Azərbaycan OPEC-in tədbirinə getməkdən imtina etdi

Azərbaycan OPEC-in tədbirinə getməkdən imtina etdi

Azərbaycan OPEC-in neftin qiymətinin müzakirə ediləcəyi tədbirinə getməkdən imtina edib.


Aktual.az-ın Anspress-ə istinadən məlumatına görə, bu barədə “Röyters” agentliyi xəbər yayıb.

Energetika Nazirliyinin mətbuat xidmətinin rəhbəri Zəminə Əliyeva agentliyə bildirib ki, Azərbaycan müşavirədə iştirak etmək istəmir: “Bizə OPEC-in dəvəti daxil olub. Lakin energetika naziri Natiq Əliyev bu tədbirdə iştirak etməyəcək”.

Qurumun rəsmisi Azərbaycan tərəfinin bu qərarının səbəbini izah etməyib.

OPEC-ə üzv olan və olmayan neft ixrac edən ölkələrin müşavirəsini çağırmaq təklifini təşkilatın baş katibi Abdalla əl-Badri irəli sürüb.

Oktyabrın 21-də keçiriləcək iclasın əsas məqsədlərindən biri neftin hasilatını azaltmaqla 70 dollara qaldırılması məsələsinin müzakirə edilməsidir.

Müzakirə olunacaq digər məsələ isə Venesuelanın neftin qiymətinin artırılmasına dair təklif etdiyi yeni strategiyası olacaq. Venesuela rəsmiləri bildirir ki, bu strategiya sayəsində neftin qiymətini 70 dollara qaldırmaq mümkündür.

Lakin nəinki OPEC-ə daxil olmayan, eləcə də təşkilata üzv olan ölkələrin əksəriyyəti qiymətlərin aşağı olmasına baxmayaraq hasilatı azaltmaq təkliflərinə müsbət yanaşmır.

Azərbaycanın dəvət olunduğu tədbirə getməməsi ölkəmizin də digər dövlətlərlə eyni fikirdə olduğunu ortaya çıxarır. Çünki hasilatın azaldılması Azərbaycanın neft satışına təsir edə bilər. Digər tərəfdən isə hasilat azalandan sonra onu yenidən bərpa etmək dövlətlər üçün böyük problemə çevrilir.

Elə bunu nəzərə alan Rusiya, Səudiyyə Ərəbistanı və İran kimi iri neft ixracatçıları müzakirələrə qatılsa da, hasilatı azaltmayacaqları barədə məlumat yayıblar.

Azərbaycanla yanaşı təşkilata daxil olmayan ölkələrdən Rusiya, Qazaxıstan , Braziliya, Kolumbiya , Meksika , Norveç və Oman da müşavirəyə dəvət edilib. Neft ixrac edən ölkələr birliyi (OPEK) 1960-cı ildə Səudiyyə Ərəbistanı, Venesuela, İran, İraq və Küveyt tərəfindən yaradılıb. OPEC yeni yarandığı dövrdə neft hasilatını azaldıb qiymətləri qaldırmağı bacarıb.

Hazırda 12 dövlət OPEC ətrafında birləşir. Sonrakı dövrdə təşkilata Qətər, Liviya, Birləşmiş Ərəb Əmirlikləri, Nigeriya, Əlcəzair , Anqola və Ekvador qoşulub.

Təşkilatın əsas məqsədlərindən biri neft qiymətlərinin sabit saxlanması olsa da hazırki dövrdə bunu bacara bilmir. Çünki təşkilata daxil olan ölkələrin əksəriyyəti Avropa və ABŞ-ın nüfuz dairəsində olan dövlətlərdir. Bu isə təşkilat dövlətlərinə neft qiymətlərini tənzimləməyə imkan vermir. Ümumilikdə isə son dövrlər OPEC dünya bazarında neft qiymətlərinin tənzimlənməsi məsələsinə qarışmırdı.

Elə bunun nəticəsidir ki, Rusiya ilə Qərb dövlətləri arasında baş verən münaqişə nəticəsində neftin qiyməti daha da düşdü. Çünki ABŞ şist ehtiyatından istifadə etməklə bazara çoxlu neft çıxardı. Digər tərəfdən isə OPEC-ə daxil olan ölkələrin bu məsələyə müdaxilə edə bilməməsi qiyməti daha da aşağı saldı.

Neft ixrac edən ölkələrdən biri kimi neftin qiymətinin düşməsi Azərbaycana da təsirsiz ötüşməyib. Bu isə Azərbaycanın gəlirlərinə birbaşa təsir edir.

Xəbər 592 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR