Azərbaycanın praqmatik xarici siyasət kursu dünya ölkələri ilə milli maraqlara söykənən əməkdaşlığın genişlənməsinə, qarşılıqlı etimadın möhkəmlənməsinə və dövlətlərarası münasibətlərin bərabərhüquqlu prinsiplər əsasında inkişafına xidmət edir. Qoşulmama Hərəkatında Azərbaycanın fəaliyyəti suverenliyə hörmət, ədalət meyarları və beynəlxalq hüququn prinsiplərinə əsaslanan əməkdaşlıq xəttinin göstəricisidir.
Birmənalı şəkildə demək olar ki, dünya ölkələri Azərbaycanla əməkdaşlığın inkişafında maraqlıdır. Çünki dövlətimizin sözü də, imzası da etibarlıdır! İmzalanan sənədlərə sədaqət, üzərinə götürülən öhdəliklərin yerinə yetirilməsi və tərəfdaşlıq münasibətlərinə məsuliyyətli yanaşma ölkəmizin beynəlxalq nüfuzunu müəyyən edən başlıca amillərdəndir.
Kamboca Krallığının Baş naziri Hun Manetin ölkəmizə səfəri, keçirilən görüşlər və imzalanan sənədlər Azərbaycanla Kamboca arasında əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanların mövcudluğunu nümayiş etdirdi.
Bu fikirləri Milli Məclisin deputatı Rəşad Mahmudov deyib. O bildirib ki, bu səfər dövlətlərarası münasibətlərin qarşılıqlı hörmət, etimad və ortaq maraqlar əsasında inkişafına verilən əhəmiyyətin ifadəsi kimi yadda qaldı.
Prezident İlham Əliyev beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycanla Kamboca arasında fəal əməkdaşlığın mövcudluğunu qeyd edərək BMT, Qoşulmama Hərəkatı və AQEM çərçivəsində siyasi əlaqələrin inkişaf etdiyini bildirdi.
Dövlət başçısı ikitərəfli təmasların intensivləşdirilməsinin, ticarət və investisiya əlaqələrinin genişləndirilməsinin, təhsil, turizm və nəqliyyat sahələrində əməkdaşlığın inkişafının vacibliyini söylədi. Parlamentlərarası əlaqələrə toxunan Prezident hər iki ölkənin parlamentlərində dostluq qruplarının fəaliyyət göstərdiyini və Kambocanın dəstəyi ilə Azərbaycan parlamentinin ASEAN Parlamentlərarası Assambleyasında müşahidəçi statusu əldə etdiyini diqqətə çatdırdı. Prezident iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün mövcud imkanların hərtərəfli araşdırılmasının və qarşılıqlı sərmayə qoyuluşunun təşviqinin vacibliyini də vurğuladı. "ASAN” xidmət modelinə Kambocada göstərilən maraq Azərbaycanın dövlət idarəçiliyi sahəsində təcrübəsinin beynəlxalq səviyyədə öyrənilməsinə və tətbiqinə şərait yaradır. Dövlət başçısının mina problemi, sülh və təhlükəsizlik məsələlərinə dair fikirləri beynəlxalq hüquqa, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmətin regional və qlobal əməkdaşlığın əsas şərtlərindən biri olduğunu nümayiş etdirən mühüm mesaj oldu.
Deputat yekunda bildirib ki, ölkəmiz qlobal əməkdaşlıqda dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə daim hörmətlə yanaşıb. Kamboca Krallığı ilə münasibətlərdə də Azərbaycan bu prinsiplərə sadiqliyini qoruyur. Ali qonağın da vurğuladığı kimi Kambocanın və Azərbaycanın ikitərəfli əməkdaşlığı gücləndirmək əzmi çoxtərəfli müstəvidə qarşılıqlı fəaliyyətimizin inkişafına da töhfə verəcəkdir. Beləliklə, bu səfərin Azərbaycan və Kamboca arasında əməkdaşlığın daha da güclənməsinə yeni imkanlar açacağı şübhə doğurmur.
Xəbər 80 dəfə oxunub.