Portuqaliya millisinin dünyaca məşhur hücumçusu Kriştianu Ronaldunun bacısı Katya Aveyru DÇ-2026-nın ikinci turunda Özbəkistan üzərində qazanılan qələbədən (5:0) sonra sosial şəbəkələrdə təsirli bir paylaşım edib.
Aktual.az xəbər verir ki, Aveyrunun sözlərinə görə, Ronalduya qarşı yönəlmiş haqsız ittihamlar və sərt ifadələr səbəbindən futbolçu üçün ötən həftə olduqca çətin keçib.
"Bu, ağır bir həftə idi. Sanki alın təri, ağrı, intizam və izaholunmaz iradə ilə qurulmuş bir karyeranı yox etmək istəyirmişlər kimi haqsız tənqidlərlə, rəhmsiz sözlərlə dolu qaranlıq bir həftə oldu.
İncitməyə, ağrı verməyə və alçaltmağa çalışdılar. Kriştianu barədə elə danışmaq istəyirdilər ki, guya onun artıq yeri yoxdur, karyerasını bitirib, onun futbola, Portuqaliyaya və bütövlükdə dünyaya verdiyi hər şey bir anda unudula bilər.
Onun bir kişi, oğul, ata, qardaş və sadəcə bir insan olduğunu unutdular. Bu qədər vəhşiliyi və nankorluğu oxumaq, eşitmək iyrənc idi.
Lakin qardaşım bütün tənqidlərə həmişəki kimi meydanda cavab verdi: əzmlə, gözlərindəki qəzəblə, mübarizə üçün doğulmuş bir insanın gücü ilə, işdən heç vaxt qaçmayan, heç vaxt təslim olmayan bir döyüşçü ürəyi ilə. O, daima təzyiq altında olub və kənardan gələn səslərin onun kimliyini müəyyən etməsinə heç vaxt imkan verməyib.
Tənqid edə bilərlər, şübhə ilə yanaşa bilərlər, onu kiçiltməyə cəhd edə bilərlər, amma onun kim olduğunu - bir döyüşçü, lider, sədaqət, nizam-intizam və cəsarət nümunəsi olduğunu heç vaxt silə bilməyəcəklər.
Səninlə həmişə qürur duyuram, qardaşım, ölümə qədər! Çünki haradan gəldiyini bilirəm, buraya çatmaq üçün nələr uğrunda mübarizə apardığını, səni nələrin gözlədiyini çox yaxşı bilirəm", - deyə, o, sosial şəbəkədəki paylaşımında bildirib. (oxu.az)
Xəbər 58 dəfə oxunub.