Avqust ayında səma həvəskarlarını bir-birindən maraqlı astronomik hadisələr gözləyir. Ay ərzində tam Günəş tutulması, Perseid meteor yağışı, Veneranın ən parlaq görünəcəyi günlər və qismən Ay tutulması baş verəcək.
Aktual.az xəbər verir ki, avqustun 12-də baş tutacaq tam Günəş tutulması Şimali Rusiya, Qrenlandiya, İslandiya, İspaniyanın şimalı və Portuqaliyanın kiçik bir hissəsindən tam şəkildə müşahidə ediləcək.
ABŞ-nin Alyaskadan Şimali Karolinaya qədər uzanan bəzi ərazilərində isə tutulma qismən görünəcək.
Mütəxəssislər Günəş tutulmasını izləyərkən yalnız sertifikatlaşdırılmış qoruyucu eynəklərdən istifadə etməyi tövsiyə edirlər. Xüsusi filtr olmadan Günəşə birbaşa baxmaq və ya teleskop, dürbün, kamera vasitəsilə müşahidə aparmaq gözlər üçün ciddi təhlükə yarada bilər.
Həmin gecə Perseid meteor yağışı da maksimum aktivlik mərhələsinə çatacaq. Ən əlverişli müşahidə vaxtı avqustun 12-si axşamından 13-ü səhər saatlarınadək olacaq. Yeni Ay fazası səbəbindən səmanın qaranlıq olması meteor yağışının daha aydın izlənilməsinə imkan verəcək.
Avqustun 14-16-da isə Venera ən böyük şərq uzanımına çatacaq. Planet gün batımından qısa müddət sonra qərb üfüqündə görünəcək və səmadakı ən parlaq obyektlərdən biri olacaq.
Ayın sonunda, avqustun 27-dən 28-nə keçən gecə qismən Ay tutulması baş verəcək. Tutulmanın maksimum mərhələsində Ayın diametrinin təxminən 93 faizi Yerin kölgəsində qalacaq. Ay tamamilə tutulmasa da, səthinin böyük hissəsi qaralacaq və mis rənginə çalan görüntü alacaq.
Qeyd edək ki, Ay tutulmasını izləmək üçün xüsusi qoruyucu vasitələrə ehtiyac yoxdur.
Xəbər 35 dəfə oxunub.