Vəhşilik və barbarlıq mənəvi tənəzzülün, mərhəmət hissinin yoxluğunun və insan eybəcərliyinin ən ağır növüdür. Bədnam qonşularımız 1993-cü il iyulun 23-də Ağdam rayonunun ərazisinin 73 faizini işğal etməklə misli görünməmiş vəhşiliklərə, dağıntılara və talanlara yol verməklə öz xislətlərini bir daha nümayiş etdirdilər. Gözəl evləri, abad yolları, füsunkar təbiəti ilə seçilən, vaxtilə həyatın qaynayıb-daşdığı Ağdamı talana və dağıntıya məruz qoyaraq onu müasir dövrün Xirosimasına bənzər xarabalığa çevirdilər. "Ruhlar şəhəri”ni dağıtmaqla onun tarixini, mədəni irsini, əsrlərin yadigarına çevrilmiş memarlıq nümunələrini və bütöv bir nəslin xatirələrini də hədəfə aldılar. Ağdamın xarabalıqları işğalın törətdiyi faciənin, dağıdılmış talelərin və doğma yurda qayıtmaq həsrəti ilə yaşayan insanların ağrısının acı mənzərəsinə çevrildi.
BMT Təhlükəsizlik Şurasının müvafiq qətnaməsi ilə işğalçı qüvvələrin Ağdam rayonu və Azərbaycanın digər işğal olunmuş ərazilərindən dərhal çıxarılması tələb olunsa da Ermənistan tərəfi beynəlxalq hüququn norma və prinsiplərinə, eləcə də qəbul edilmiş qərarlara məhəl qoymadı. Ermənistan Cenevrə konvensiyalarından irəli gələn öhdəliklərini kobud şəkildə pozaraq Ağdam rayonunda coğrafi adların dəyişdirilməsinə, mülkiyyətin talan edilməsinə və digər qanunsuz əməllərə əl atdı. Bunun nəticəsində Ağdamın dinc əhalisi doğma yurdlarından didərgin salındı, rayonun tarixi, mədəni və sosial irsinə ağır zərbə vuruldu, şəhər və kəndlər genişmiqyaslı dağıntılara məruz qaldı.
Bütün bunların fonunda Azərbaycan dövləti humanizm prinsiplərini rəhbər tutaraq bölgədə qan tökülməsinin qarşısını almağa yönəlmiş siyasət yürüdür, münaqişənin sülh yolu ilə həlli üçün danışıqlar prosesində iştirak edirdi. Lakin Ermənistanın uzun müddət konstruktiv mövqe nümayiş etdirməməsi, ölkəmizin ərazi bütövlüyünə qarşı yeni iddialarla çıxış etməsi və təmas xəttində davamlı gərginlik yaratması vəziyyəti daha da mürəkkəbləşdirdi. Ermənistan silahlı qüvvələrinin cəbhə boyunca hərbi təxribatlara əl atması Azərbaycan Ordusunun cavab tədbirləri görməsini zəruri etdi və nəticədə uzun illərdən bəri davam edən münaqişə genişmiqyaslı müharibəyə çevrildi. Beləliklə, 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusu keçilməz hesab edilən erməni müdafiə istehkamlarını darmadağın edərək tarixi Zəfərə imza atdı və Ermənistanı kapitulyasiya aktını imzalamağa məcbur etdi.
Prezident İlham Əliyevin rəhbərliyi altında ordumuz düşmənə tarixin ən ağır məğlubiyyətini yaşatdı. İlham Əliyev Prezident, Ali Baş Komandan və diplomat kimi öz liderlik keyfiyyətlərini müharibənin bütün istiqamətlərində nümayiş etdirdi. Onun siyasi uzaqgörənliyi, hərbi strategiyası və diplomatik məharəti düşmənin məğlubiyyətini qaçılmaz etdi. Ermənistan Azərbaycan Ordusunun qarşısında diz çökərək kapitulyasiyaya məcbur oldu. Məhz bu məğlubiyyətin nəticəsi olaraq Ağdam, Kəlbəcər və Laçın rayonlarının Azərbaycana qaytarılması təmin edildi. Heç bir güllə atılmadan Ağdamın azad edilməsi qələbəmizin təsdiqi, Prezident İlham Əliyevin dövlətçilik tariximizdəki liderlik rolunun dünyaya nümayişi oldu. Ölkə başçısı Azərbaycan hərb tarixinin birinci sərkərdəsi kimi həm savaş meydanında, həm də diplomatiya masasında nümayiş etdirdiyi misilsiz liderlik keyfiyyətləri ilə tarixə özünəməxsus qəhrəmanlıq salnaməsi yazan fenomenal dövlət xadimi kimi daxil oldu.
Bu tarixi uğurun nəticəsi kimi 2020-ci il noyabrın 20-də Ağdam rayonunun işğal altında olan əraziləri Azərbaycana təhvil verildi və "Ruhlar şəhəri” işğaldan azad olundu. Dağıdılmış, talan edilmiş Ağdam məqsədli şəkildə minalarla çirkləndirilmiş, şəhərin gələcək inkişafı üçün ciddi maneələr yaradılmışdı. Vaxtilə həyatın qaynayıb-qarışdığı şəhər xarabalığa çevrilmiş, tarixi tikililər, yaşayış evləri və sosial infrastruktur yerlə-yeksan edilmişdi.
Prezident İlham Əliyevin qətiyyəti ilə azad olunan Ağdam qısa zaman ərzində eyni siyasi iradə və dövlətçilik əzmi ilə geniş quruculuq meydanına çevrildi. Şəhərin yenidən qurulması, tarixi simasının bərpası və müasir infrastrukturunun yaradılması Ağdamın gələcəyinə hesablanmış ardıcıl dövlət siyasətinin nəticəsi oldu.
Qısa zaman ərzində Ağdamın yenidən dirçəldilməsi prosesinə başlanıldı. Şəhərdə iqtisadiyyatın bərpası və sənaye potensialının inkişafı istiqamətində genişmiqyaslı quruculuq işləri həyata keçirildi. 2021-ci ildə yaradılan Ağdam Sənaye Parkında yeni müəssisələr fəaliyyətə başladı, investisiya layihələri reallaşdırıldı. Müasir Dəmir Yolu və Avtovağzal Kompleksi, Muğam Mərkəzi istifadəyə verildi, şəhər və kəndlərdə məskunlaşma prosesi sürətləndi. Bölgənin turizm imkanlarının genişləndirilməsi məqsədilə hotel və mehmanxana kompleksləri yaradıldı. Bütün bunlar Ağdamın iqtisadi, sosial və mədəni həyatının yenidən qurulmasına təkan verdi.
Bunun nəticəsi olaraq "Böyük Qayıdış” proqramı çərçivəsində ağdamlıların doğma torpaqlarına təhlükəsiz qayıdışı təmin edildi, uzun illər davam edən yurd həsrətinə son qoyulması istiqamətində mühüm addımlar atıldı.
Prezident İlham Əliyevin liderliyi ilə Ağdamın dirçəlişi, "Böyük Qayıdış” proqramı çərçivəsində soydaşlarımızın doğma yurda qovuşaraq yaşadığı sevinc dövlət başçısının qətiyyətli siyasətinin və tarixi missiyasının təntənəsidir. Onun rəhbərliyi ilə Ağdamın xarabalıqlardan müasir şəhərə çevrilməsi Azərbaycan dövlətçilik tarixinin yeni səhifəsidir. Bu səhifənin memarı isə Müzəffər Ali Baş Komandandır!
Rəşad Mahmudov,
Milli Məclisin deputatı,
YAP İdarə Heyətinin üzvü
Xəbər 75 dəfə oxunub.