Azərbaycan və Türkmənistan arasında münasibətlər möhkəm
tarixi təmələ, ortaq kökə və mədəniyyətə, yaxın qonşuluq prinsiplərinə əsaslanır.
Əsrlərin sınağından çıxmış qardaşlıq münasibətləri son illərdə yeni mərhələyə
daxil olub, siyasi, diplomatik, iqtisadi-ticari, mədəni-humanitar və digər sahələrdə
sıx münasibətlər qurulub.
Prezident İlham Əliyevin Türkmənistana səfərləri, eləcə
də, Türkmənistandan ölkəmizə ali səviyyəli səfərlər, imzalanmış sənədlər əməkdaşlığın
yeni istiqamətlərdə inkişafına güclü siyasi-hüquqi və iqtisadi zəmin yaradıb, qarşılıqlı
etimadı ən yüksək səviyyəyə çatdırıb.
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun iyunun
22–23-də Azərbaycana dövlət səfəri isə əməkdaşlığın
müasir gündəliyinə uyğun nəzərdə tutulan prioritetləri həyata keçirmək baxımından mühüm əhəmiyyət kəsb etdi. Dövlət
başçıları arasında keçirilən geniş tərkibli görüşdə və mətbuata bəyanatlarda səsləndirilən fikirlərdən
də aydın olur ki, tərəflər qarşılıqlı fəaliyyəti daha da irəliyə aparmaqda qətidirlər.
Hər iki ölkə regional və qlobal məsələlərdə ümumi
maraqlara söykənən mövqeyə sadiqdir, BMT, İqtisadi Əməkdaşlıq Təşkilatı, İslam
Əməkdaşlıq Təşkilatı, habelə Azərbaycan + Mərkəzi Asiya formatı çərçivəsində həmrəylik
nümayiş etdirirlər. Sərdar Berdiməhəmmədovun vurğuladığı kimi, Azərbaycan Türkmənistanın
neytral xarici siyasətinə, sülh və davamlı inkişaf naminə irəli sürdüyü beynəlxalq
təşəbbüslərə göstərdiyi dəstəyi həmişə yüksək qiymətləndirib, eyni zamanda,
Türkmənistan da Azərbaycanın beynəlxalq əhəmiyyətli təşəbbüslərini tam dəstəkləyir.
Hazırda qarşıda qlobal gündəlikdə olan məsələlər
sırasında ön planda yer alan nəqliyyat və enerji təhlükəsizliyinin
dayanıqlılığı və inteqrasiya prosesləri Azərbaycan və Türkmənistan üçün daha
strateji əhəmiyyət daşıyır. Rəsmi Aşqabad və Bakı regionun geoiqtisadi mənzərəsini
dəyişən mühüm nəqliyyat-enerji-kommunikasiya layihələrində fəal yer almaqla regional
və qlobal inkişafa dərin töhfələr verirlər.
Nəqliyyat-tranzit sahəsində hər iki ölkənin əlverişli
coğrafi mövqeyi beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı üçün yeni tələbləri
meydana çıxarır. Türkmənistan-Azərbaycan Nəqliyyat, Tranzit və Logistika
Komissiyasının fəaliyyəti bu istiqamətdə mühüm platforma kimi çıxış edir. Eləcə
də, Orta Dəhlizin və logistika infrastrukturlarının, limanların əlaqəli fəaliyyətinin
genişləndirilməsi, kommunikasiyaların vahid zəncirdə birləşdirilməsi birgə
koordinasiyanı daha da aktuallaşır.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Avrasiya
qitəsində geosiyasi proseslərin müsbət inkişafı bir çox hallarda bu sahələrdə
sıx qarşılıqlı fəaliyyətdən asılı olacaq. Bu konteksdən yanaşdıqda, qeyd edilən
strateji layihələr, həmçinin Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə
nəqliyyat dəhlizi, Türkmənistan-Azərbaycan-Gürcüstan-Rumıniya marşrutu üzrə Xəzər
dənizi-Qara dəniz nəqliyyat dəhlizinin yaradılması, eləcə də, Azərbaycanın Mərkəzi
Asiya Dövlət Başçılarının Məşvərət Şurasına tamhüquqlu üzv qəbul edilməsi Bakı
və Aşqabadın geostrateji nüfuzunu daha da möhkəmləndirib, çoxtərəfli formatda
qarşılıqlı fəaliyyətinə əlavə güc qatıb.
Azərbaycan-Türkmənistan münasibətləri həm də Xəzərin
statusu müəyyənləşdikdən sonra yeni mərhələyə qədəm qoyub. Xəzər dənizi ilə
bağlı əməkdaşlıq təhlükəsizlik, iqtisadiyyat, ekologiya və ətraf mühitin
mühafizəsi sahələrində birgə fəaliyyəti təmin etməklə bərabər, enerji həmrəyliyini
də genişləndirir.
Bir neçə il əvvəl Aşqabadda imzalanan "Azərbaycan
Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində
"Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və
mənimsənilməsi haqqında Anlaşma Memorandumu” Xəzərdə birgə əməkdaşlıq üçün uzunmüddətli
perspektivlər vəd edir. Yeri gəlmişkən, səfər çərçivəsində Azərbaycanın qardaş
Türkmənistana "Dostlug” adlı neftdaşıyan tanker hədiyyə etməsi bu sahədə əməkdaşlığın
uğurlu rəmzlərindən biri sayıla bilər.
Tərəflər iqtisadi-ticari əməkdaşlığı münasibətlərin əsas
istiqamətlərindən biri kimi dəyərləndirərək mövcud potensialın daha səmərəli
reallaşdırılması üçün İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın fəaliyyətinin
gücləndirilməsini vacib hesab edirlər. Kimya, tekstil sənayesi və digər sahələrdə
işbirliyinin inkişaf etdirilməsi üçün geniş imkanların səfərbər olunması nəzərdə
tutulur. Gələn ay Türkmənistanda keçiriləcək Komissiya həmin layihələrin
reallaşdırılması mərhələsinə keçidi təmin edəcək.
Türkmənistanın işğaldan azad edilmiş ərazilərdə aparılan
quruculuq işlərində Azərbaycanın yanında yer alması, xalqımıza hədiyyə olaraq Füzulidə
məscid inşa etməsi bu sarsılmaz qardaşlığın qürurverici nümunəsidir. Prezident
İlham Əliyevin xatırlatdığı kimi, bu, Türkmənistanın, onun Ümummilli Liderinin
və bütün qardaş Türkmənistan xalqının Azərbaycana səmimi, dost münasibətinin
daha bir göstəricisidir.
Ümumilikdə, Türkmənistan
Prezidentinin Azərbaycana səfəri, aparılan müzakirələr və imzalanan sənədlər ölkələrimiz
arasında dostluğun və əməkdaşlığın möhkəmləndirilməsində yeni mərhələ olmaqla, müəyyənləşdirilmiş
hədəflərə çatmaqda mühüm rol oynayacaq.
Ramid Namazov
Milli Məclisini
deputatı Xəbər 60 dəfə oxunub.