşı kampaniyada Avropa İttifaqının yanında yer alır, Avropa İttifaqına “sizinlə düşmən deyil, dostam” mesajı vermək üçün Azərbaycan faktorundan istifadə edir. Göründüyü kimi, məsələ heç də bəzi dairələrin qeyd etdiyi kimi “Azərbaycanda demokratik dəyərlərin olmamasında” deyil, Yunanıstanın öz qaz operatorunu Azərbaycana daha baha qiymətə satmaq istəməsindədir.

Göründüyü kimi, Azərbaycana qarşı davam etdirilən kampaniyanın səbəbləri müxtəlif, istifadə olunan üsullar fərqlidir. Kampaniyanın effektsiz olacağını indidən söyləmək olar, çünki Avropa Oyunları yaxınlaşma sürəti ilə bu yarışlara qarşı təbliğatın effektinin azalması sürəti eynidir...(APA Analitik Mərkəzi)

Aktual.az

Xəbər 1463 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR